You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistanda məğlubiyyət ili - 2020-ci ilin əsas hadisələri
Video açılmırsa, YouTube-dan izləyin.
Öz yeni il müraciətində Ermənistan Baş naziri Nikol Paşinyan 2020-ci ilin ölkə üçün siyasi, sosial və psixoloji yüksəliş ili kimi tarixdə həkk olunacağını bəyan edirdi. O, canlı yayımda çıxışı üçün 37 metrlik Yeni il yolkası ucalan, bayram bəzəkləri ilə parlayan Respublika meydanını seçmişdi.
Bu günlər bu meydanda yüzlərlə Ermənistan vətəndaşı Qarabağ müharibəsində məğlubiyyətə görə Paşinyanı günahlandırır, onun istefasını tələb edir.
Bu il Ermənistan paytaxtının mərkəzi meydanında nə yeni il yolkası ucalır, nə də şəhər bəzənib. Burada hökumət binası ilə üzbəüz fasiləsiz tətilə qatılan etirazçılar çadırları və müntəzəm keçirilən mitinqləri üçün tribunalar qurulub.
Konstitusiya Məhkəməsində dəyişiklik
İl Paşinyan hökumətinin keçmiş hakimiyyətdən qalan son yüksək vəzifəli məmurdan azad olmaq cəhdləri ilə başladı. O, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan idi.
Onu qanuni yolla azad etmək üçün Konstitusiyada dəyişiklik edildi.
Əvvəlcə referendum təyin edildi, hakim fraksiya lehinə təbliğata başladı.
Lakin koronovirus pandemiyasına görə, bunu davam etdirmək mümkün olmadı, əvəzində konstitusiya dəyişikliyi haqqında qanun layihəsi Milli Məclisdə səsvermə nəticəsində qəbul olundu.
Müxalifətin boykotu iqtidar fraksiyasına mane ola bilmədi və iyunun 26-da qüvvəyə minən konstitusiya dəyişikliyinə əsasən, Konstitusiya Məhkəməsinin tərkibi yeniləndi, Hrayr Tovmasyan məhkəmənin sıravi üzvü oldu, sədr vəzifəsində onu Arman Dilanyan əvəz edir.
Covid - 19 epidemiyası
Ermənistanda Covid-19 epidemiyası martın 1-də İrandan gələn Ermənistan vətəndaşında müəyyən edilib.
Martın 16-da ölkədə fövqəladə vəziyyət elan edilib və bir neçə dəfə uzadılıb, karantin vəziyyəti indi də davam edir. Karantin rejiminin pozulması üçün 10 min dram (təxminən 20 dollar) cərimə olunur.
Xarici ölkə vətəndaşlarının Ermənistana quru sərhəddən daxil olmaq qadağası qüvvədə qalır.
Hava nəqliyyatı ilə ölkəyə gələnlərdə Covid-19 simptomu müəyyən edilərsə, ikihəftəlik özünütəcrid etməlidir.
Vətəndaşlar ölkə ərazisində tibbi maska taxmalıdır. İclas və mitinq, eləcə də 40 nəfərdən artıq olmamaq və epidemioloji-sanitar sanitar qaydaları və sosial məsafə tələblərinə əməl etmək şərtilə, tədbirlər keçirilməsinə icazə verilir.
İndiyədək covid 19 virusuna yoluxanların ümumi sayı 160 minə yaxınlaşır, onların təxminən 140 mini sağalıb. Epidemiya başlayandan bu günədək Covid-19-dan ölənlərin sayı 2800-ə çatıb.
24 aprel günü ilk dəfə kütləvi qeyd olunmadı
Koronavirus pandemiyasına görə, son 50 ildə ilk dəfə Yerevanda 1915-1916-cı il qurbanlarının ümummilli anım tədbiri 24 apreldə Xatirə Kompleksinə ziyarət keçirilməyib.
Həmin illərdə ermənilərin Osmanlı imperiyasında kütləvi öldürülməsini bəzi ölkələr "soyqırım" kimi tanıyıb.
Türkiyə həmin hadisələrin belə qələmə verilməsinə daim etiraz edir və deyir ki, qurbanlar bütün tərəflərdən olub.
Lakin karantin şəraitində başqa kütləvi tədbirlər keçirilib.
Aprelin 23-də axşam saat 9-da Ermənistan sakinləri öz mənzillərdə işıqları söndürüb, mobil telefonlarının işıqları ilə pəncərənin önündə 3 dəqiqəlik sükutla qurbanların xatirəsini yad ediblər.
Robert Koçaryan və başqalarının cinayət işləri
İyunun 18-də Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryan haqqında həbs qətimkan tədbirini girovla dəyişib və Koçaryan həbsdən azad edilib.
