Azərbaycanda və Ermənistanda Covid-19 niyə bu qədər yayıldı?

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Çindən dünyaya yayılmış Covid-19 pandemiyasının səbəbləri barədə məlumatlar indiyədək bir mənalı dəyərləndirilmir. Dəqiq məlum olan budur ki, yeni koronavirus növü infeksiyası Azərbaycan və Ermənistanda az qala eyni vaxtda aşkarlanıb.

Azərbaycan ilk yoluxma halını fevralın 28-də təsdiqləyib. 1 martda isə virus Ermənistanda qeydə alınıb. Hər iki halda yoluxucu infeksiyanın izləri İrana aparır.

Azərbaycanda koronavirus İrandan gələn Rusiya vətəndaşında aşkar olunur, Ermənistanda isə infeksiyanı Tehrandan qayıdan cütlükdə tapırlar.

İran bu ərəfədə koronavirus hadisələrinin sayına görə, Çindən sonra ikinci ölkə oldu. Buna görə Bakı və Yerevan cənub qonşu ilə gediş-gəlişi məhdudlaşdırmaq qərarına gəldi.

Covid-19-un necə bir iqtisadi fəsadlara malik olduğu üzə çıxmağa başladı. Belə ki, infeksiyanın yayılmasına qarşı tədbirlər bəzi sərhədyanı biznes sahiblərini qazanclarından məhrum edir.

Koronavirus dünyaya yayıldıqca karantin tədbirləri elan olunur. Azərbaycan və Ermənistanda hakimiyyət əhalinin sağlamlığı ilə iqtisadi rifah arasında çətin seçim qarşısında qalır.

Mart ayında Azərbaycanda yoluxma hadisələrinin gündəlik sayı iki rəqəmli göstəriciylə ifadə olunur. Bu məhdudiyyətlər rejimini qaçılmaz edir.

Azərbaycanda 24 martdan xüsusi karantin rejimi, Ermənistanda martın 16-dan fövqəladə vəziyyət elan edilib.

Hər iki ölkədə karantin rejimi bir neçə dəfə uzadılıb.

BBC Azərbaycan koronavirus həyat xəstəlik pandemiya

Şəklin mənbəyi, Getty Images

Hər iki ölkədə dövlət idarələri və şirkətlər azaldılmış heyətlə və ya evdən işləyirlər. Məktəblərdə təhsil onlayn rejimlə əvəzlənir.

Azərbaycanda bu tədbirlərlə yanaşı, restoran və kafelərin iş rejimi dəyişdirilir. Belə obyektlər axşam saat 9-dək işləyə bilər. Bu saatdan sonra işləyən klub və barların fəaliyyəti isə tamamilə dayandırılır.

Lakin karantin tədbirləri gəlirlərindən məhrum olan - insanların qəzəbinə tuş gəlir.

Hökumət aprel-may aylarında işsiz kimi qeydiyyata alınmış 600 min şəxsə minimum istehlak səbəti - 190 manat - birdəfəlik ödəniş vermək qərarına gəlir. Amma bir çoxları bu yardımı almalı olduğunu, ancaq onlara yardım verilmədiyini deyir. Digərləri isə məbləğin əsas ehtiyacları qarşılamaq üçün yetərli olmadığını bildirir. Rəsmilərə görə, bu birdəfəlik ödəniş - aztəminatlı, ehtiyacı olan insanlar üçündür.

190 manatın verilməsi il ərzində bir neçə dəfə təkrarlanır. Sonuncu dəfə 190 manatlıq ödəniş barədə qərar dekabrın 23-də elan olunub və o 600 min şəxsi əhatə etməlidir.

Ermənistan hökuməti də pandemiya ilə bağlı müxtəlif sosial qruplar, işsiz və məcburən müvəqqəti işsiz qalan şəxslərə, iqtisadiyyat, kənd təsərrüfatı və müxtəlif biznes sahələrinə müvazinət və yardım məqsədilə 20-dən çox tədbirlər proqramı tətbiq edib.

Ölkələrin səhiyyə rəsmiləri vətəndaşları sosial məsafə saxlamağa, maskanı düzgün taxmağa, lazım olduqda ictimai nəqliyyatdan istifadə etməməyə və küçəyə çıxmamağa çağırıb.

Yaz aylarında koronovirusun təbiəti haqqında məlumatlar nisbətən az idi və ümid olunurdu ki, infeksiyanın yayılma sürəti, bəzi mövsümi xəstəliklərdə olduğu kimi, qarşıdan gələn daha isti aylar ərzində səngiyəcək.

Bu gözləntilər özü doğrultdu: İyul ayında 500-dən yuxarı olan gündəlik yoluxmaların səviyyəsi payızın əvvəlinə doğru təqribən 4 dəfə azaldı. Azərbaycanda müşahidə olunan dinamika Ermənistanda da təkrarlandı.

Böhranın artıq arxada qalmasıyla bağlı ümidlər yaranmağa başladı.

27 sentyabrda pandemiya ilə mübarizə xəbərlərini Azərbaycanla Ermənistan arasında başlayan müharibə əvəzləyir.

