You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
“Qarabağ Dirçəliş Fondu” yaradılıb və onun 9 nəfərlik Müşahidə Şurası təyin edilib
Bazar ertəsi günü Azərbaycan Prezidenti İlham Əliyevin fərmanıyla "Qarabağ Dirçəliş Fondu" yaradılıb. Prezidentin başqa bir sərəncamı ilə ölkənin ictimai-siyasi və mədəni sahədə çalışan doqquz nəfər fondun Müşahidə Şurasına üzv təyin edilib.
Prezidentin saytının məlumatına görə, fond işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması üçün ölkə daxilində və xaricində sərmayələrin cəlb edilməsini təmin edəcək.
Fond publik hüquqi şəxs olacaq və onun fəaliyyətinə ümumi rəhbərliyi, nəzarəti Müşahidə Şurası həyata keçirəcək.
Prezidentin sərəncamıyla İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, Deputat Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Dillər və İqtisad universitetlərinin rektorları Kamal Abdulla və Ədalət Muradov və Xalq artisti Alim Qasımov Müşahidə Şurasının üzvləri təyin olunublar.
Prezidentin təyin etməsi ilə Müşahidə Şurasına rəhbərliyi sədr və onun iki müavini həyata keçirəcək. Hələ onların kimlər olacağı məlum deyil.
Fərmana görə, fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.
Prezident fərmanında göstərilib ki, fond dövlət qeydiyyatına alınanadək onun toplanılan vəsait Fondun xüsusi xəzinə və bank hesablarında toplana bilər.
Bundan başqa növbəti illərdə Fondun fəaliyyətinin təşkili və təmini üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində göstəriləcək.
Təqribən bir ay əvvəl Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralananların və həlak olanların ailələrinin təminatına dəstək üçün "YAŞAT" Fondu yaradılması barədə fərman imzalayıb.
ASAN xidmətə tabe olan "YAŞAT" fondunun idarəçiliyi isə Himayəçilik Şurasına verilib. İlham Əliyev həmin quruma da Azərbaycanın ictimai-siyasi və mədəniyyət sahəsində tanınmış 11 nəfər üzv təyin edib.