Müstəqil Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan 2008-ci il mart hadisələri ilə bağlı konstitusiya quruluşunu devirmək ittihamı ilə 2018-ci il iyul ayında həbs olunub.
2008-ci ildə o, prezident vəzifəsini qalib gəlmiş Serj Sarkisyana təhvil verməyə hazırlaşırdı.
Seçkilərin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyanın tərəfdarları etiraz aksiyalarını təşkil edir.
Hakimiyyət martın 1 və 2-nə keçən gecə etirazçıları dağıdır.
İğtişaşlar nəticəsində 10 nəfər həlak olur, 250-dən çox insan xəsarət alır.
Robert Koçaryan ona qarşı irəli sürülən ittihamları "əsassız siyasi təqib" hesab edir.
2016-cı il aprel müharibəsi üzrə parlament komissiyası işə başladı
Bu il 2016-cı ildə Qarabağ təmas xəttində dördgünlük müharibənin araşdırılması üzrə Ermənistan Parlamentində 3 il əvvəl yaradılan komissiya işə başlayıb.
O vaxtın hərbi sahədə səlahiyyətli şəxslərilə yanaşı, Silahlı Qüvvələrin Ali Baş Komandanı olan sabiq Ermənistan prezidenti Serj Sarkisyanı da ifadə vermək üçün Parlament Komissiyasına dəvət edilib.
Sarkisyan jurnalistlərə deyib ki, bütün suallara cavab verməyə hazırdır.
Parlament komissiyasının sədri Andranik Koçaryan jurnalistlərə deyib ki, Serj Sarkisyan 2016-cı il aprel müharibəsinə dair müəyyən qüsurlar olduğunu etiraf edib.
4 günlük müharibədə erməni tərəfi 100-dən çox insan itkisi verdiyini bildirib.
Şayiələr yayılmışdı ki, döyüşçülərin gülləsi azlıq edib, tanklar üçün dizel yanacağı çatışmayıb, hərbi rəhbərlik qarşı tərəfin hücuma hazırlaşdığı barədə məlumatlara operativ münasibət göstərməyib və sairə.
Azərbaycanla dövlət sərhədində iyul silahlı qarşıdurması
Paşinyanın 2018-ci ildə hakimiyyətə gəldiyi vaxtdan bəri Qarabağ təmas xəttində atəşkəsin pozulması hallarının nisbətən azalması müşahidə olunurdu.
İlk ciddi gərginlik iyul ayında və Dağlıq Qarabağdan təxminən 300 kilometr uzaqda - Ermənistanın Tavuş və Azərbaycanın Tovuz rayonlarının yerləşdiyi dövlət sərhədində qeyd olundu.
Silahlı qarşıdurma iyulun 12-si başlandı.
Bakı Ermənistanı Azərbaycan ərazilərini artilleriya atəşinə tutmaqda günahlandırdı, Yerevan bir qrup Azərbaycan əsgərlərinin dövlət sərhədini pozmağa cəhd etdiyini və bundan sonra artilleriya atəşinin başladığını bildirib.
Erməni tərəfin məlumatına görə, döyüşlərdə 4 hərbçi həlak olub, 2 polis, 20 hərbçi və 1 mülki sakin yaralanıb. Bundan başqa, 16 hərbçinin yüngül yaralandığı bildirilib.
İyulun 18-də daha bir 18 yaşlı əsgərin odlu silahla öldürüldüyü açıqlanıb.
Paşinyanın Şuşada "andiçmə mərasimində" iştirakı
Paşinyan hər iki sələfindən fərqli olaraq Qarabağda doğulmayıb, amma vəzifə başında onlardan tez-tez Dağlıq Qarabağa baş çəkirdi.
2020-ci ildə Nikol Paşinyanın Dağlıq Qarabağa səfərinin ən yadda qalanı mayın 21-də Şuşada tanınmamış "DQR prezidenti" Arayik Harutyunyanın "andiçmə mərasimində" iştirak etməsi olub.
Bu, 2019-cu il avqust ayında Dağlıq Qarabağda keçirilən Ümumerməni İdman Oyunlarının açılışı zamanı Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə!" ifadəsi kimi, ikinci Qarabağ müharibəsinin katalizatoru kimi səciyyələndirilir.
Bu tədbirin Şuşada keçirilməsi, Paşinyanın növbəti coşqun nitqi Azərbaycanda qəzəbli reaksiyalar doğurmuşdu.
Ermənistan mediasında isə ziyafətdə iştirak edən rəsmilərin karantin şərtlərinə məhəl qoymaması sosial şəbəkələrdə səs-küy yaratmışdı.
44 günlük müharibə
Sentyabr müharibəsinin başlanması haqqında ilk məlumat bazar günü, ayın 27-də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılıb. Bəyanatda həmin gün səhər saat 6 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Dağlıq Qarabağ cəbhəsinin bütün istiqamətlərində, ağır silahlardan istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və yaşayış məntəqələrinin intensiv atəşə tutulduğu bildirilir.
