You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qaxda 13 yaşlı qız cinsi zorakılığa məruz qalıb
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanda daha bir azyaşlı qızın zorlanmasına dair məlumatlar yayılıb.
Video açılmırsa, Youtube kanalımızda baxın.
Qaxın kəndlərindən birində 13 yaşlı qızın cinsi zorlamaya məruz qaldığını rayonun icra hakimiyyəti BBC Azərbaycancaya təsdiqləyib.
Qax İrca Hakimiyyətinin nümayənədi Nəsimi Raziyev BBC Azərbaycancaya deyib ki, azyaşlı qız hazırda ailəsinin yanında nəzarətdədir. Nəsimi Raziyev iddia edib ki, zorakılığa məruz qalmış qızın səhhəti normaldır və psixoloji vəziyyəti qaydasındadır. Ancaq BBC bu məlumatı ailə ilə dəqiqləşdirə bilməyib.
Qax icra hakimiyyəti deyir ki, məsələ ilə bağlı polis istintaq aparır və cinzi zorakılığı törətməkdə ittiham olunan iki nəfər polisin nəzarətindədir. İcra hakimiyyətinin nümayəndəsi zorlamanın bir qrup kişinin iştirakı ilə kütləvi şəkildə törədilməsinə dair yayılan iddialar həqiqət deyil.
Daxili İşlər Nazirliyi hadisənin istintaqı barədə BBC Azərbaycancanın suallarını cavablandırmayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BBC-yə bildirib ki, qurum aidiyyəti dövlət orqanlarına rəsmi müraciət ünvanlayıb.
Azərbaycanda azyaşlıların zorlanması hallarına dair vaxtaşırı yerli mediada məlumatlar yayılır.
"Ümidli Gələcək" İctimai birliyindən Kəmalə Aşumova BBC-yə deyib ki, 2025-ci ilin ilk 6 ayında Uşaq Qaynar Xətt xidmətinə zorakılıq faktlarıyla bağlı 334 müraciət daxil olub. Bu müraciətlərin 19-u cinsi zorakılıq barədə olub.
Bu ilin aprelində Yardımlıda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıqla bağlı dörd nəfərin həbs edildiyi xəbəri yayılıb.
Ondna əvvəl 2023-cü ildə Bərdədə başqa bir azyaşlının cinsi zorakılıqla üzləşdiyi barədə məlumat yayılıb.
2021-ci ildə BBC Azərbaycancanın müxbirləri Neftçalanın kəndində 3 ildir ki, zorlamaya məruz qaldığı iddia olunan 14 yaşlı qızın ailəsinə baş çəkmişdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu ilin ilk yarısında və 2024-cü ilki hesabatında ölkədə cinsi zorakılığa məruz qalan uşaqların sayı barədə statistika açıqlamayıb.
Ancaq qurumun rəhbəri Bahar Muradova 2023-cü ildə yerli mətbuata deyib ki, həmin ilin 10 ayında Komitəyə uşaqlara cinsi zorakılıqla bağlı 15 müraciət daxil olub.