Azərbaycanda 2021-ci ildə iş günü sayılmayan günlər açıqlanıb, İlham Əliyev Paşinyan barədə: “O, elə göstəriş verməyib”

Bu günün xəbərləri: Azərbaycanda 2021-ci ildə iş günü sayılmayan günlər açıqlanıb, Azərbaycanda Covid-19 vaksini gələn ildən vurulacaq, DİN karantin vaxtı Həmrəylik günü və Yeni il bayramı şənliklərin təşkilinin " yolverilməz" olduğunu deyir, Arayik Harutyunyan Qarabağda "hökumət strukturunu" dəyişdirib, Qarabağda rus sülhməramlılarının əməliyyat xəritəsi yenə dəyişib, bu və digər xəbərlər BBC News Azərbaycancanın xəbərlər icmalında.
Azərbaycanda 2021-ci ildə iş günü sayılmayan günlər açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edib.
2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, aşağıdakı günlər iş günü hesab edilmir:
- 1, 2 yanvar - Yeni il bayramı;
- 20 yanvar - Ümumxalq hüzn günü;
- 8 mart - Qadınlar günü;
- 20, 21, 22, 23, 24 mart - Novruz bayramı;
- 9 may - Faşizm üzərində qələbə günü;
- 13,14 may - Ramazan bayramı;
- 28 may - Respublika günü;
- 15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü;
- 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
- 20,21 iyul - Qurban bayramı;
- 8 noyabr - Azərbaycan Respublikasının Zəfər günü;
- 9 noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü
- 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü.
2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində 25 mart, 10 may tarixləri istirahət günləridir.
2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.
Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
Qurum qeyd edib ki, 2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır.
Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışanlar üçün 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Azərbaycanda Covid-19 vaksini gələn ildən vurulacaq

Şəklin mənbəyi, RBK
Azərbaycanda vaksinasiya proqramına gələn ilin əvvəlində başlanacağı planlaşdırılır, MDB dövlət başçılarının sammitində çıxış edən Azərbaycan Prezidenti deyib.
İlham Əliyevin sözlərinə görə, bunun üçün müvafiq strategiya işlənilib.
"Peyvənd könüllü və dövlət hesabına olacaq".
Azərbaycan Prezidenti deyib ki, koronavirusla mübarizə üçün ölkədə laboratoriyaların sayı 8 dəfə artıb, 10-dan çox xəstəxana tikilib.
Bununla yanaşı, Covid-19 xəstələrinin müalicəsi üçün 10 mindən artıq yer xəstəxana yeri yaradılıb.
Onun sözlərinə görə, həkim çatışmazlığına görə beş ölkədən (İtaliya, Çin, Kuba, Türkiyə və Rusiya) həkimlər dəvət edilib.
Azərbaycan Prezidenti pandemiya ilə mübarizəyə dövlət büdcəsindən 2,5 milyard dollar vəsaitin ayrıldığını deyib. O, həmçinin maddi dəstək vasitəsi ilə əhalinin yarısının təmin olunduğunu bildirib.
"Atəşkəs rejimi getdikcə daha da möhkəm olacaq"
MDB sammitində çıxış edən Azərbaycan lideri Dağlıq Qarabağ mövzusuna da toxunub.
İlham Əliyevin dediyinə əsasən, ötən müharibə Azərbaycan üçün "vətən və qurtuluş" müharibəsi olubsa, Ermənistan üçün bu, "işğalçı və qəsbkar" müharibəsi idi, çünki o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini ələ keçirmişdi.
İlham Əliyevin sözlərinə görə, başa çatan Qarabağ münaqişəsi haqqında artıq keçmiş zamanda danışmaq lazımdır.
Mən Vladimir Vladimiroviç Putinlə tam razıyam ki, Dağlıq Qarabağ münaqişəsindən söhbət düşəndə biz yalnız onu deməliyik ki, bu münaqişə keçmişdə qalıb. Bu, artıq tarixdir.
İlham Əliyev atəşkəs rejiminə əməl olunduğunu deyib.
O, üçtərəfli bəyanatın imzalanmasından bəri keçən müddət ərzində, atəşkəsin pozulması ilə bağlı yalnız bir hadisənin baş verdiyini deyib.
"Atəşkəs rejimi qorunub saxlanılır və düşünürəm ki, o, getdikcə daha da möhkəm olacaq".
İlham Əliyev deyib ki, Ermənistanda Azərbaycan ordusunun "darmadağın etdiyi ordu" Nikol Paşinyanın yox, əvvəlki hakimiyyətin qurduğu ordu idi.
"Bu, 20 ildir Köçəryan və Sarkisyanın qurduqları ordu idi, - Azərbaycan Prezidenti deyib. - Və bizim şəhərləri - Ağdam, Füzuli, Cəbrayıl və başqalarını, Zəngilan, Qubadlını Paşinyan ordusu dağıtmayıb. O, elə göstəriş verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın - MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi".
İlham Əliyevin dediyinə görə, vəziyyəti öz siyasi məqsədləri üçün istifadə edənlər və Paşinyana hücum çəkənlər bunu başa düşməlidirlər .
DİN karantin vaxtı Həmrəylik günü və Yeni il bayramı şənliklərin təşkilinin " yolverilməz" olduğunu deyir

