You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
30 il təmas xəttində, 44 gün atəş altında: Tərtərdən reportaj
- Müəllif, Səadət Akifqızı, Cəmilə İbrahimova
- Vəzifə, Tərtər, BBC News Azərbaycanca
"Ay nənə, televizorumuz nə vaxt işləyəcək?" 10 yaşlı Zöhrab nənəsinə sıxılır və deyir ki, bir türk serialını izləyirdi. Müharibə başlayandan isə neçə seriyanı izləyə bilməyib, çünki ailəsi ilə birgə gah zirzəmidə, gah başqa qohum evində qalmalı olub.
Zohrabın televizor, serial dərdinə nənəsi Şövkət Məmmədova gülümsəyir: çünki onun daha böyük qayğısı var: mərmilərin dəlmə-deşik etdiyi, yararsız hala saldığı evini qaydaya salmaq.
Mərmi bir otağın tavanını dağıdıb, qəlpələr pəncərələri sındırıb. İlk öncə pəncərələri düzəltdirməyə çalışırlar, çünki soyuqda otaqda oturmaq olmur.
"Ayaqqabınızı soyunmayın, onsuz da tozdur, bir ucdan təmizləyirik, amma o qədər hər yeri [qəlpələr] uçurdub-töküb ki, yenə də bitirə bilmirik," - o deyir.
Şövkət Məmmədova mərminin uçurub dağıtdığı tavana baxır, yenicə təmir eləyib əl gəzdiriblərmiş: "Bilirsiz, oğlum ki o odun içindən salamat qayıtdı (ailənin peşəkar hərbçi olan oğulları sentyabrın 30-da ağır yaralanıbmış -red.), nə ev gözümdədir, nə başqa şey. Uşaqlarımın, dövlətimin salamatlığı elə bəxşişimdir".
"Elə bil Suriyadı"
Tərtər sentyabrın 27-dən, müharibə başlayandan bəri mərmi yağışı altında idi. 44 gün aramsız atəşə tutulan şəhərin sakinlərinin bəziləri zirzəmilərdə daldalanmış, bəziləri şəhəri tərk eləmişdi.
Şəhərin hər küçəsi, hər tini müharibə dəhşətlərindən danışır: qəlpələr yaşayış binalarını deşik-deşik, pəncərələri sınıq-sınıq edib, ağacları iki bölüb. Bəzi yerlərdə mərmi evin damını, divarlarını dağıdıb, bəzi yerlərdə yandırıb kül edib.
"Elə bil Suriyadı,"- 44 gündən sonra gəlib evini yararsız gündə görən Məxmər Albəndova deyir.
Oğlunun ailəsi ilə birgə Bərdədə məktəblərin birində qalan Məxmər Albəndova deyir ki, gedən günü nəvələri də, gəlini də xəstələnib. Bu müddətdə evlərinə baş çəkə də bilməyiblər.
"Sentyabrın 27-də səhər atmağa başladılar. Qaçdıq zirzəmiyə, amma elə atırdılar ki... gecə 3-də arxamızca maşın gəldi, çıxıb getdik. Bir də indi gəlmişik ki, evimiz nə halda..."
Pəncərəni dəlib divarları deşən mərmi qəlpələri otaqlarda hal qoymayıb. "Nə yaxşı ki, evdə olmamışıq, yoxsa bu qəlpələrdən salamat çıxa bilməzdik," - deyib dağılan hər bir yeri göstərməyə çalışır.
Mətbəx divarının biri aralanıb, içəri vuran soyuq havada orda dayanmaq olmur.
"Görəsən, bizə bu evi düzəltməyə kömək edəcəklər?" - Məxmər Albəndova nigarançılığını dilə gətirir.
Hər iki müharibədə evi dağılıb
Məxmər Albəndovanın qonşuluğundakı evdən isə əsar-əlamət qalmayıb: yanaraq kül olmuş bu dağıntıda günlər öncə yaşayış olduğunu əriyib tökülmüş tikiş maşını, qaz plitəsi, soba, bəzisi salamat qalmış qab-qacaq işarə edir: "Bir evdə nə lazımdırsa, hər şeyimiz vardı. Amma indi heç nəyimiz yoxdur. Evdən çıxanda yalnız geyməyə paltar götürdük," - Birinci Qarabağ müharibəsinin qəlpələrini hələ də canında gəzdirən Loğman Sadıqov deyir.