Oktyabr ayında koronavirusun yayılma sürətində kəskin artım başlayır. Hər iki ölkədə günlük yoluxma hallarının sayı 4 rəqəmli göstəriciyə çatır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərbi əməliyyatlara görə yaranan insan köçünün vəziyyətin pisləşməsinə .ərait yaratdığını bildirir.

Təşkilat xəbərdarlıq edir ki, müharibə və pandemiya səhiyyə sisteminə yükü artırmış olur.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan razılaşma Dağlıq Qarabağdakı silahlı qarşıdurmaya son qoyub.

Müharibənin aradan qalxması yayılma riskini azaltsa da, xəstələrin sayında artım səhiyyə sisteminə yükü artırmaqdadır.

Koronavirusun yayılmasına qarşı mübarizədə Azərbaycanla Ermənistan təxminən eyni problemlərlə üzləşib - həkim və dərman çatışmazlığı, xəstəxanada yerlərin olmaması. Lakin onların həlli fərqli olub.

Misal üçün, maddi imkanları daha geniş olan Azərbaycan tibbi işçilərin çatışmazlığını məsələsini xaricdən dəvət etməklə həll edib.

18 dekabrda Müstəqil Dövlətlər Birliyi sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycana İtaliya, Çin, Kuba, Türkiyə və Rusiyadan həkimlərin dəvət olunduğunu xatırladıb, koronavirusla mübarizə üçün ölkədə laboratoriyaların sayının 8 dəfə artırıldığını, 10-dan çox xəstəxana tikildiyini, Covid-19 xəstələrinin müalicəsi üçün 10 mindən artıq xəstəxana yerinin yaradıldığını açıqlayıb.

Virusla mübarizədə Ermənistanın səhiyyə sistemi də çox kəskin problemlər üzləşir. Hələ iyun ayında Baş nazir Nikol Paşinyan xəstəxənalarda yerlərin demək olar ki, qalmadığını deyir. Müharibə vaxtı vəziyyət daha da pisləşib.

bbc KORONAVİRUS

Ermənistanda müharibədən əvvəl 50 minə yaxın olan yoluxma sayı dekabrda 150 mini ötüb.

Azərbaycanda isə müharibəyə qədərki dövrdə koronavirus hadisələrinin ümumi sayı 40 mindən aşağı olubsa, bu ay bu rəqəm 200 mini keçib.

Virusun yayılmasında kəskin artımın ardınca Azərbaycanda xəstəxana yerlərinin çatışmazlığı ilə bağlı şikayətlərin sayı da artmağa başlayır. Mediada xəstəxanaya düşə bilməyənlərin hekayələri yayılır. Azərbaycanda koronavirusun müalicəsində effektiv olduğu deyilən bəzi dərmanların apteklərdə tapılmaması şikayətləri gəlir. Dərman çatışmazlığı ilə bağlı səslənən ittihamlara cavabında Səhiyyə Nazirliyi bildirib ki, bu qurum dərman satışı ilə məşğul olmur.

Ermənistanda bənzər iddialar arasında bir müddət xəstəxana yerlərinin limitə çatması, əlavə tibbi avadanlıq və COVID-19 testində istifadə olunan çöplərin çatışmazlığı kimi problemlər qeyd olunub.

Hazırda hər iki ölkədə virusun yayılmasına qarşı mübarizə üçün məhdudiyyətlər sərtləşdirilir. Bəzi göstəricilərə görə, bu öz nəticəsini verir. Son zamanlar günlük yoluxmaların sayında azalmaya doğru getdiyini görmək olar.

Azərbaycanda dekabrın 14-dən sərt karantin rejimi qüvvəyə minib. Bakı ilə yanaşı bir sıra şəhər və rayon mərkəzlərinə giriş-çıxış dayandırılıb. Küçəyə SMS icazəsi ilə çıxmaq olur, işə gedənlər xüsisi icazə alır, metro və həftəsonları ictimai nəqliyyat işləmir, ölkə üzrə bütün qapalı və açıq məkanlarda maskalardan istifadə məcburi hesab olunur. İri ticarət mərkəzləri və bəzi ictimai məkanlar bağlı olsa da, restoran, kafe və çay evləri yalnız onlayn satış həyata keçirə və çatdırılma xidməti göstərə bilər.

Ermənistanda sentyabrın 11-də nazirlər kabinetinin qərarı ilə fövqəladə vəziyyət daha 4 ay müddətinə karantinlə əvəz edilib. Vətəndaşlar ölkə ərazisində tibbi maska taxmalıdır. Restoranlar açıq olsa da, içəridəki yerlərin sayına görə məhdudiyyətlər tətbiq olunur. İctimai yerlərdə sosial məsafənin gözlənilməsini tələb edirlər. Məhdudlaşdırıcı tədbirlər kütləvi tədbirlərə də şamil edilir: iştirakçıların sayı 60 nəfərdən çox olmamalıdır.

Belə görünür ki, Azərbaycan və Ermənistan 2021-ci ili karantin şəraitində qarşılayacaqlar.

Bu arada Yeni illə bağlı gözləntilərdən biri də peyvəndləmə ilə bağlıdır. Hər iki ölkədə onun gələn ildən başlayacağını deyirlər.

Azərbaycan