You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Kimsə özünü toxunulmaz hesab etməsin" - İlham Əliyev deyib, Hadrutda saxlanılmış erməni hərbçilərlə bağlı fikir ayrılığı
"Kimsə özünü toxunulmaz hesab etməsin" - Prezident İlham Əliyev Sumqayıtda çıxışı zamanı deyib, Rusiya Hadrutda saxlanılmış erməni hərbçilərin "hamının-hamıya" prinsipinə əsaslanaraq qaytarılmasını təklif edir, Azərbaycan "narazıdır", Sergey Lavrov Dağlıq Qarabağın statusunun "hər üç lider tərəfindən gələcəyə saxlandığını" deyib, Ermənistan səhiyyə naziri istefa verib, Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi çərçivəsində bu gün səhiyyə işçilərinin peyvəndlənməsi prosesi başlayıb, "SMS" icazə sistemi ləğv olunur - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Prezident İlham Əliyev bazar ertəsi günü Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub və bir müəssisənin açılışını edib.
Azərtac agentliyi yazır ki, təməli qoyulmuş zavodlar "Azərsulfat" MMC sulfat turşusu istehsalı, "Glassica" QSC-nin şüşə tara məhsullarının istehsalı, "Azerfloat" QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı ilə məşğul olacaq.
Cənab Əliyev açılış nitqində vurğulayıb ki, sözügedən "3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq".
Prezident 100 milyon avro dəyərində olan bu böyük layihənin reallaşmasının "ölkəni vərəqə şüşələrin idxalından azad edəcəyi üçün şad olduğunu" bəyan edib.
"Bu, o deməkdir ki, valyuta qalacaq ölkəmizdə, yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək," - o deyib.
Azərbaycanın inkişafı üçün yeni dövrün başladığını bildirən Prezident azad edilmiş torpaqların potensialının istifadə olunacağından da bəhs edib:
"Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm. Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır".
Prezident Əliyev ölkənin müxtəlif yerlərində "məhz nəzarətsizlik ucbatından bəzi xoşagəlməz halların baş verdiyini" dilə gətirib.
"Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin".
Sergey Lavrov hazırda hərbi əsirlərin mübadiləsi üçün siyahıların uzlaşdırıldığını deyib
Rusiya, Ermənistan və Azərbaycan hərbçiləri hazırda hərbi əsirlərin mübadiləsi üçün siyahıları uzlaşdırırlar, Rusiya xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan əvvəlcə itkin düşmüş və əsirlikdən qaytarmaq istədikləri insanların siyahılarını hazırlamalı idilər. Lavrova görə, bu məsələdə erməni tərəfinin daha çox problemi olub.
"Azərbaycan siyahıları təqdim edib və onlar cüzi olub. Azərbaycanın siyahısında xatırlananların hamısı, birdəfəyə olmasa da, qaytarılıb. Bundan sonra Azərbaycan tərəfindən itkin və əsir düşmüş, eləcə saxlanılan şəxslərlə bağlı hər hansı məsələ olmayıb", - Lavrov izah edib.
O xatırladıb ki, erməni tərəfindən siyahılar birdəfəyə və tam təqdim edilməyib, lakin noyabrın 9-nadək başa çatmış hadisələrin iştirakçısı olanların mübadiləsi baş tutub.
"Dekabr ayında Hadrutda 62 erməni hərbçi saxlanılıb"
Sergey Lavrov əlavə edib ki, hazırda əsas məsələ dekabrın əvvəlində Hadrutda meydana gələn hadisələrdir.
Noyabrın son günləri ora böyük bir erməni hərbçi çağırışçılar qrupu göndərilmişdi. Və onlar - 62 nəfər dekabrın əvvəlində, bir həftə -on gün sonra əsir düşüblər", - Lavrov qeyd edib.
Lavrovun sözlərinə görə, o mərhələdə Azərbaycan tərəfin bəyan edirdi ki, bir halda ki, bu insanlar bu rayona atəşkəs və bütün döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanatdan sonra göndərilib, bu məsələ 9 noyabr razılaşmasına əsasən deyil, başqa qaydada nəzərdən keçirilməlidir.
O qeyd edib ki, Rusiya bu məsələnin də "hamının-hamıya" prinsipinə əsaslanaraq həllini təklif edir.
Mən Ermənistan xarici işlər naziri ilə son siyahıları, kimlərin çatışmadığını dəqiqləşdirməyə çalışmışam, lakin aydın olub ki, onların sayı 62 deyil, bundan xeyli artıqdır", - Lavrov bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda olmasaydılar, hərbi əsirlərin mübadiləsi məsələsini həll etmək daha mürəkkəb olardı.
"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
"Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr üçtərəfli bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib".
Bu barədə bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazi onların cavabdehliyində olan zonadır.