Onun yaşadığı ev ikinci dəfədir ki, mərmi qurbanı olur: birinci dəfə, 1992-cı ildə Qarabağ müharibəsində yaşadığı ata evinə mərmi düşüb, ev dağılıb, ata-anası həlak olub, özü xəsarətlər alıb.
"İndi də belə, yenə evimə düşdü, dağıtdı. Şükür, heç olmasa, bu dəfə salamatlıq oldu".
Oğulları hələ müharibə başlamazdan əsgərliyə gedən Sadıqovlar ailəsi müharibənin qurtarmasını Bərdədə gözləyiblər: "Bir məktəbdə qalırdıq. Müharibə bitəndən sonra gördük hamı getdi, tək qaldıq, biz də çıxdıq. İndi qayınatamgilə sığınmışıq, hamı bir otaqda. Evimiz olana qədər müvəqqəti bir yerdə məskunlaşsaydıq, bir çadırdamı, ya hardasa..." - Loğman Sadıqov əlacsızcasına deyir.
"Bu qorxu ölənə qədər canımdan çıxmayacaq"
Müharibə bitəndən sonra Tərtərə qayıdan Nuridə Binnətova həm qızının gözəllik salonunu, həm də evini yararsız vəziyyətdə tapıb. Onunla elə şəhərdə tanış oluruq, qızının gözəllik salonuna baş çəkməyə gəlib. Salonun boyaboy pəncərələrinin yalnız çərçivələri qalıb. Elə evində də divarlar mərmi, raket zərbələrindən zərər görüb: "Qəlpə necə gəlibsə, soyuducunun qapısından keçib qazanın şüşəli qapağını belə çilik-çilik edib,"- BBC News Azərbaycanca müxbirlərini evinə aparan Nuridə Binnətova deyir.
Müharibə başlayan gün mərmilərdən qorunmaq üçün zirzəmiyə qaçıblar. Sabahısı şəhəri tərk ediblər. Amma bir günlük yaşadığı qorxu, elə bilir ki, ölənə qədər canından çıxmayacaq: "Çox qorxduq, çox".
44 günlük müharibənin şahidi
Diş həkimi Həsən Sadıqov 44 günlük müharibədə Tərtərə hər hücuma şahidlik edib: "Arvad-uşağı təhlükəsiz yerə aparıb özüm geri qayıtdım. Atam çıxmaq istəmədi, mən də onu tək buraxmadım".
Bütün bu müddətdə o, işindən qalmayıb: "Dişi ağrıyan əsgərimiz olurdu, gəlirdilər".
Həsən Sadıqov danışır ki, dəfələrlə özünün də cəbhəyə aparılmasını təkid edib, "əgər müharibə qurtarmasaydı, artıq hazırlaşmışdım, alətlərimi toplamışdım, gedəcəkdim cəbhəyə, heç olmasa, dişi ağrıyan əsgərin dişini müalicə edərdim,"- o əlavə edir.
Həsən Sadıqov danışır ki, hücumlar olanda təhlükəsiz yerə çəkilsə də, bəzən ölümün iki addımlığında olurmuş: "Bir dəfə həyətdə maşın yuyurdum, qəfil hücum başladı, mərmi gəlib qonşunun evinə düşdü. Tez uzandım yerə. Ara sakitləşəndə gəldim şəhərin mərkəzinə ki, başqa haraları vurublar. Kişilərin çoxu burdaydı, getməmişdilər".
Bizə telefonundakı fotoları göstərir. Birində başında dəbilqə var: "Şəhərdə belə gəzirdim,"- deyir.
"Mərmi atılanda elektrik xətləri qırılırdı, işıqsız qalırdıq. Zəng eləyirdim şəbəkəyə ("Azərişıq"ın yerli şöbəsi-red.) usta göndərirdilər, gəlib düzəldirdilər. Bezmişdilər əlimdən,"- o gülə-gülə əlavə edir.
Hər addımında döyüş izləri olan qəsəbə
Tərtərdə məcburi köçkünlər üçün salınan qəsəbənin sakinləri də yavaş-yavaş evlərinə dönürlər.
Kəlbəcərli Ziyadə oğlu ilə birgə otaqları şüşə qırıntılarından təmizləyir, pəncərə şüşələrinin yerinə hələlik sellofan çəkirlər ki, soyuq olmasın.
Müharibə başlayanda şəhərin qaz təminatı kəsilmişdi, hələ ki, bərpa olunmayıb.