Ermənistan Müdafiə Nazirliyi əks tərəfin geniş miqyaslı hərbi əməliyyatlara başladığı, lakin hücum cəhdlərinin dəf edildiyini bildirib.
Cəbhədən şiddətli döyüşlər haqqında məlumatlar gəlirdi. Könüllülər və ehtiyatda olanlar siyahıya alınır və cəbhə xəttinə göndərilirdi.
Yerevanda hər yanda cəbhə üçün zəruri ərzaq, su, siqaret, isti paltar toplayan fəallara rast gəlmək olardı.
Hər axşam Müdafiə Nazirliyinin nümayəndəsinin brifinqi "qalib gələcəyik" iddiası ilə bitirdi.
Bu ifadəyə küçə lövhələrində və daha çox Facebook postlarında da rast gəlmək olardı.
Sonradan Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan informasiya mərkəzinin fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, düşməni azdırmaq üçün məlumat 30 faizədək yalan ola bilər. Lakin bu brifinqlərdə "yalan 100 faiz olub".
Azərbaycan qoşunlarının Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonları istiqamətində irəliləməsi haqqında xəbərlərə şərh olaraq Ermənistan Müdafiə Nazirliyi erməni qüvvələrin taktiki manevr etdiyi, qarşı tərəfi azdırmaq üçün müvəqqəti geri çəkildiyini deyirdi.
Noyabrın 8-də, Azərbaycan Prezidenti Şuşanın azad edildiyini elan edəndə, Ermənistan Müdafiə Nazirliyi Şuşa uğrunda döyüşlərin hələ davam etdiyini bildirirdi.
Sonrakı gün nazirliyin nümayəndəsi növbəti efirə çıxmadı.
Noyabrın 10-na keçən gecə isə Paşinyan xalqa müraciətində Azərbaycan və Rusiya prezidentləri ilə döyüşlərin dayandırılması haqqında bəyanat imzaladığını və bölgədə - Qarabağ və Laçın dəhlizində Rusiya sülhməramlı kontingentinin yerləşdiriləcəyini bildirdi.
Vətəndaşların əksəriyyəti üçün Paşinyanın bu razılaşma bəyanatı gözlənilməz idi.
Baş nazir isə bildirdi ki, qəbul etdiyi "son dərəcə ağır qərar", mümkün olan qərarlardan ən yaxşısıdır və bu, qələbə olmasa da, məğlubiyyət də deyil.
Lakin Ermənistanda bu, kapitulyasiya kimi qarşılandı. Və çoxları bunda məhz Paşinyanı günahlandırır.
O gecə bir neçə min insan hökumət binasına daxil olub, Baş nazir və nazirlərin kabinetlərini dağıdıb, sonra parlament binasına daxil olub, otaqlara ziyan vurub, Milli Məclisin sədrini döyüblər.
Onlar müharibə vaxtı əhaliyə yalan məlumat verildiyinə görə cavab tələb edirdilər.
Müxalif 16 siyasi partiyanın Paşinyanın istefası tələbi ilə mitinq, yürüş keçirməsi davam edir, onlar itaətsizlik aksiyaları təşkil edirlər.
Paşinyan razılaşmanı özbaşına imzalamadığını, hərbçilərdən aldığı məlumata əsasən qərar qəbul etdiyini deyib.
O, müxalif qüvvələrin tələbi ilə istefa vermək niyyətində deyil və yalnız xalqın iradəsi ilə vəzifəsini tərk edəcəyini bildirib.
Müxalifət Paşinyanın yerinə 73 yaşlı keçmiş Ermənistan baş naziri və bir müddət müdafiə naziri olmuş Vazgen Manukyan namizəd göstərilir. Bir ildən sonra isə yeni parlament seçkilərinin keçirilməsini tələb edilir.
Manukyan Paşinyanın səhv siyasəti və düşünülməmiş bəyanatları ucbatından Qarabağ üzrə danışıqlar prosesi dayandığını deyir. O, Paşinyanı hərbi rəhbərliyi nüfuzdan salmaqda, ordunun inkişafı üçün heç bir şey etməməkdə günahlandırır.
Manukyan hesab edir ki, müharibəni daha tez dayandırmaq və bir neçə min gəncin həyatını xilas etmək olardı.
Müdafiə Nazirliyi indiyədək 1853 nəfərin həlak olanların siyahısını dərc edib.
Səhiyyə Nazirliyi müharibə başlanandan bəri 3248 hərbçi meyitinin məhkəmə-tibb ekspertizası keçirildiyini bildirib.
Bundan başqa, müharibədən sonra Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə 1000-dən çox erməni hərbçilərin meyiti tapılıb.