"Bakı və Yerevanla təmaslarımızda məhz bundan çıxış edirik. Dağlıq Qarabağın statusu məsələsi ziddiyyətlidir. Üç lider tərəfindən qərar verilib ki, bu məsələ bir tərəfə qoyulsun, sonraya, gələcəyə saxlanılsın, bununla o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olmalıdırlar," - deyə Rusiya XİN başçısı vurğulayıb.
Rusiyanın DQ-nın "müstəqilliyini" tanımaq məsələsinə gəlincə, Lavrov "Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmır. Bizim isə buna yaxın fikrimiz belə yoxdur," - deyib.
- 44 gün aramsız atəşə məruz qalmış Tərtər: Bombardman sığınacağına əlvida
- “Çoxları müharibənin əyləncə olduğunu düşünürdü" - Jirayr Libaridyan, Ermənistanın məğlubiyyəti və Qarabağın gələcəyi barədə
- Azərbaycan “30 ildir ki, mövqeyini yaxşı izah etdi, Ermənistan isə yox”, erməni mediası Azərbaycan-Ermənistan sərhədi barədə
O, Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq fikrinin olmadığını da bildirib.
"Hesab edirik ki, bu, regionun bütün məsələləri burada yerləşən ölkələr tərəfindən, ilk növbədə Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Biz bu cür həll yolunu tapmağa yardım etməyə davam edəcəyik. Hansı ki, bu həll regionda sülhü və təhlükəsizliyi, ən əsas da burada hər zaman yaşayan insanların təhlükəsizliyini təmin edəcək," - deyə Sergey Lavrov qeyd edib.
Daha sonra Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsinə toxunan Rusiya XİN rəhbəri bu məsələnin hazırda həll olunduğunu bildirib.
Onun sözlərinə görə, bu məsələyə 11 noyabr Moskva görüşündə də toxunulub: "Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır".
O, vurğulayıb ki, "nə 9 noyabr üçtərəfli bəyanatında, nə də 11 yanvar razılaşmasında heç bir gizli bənd yoxdur," - deyə Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
"Hamı Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında əlaqə olmasına razıdır"
Sergey Lavrov mətbuat konfransında Ermənistanla Qarabağ arasında əlaqələrdən danışıb.
"Bütün razılaşmalarda, ilk növbədə 9 noyabr tarixli bəyanatda, tərəflərin Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizi üzərindən Rusiya sülhməramlıların nəzarəti altında olacaq əlaqə təmin etmək haqqında razılığı qeyd olunub", - o deyib.
Lavrovun sözlərinə görə, Rusiya Ermənistanla Qarabağ arasında əlaqəni heç vaxt inkar etməyib - danışıqların davam etdiyi onilliklər ərzində Ermənistanla Qarabağın bir-birindən kəsilməsi məsələsi olmayıb.
"Və məhz buna görə Laçın dəhlizi, bir konsepsiya kimi, heç bir kəs tərəfindən rədd edilməyib. Və o, əvvəlki kimi, bizim azərbaycanlı qonşularımız da daxil, tərəflər arasında uzlaşma mövzusu olaraq qalır", - nazir deyib.
Lavrov 9 noyabr [Azərbaycanda 10 noyabr-red.] razılaşmasına əsasən, Laçın dəhlizinə əlavə olaraq, Azərbaycanın əsas ərazisinin qərb rayonları ilə Naxçıvan Muxtar Vilayəti arasında yeni marşrut üzrə etibarlı və daimi yol salınacaq.
"Bu, dövlət başçıları arasında təsdiqlənmiş razılaşmadır. Bir halda ki, hamı Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında əlaqə olmasına razıdır, mən bu səviyyədə həyata keçirilən təmaslara maneçilik törətmək üçün səbəb görmürəm", - Lavrov qeyd edib.
Lavrov deyib ki, Ermənistan rəsmiləri Dağlıq Qarabağa humanitar fəaliyyətə qatılıb və bu, Bakıda heç bir neqativ reaksiya doğurmur.
Eyni zamanda o qeyd edib ki, erməni rəsmilərinin Qarabağda "olduqca siyasiləşdirilmiş bəyanatları" gərginlik doğurur.
"Mən hesab edirəm ki, bundan çəkinmək daha yaxşı olardı. Biz artıq 44 günlük müharibədən əvvəl Qarabağdan, yaxud Qarabağa dair səslənən emosional bəyanatların necə neqativ maddi qüvvə aldığının şahidi olmuşuq", - deyə Lavrov həmçinin keçmiş Ermənistan müdafiə naziri David Tonoyanın "yeni müharibə - yeni ərazilər" tezisini xatırladıb.
Lavrovun sözlərinə görə, məhz bu səbəbdən Moskva Azərbaycan və Ermənistan rəhbərliyi arasında təmaslara, etimad atmosferinin yaranmasına böyük diqqət yetirir.