Qəsəbənin hər addımında döyüşün izləri var: deşik-deşik olmuş, pəncərələri tökülmüş binalar, raket zərbələrinin yaratdığı çuxurlar...
Elman Muradovun ailəsi evlərinə qayıtsa da, hələlik qonşunun mənzilinə yığışıblar, çünki öz mənzillərində qalmaq mümkün deyil. "Atəşkəs elan edildi gecə saat 3-də, həmin dəqiqə qayıdıb gəldik".
Onun məskunlaşdığı bu mənzildən kəndinin işıqları görünür: 30 ilə yaxındır gedə bilmədiyi Ağdamın Paprəvənd kəndi. Pəncərədən əlini irəli uzadır: "Baxın, burdan kəndimiz görünür. Hava yolu 6-7 kilometr. Bax, o gördüyünüz yol var, o yol bizim kənddən keçir. Bax... 30 ildir burdan-bura gedə bilmirəm. Səhər obaşdan duranda ordan yanan işıq gözünə vurur. Necə olarsan? Ancaq dərman... - əliylə dərmanı udurmuş kimi göstərir, - cibimdədi. Bu balaca nəvəmi başa salana kimi, bax, ora bizimkidir, artıq mən yoxam".
"30 illik həsrət 44 günə qurtardı"
Elman Muradov Ağdam geri qaytarılan gün kəndinə kəsə yolla gedəcək: "Düz evimə gedəcəm. Bizim kəndlə Ağdərənin arası 4 kilometrdi,"- üzünə təbəssüm qonur.
Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş Elman Muradov deyir ki, əgər o vaxt müharibə başlayanda belə siyasi hakimiyyət olsaydı, indi burda olmazdılar: "30 illik həsrət 44 günə qurtardı. 44 günə... 30 ilə böləndə ilə heç 10 dəqiqə düşmür. O vaxt partiyalar dartışdılar. Necə ki, indi Ermənistanda baş verir. 91-ci ildə, 92-ci ildə yaşadığımız faciəni indi onlar yaşayır. Həmin kadrlardı, epizodlardı, orda gedir. Bizə yad epizodlar deyil onlar, çünki biz bunu yaşamışıq".
O inanır ki, artıq bir daha müharibə olmayacaq, çünki "bunun yükünü artıq Rusiya ilə Türkiyə öz öhdəsinə" götürüb. "Tam arxayınçlıqdır indi. Əgər Paşinyanla imza atsaydıq buna [sazişə] inanmaq olmazdı".
Bəs 30 ilə yaxındır təmas xəttində yerləşən və illərlə silahların səsini yaxından eşidən Tərtər sakinləri üçün də bitdimi bu qorxu, bu narahatlıq?
"Onlara [ermənilərə] inam yoxdur, bir də gördün Yerevandan atdılar. Amma artıq Qarabağdan ata bilməzlər. Ordumuzun qabağında dayana bilməzlər. Demirəm, başqa ölkələr kömək etsə, nəsə olar..."- Şövkət Məmmədova deyir.
Tərtərlilərin 44 günü zirzəmilərdə hazırlanmış sığınacaqlarda keçdi.
Şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva artıq bütün əşyaların yığışdırılıb-götürüldüyü, bu müddət ərzində özünün də qaldığı torpaq döşəməli sığınacağın "otaqlarını" bir-bir göstərir: "Bura çarpayılar yığılmışdı, bura stol-stul. Hərəmiz nə bacarırıq, gətirmişdik. Çox atanda burda qalırdıq. Gecə zəng elədilər ki, müharibə qurtardı, evimizə dağıldıq".
O, bir daha bu qapını açmamaq ümidiylə zirzəminin işığını söndürüb çölə çıxır və sığınacağın qapısını arxasınca örtür.
- "Başqa müharibə". Ermənistanın cənubunda, Azərbaycanla sərhəddə yerləşən David Bek kəndindən reportaj
- Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı
- Şuşa: Qarabağın döyünən ürəyi
- Prezident İlham Əliyevin BBC News-a müsahibəsinin tam mətni
- Şuşanın azad edilməsi müharibənin və danışıqların taleyinə necə təsir edəcək?
- 1-ci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılar: Gözümüzün qarşısında gənc qızı kəsdilər
- Dağlıq Qarabağ münaqişəsi: "Ermənistan kritik nöqtədədir", Jirayr Libaridyanın təhlili