Ermənistan səhiyyə naziri vəzifəsindən azad edilib
Ermənistan səhiyyə naziri Arsen Torosyan vəzifəsindən azad edilib. Ermənistan Prezidentinin digər fərmanı ilə Torosyan Ermənistan Hökumət Aparatının rəhbəri təyin olunub.
Onun yerinə, Ermənistan Prezidentinin daha bir fərmanı ilə, müavini Anahit Avanesyan təyin olunub.
Arsen Torosyan 2018-ci il may ayından Səhiyyə Nazirliyinə rəhbərlik edirdi.
Ermənistan səhiyyə naziri Arsen Torosyan istefa haqqında ərizə yazıb. Məlumat Ermənistan Baş naziri administrasiyasında təsdiqlənib.
Ermənistan Prezident administrasiyasının mətbuat xidmətindən yayılan məlumata görə, səhiyyə nazirinin istefası haqqında Baş nazir Nikol Paşinyanın təklifi Prezident administrasiyasına daxil olub.
Torosyanın istefası haqqında Ermənistan mediasında artıq bir neçə gündür ki, hallandırılır, lakin Səhiyyə Nazirliyi hər dəfə onları təkzib edib.
Yayılan məlumatlara görə, səhiyyə nazirinin istefasına səbəb onun Baş nazir Paşinyanla Qarabağ müharibəsindən sonra daha da gərginləşən fikir ayrılıqları olub. Sputnik Armenii yazır ki, Paşinyanın öz komandası ilə görüşü zamanı Torosyan deyib ki, "idarəçilik sahəsində uğursuzluqlar və müharibədə məğlubiyyətdən sonra Baş nazir özü istefaya çıxmalıdır."
Lakin yerli mətbuatda daha əvvəl səhiyyə naziri Torosyan koronovirus pandemiyası ilə mübarizəyə gec başlamaqda səhvlərə görə tənqid olunurdu.
Ermənistan Baş naziri Nikol Paşinyanın Prezident Armen Sarkisyana təqdimatında səhiyyə naziri vəzifəsinə hazırda nazir müavini vəzifəsində çalışan Hasmik Avanesyanın namizədliyi təklif olunub.
Ağdamın Xıdırlı kəndindən görüntülər
Müdafiə Nazirliyi Ağdamın Xıdırlı kəndindən video paylaşıb. Videodan bəzi görüntüləri təqdim edirik:
Azərbaycanda səhiyyə işçilərinin vaksinasiyası başlayıb
Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" təsdiq edilib.
Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev da peyvənd olunublar.
Bu gündən koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayır
Bu gündən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayır.
Azərbaycan hökuməti peyvəndləmənin könüllü olduğunu bildirib və onun dövlət hesabına aparılacağını açıqlayıb.
Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan "Sinovac" peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib.
İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin "soyuq zəncir" şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq.
Azərbaycanda birinci mərhələdə yüksək risk qrupuna daxil olan şəxslərə peyvənd vurulacaq. COVID-19-a əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:
1-ci mərhələ - Səhiyyə işçiləri;
65 yaşdan yuxarı şəxslər;
Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;
2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);
-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;
-Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
-Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.
"SMS" icazə sistemi ləğv olunur
Bu gündən Azərbaycanda Covid-19 virusunun qarşısının alınması üçün tətbiq olunmuş SMS icazə sistemi ləğv olunur.
Bu barədə Nazirlər Kabineti şənbə günü qərar çıxarıb.
"Eyni zamanda, xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb," qurum bildirib.
Qurumun qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.
2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:
ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);
bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
muzey və sərgi zallarının fəaliyyəti;
şəhərlərarası və rayonlararası hərəkət.
2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az" portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti - Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.
2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
"Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir," - Operativ Qərargahın məlumatında qeyd olunub.
Azərbaycan rəsmiləri ölkədə yoluxma əmsalının 31 faizdən 5 faizə enməsini açıqlayıb.
Azərbaycanda xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.
Cəbhəboyu ərazilərdə 270 partlamamış hərbi sursat aşkarlanıb
Yanvarın 15-dən 17-dək Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə ümumilikdə 16 müraciət daxil olub, ANAMA bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, daxil olmuş 16 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.
"Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 270 ədəd partlamamış hərbi sursat (PHS), 77 ədəd piyada əleyhinə mina, 12 ədəd tank əleyhinə mina, 1 ədəd təlim məqsədli minaatan mərmisi və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub," məlumatda deyilir.
Qurum həmçinin "9 855 411 kvadratmetr (986 ha) ərazi, 116 kilometrdən çox yolun mina və partlamamış hərbi sursatlardan təmizlənildiyini, 282 tikilinin yoxlanıldığını" açıqlayıb.
Agentlik partlayış qrupu tərəfindən "807 ədəd mina və 20 ədəd tank əleyhinə mina partladıcısı zərərsizləşdirildiyini" bəyan edib.
ANAMA indiyədək ümumilikdə "Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 97 min 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatın aparıldığını" bildirib.