Şəklin mənbəyi, Gülər Abbasova
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi dövründə Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkilinin " yolverilməz" olduğunu açıqlayıb.
Qurum bildirib ki, son günlər bəzi ictimai iaşə obyektlərində və restoranlarda şənliklərin təşkili ilə bağlı elan verilsə də, bu məkanlar yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.
"Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq. Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcək", - DİN-in vətəndaşlara müraciətində deyilir.
DİN qeyd edib ki, şənliklərin keçirilməsi müəyyən edilərsə, təşkilatçılar və iştirakçılar məsuliyyətə cəlb olunacaqlar.
Arayik Harutyunyan Qarabağda "hökumət strukturunu" dəyişdirib

Şəklin mənbəyi, Armenpress
Dağlıq Qarabağda separatçıların lideri Arayik Harutyunyan "hökumət strukturunun" optimallaşdırılması haqqında fərman imzalayıb. Bu barədə "Artsakh.am" xəbər verir.
Sənədə görə, yeni "hökumət kabinetinə" "dövlət naziri" rəhbərlik edəcək. Lakin ayrıca "dövlət naziri" vəzifəsi nəzərdə tutulmur, onun səlahiyyətlərini "maliyyə naziri" icra etməlidir.
Tanınmamış "hökumət" 10 "nazirlikdən" ibarətdir (əmək, sosial və miqrasiya məsələləri, səhiyyə, ədliyyə, xarici işlər, iqtisadiyyat və kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və idman, müdafiə, ərazi idarəetmə və infrastruktur, şəhərsalma və maliyyə "nazirlikləri"), fərmanda deyilir.
Yeni sənədlə əvvəlki iqtisadiyyat və kənd təsərrüfatı və elm, təhsil, mədəniyyət və idman "nazirlikləri" iki "nazirlik"də birləşdirilib.
Bundan başqa, milli təhlükəsizlik xidməti, fövqəladə hallar üzrə dövlət xidməti, kadastr və əmlak məsələləri dövlət idarəsi, polis və dövlət gəlirlər komitəsi adlı yeni "qurumlar" təsis olunub.
Bəzi Ermənistan informasiya vasitələri yazır ki, "xarici işlər naziri" vəzifəsində Masis Mailyanı keçmiş tanınmamış "DQR parlament sədri" Aşot Ğulyan əvəz edəcək.
Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlılarının əməliyyat xəritəsini yenidən dəyişib

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Cümə axşamı günü Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşdirdiyi sülhməramlıların əməliyyat xəritəsində yenidən dəyişiklik edib.
Yeni xəritədə göstərilən sərhədlərdə Rusiya sülhməramlı qüvvələrinin əməliyyat sahəsi Şimal istiqamətində dəyişib və əvvəllər Azərbaycan ordusunun nəzarətində olan Tərtərin Çaylı kəndini əhatə edib.
Bundan başqa nazirliyin dərc etdiyi yeni xəritədə Laçın dəhlizi ətrafında olan ərazilər də Rusiya sülhməramlılarının xidmət sahəsi kimi göstərilib.
Rəsmi məlumatlara görə indiyə Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizinin daxilində Ermənistanla Dağlıq Qarabağ arasında xidmət aparıb və əlaqəni təmin edib.
Hələ ki, Azərbaycan tərəfindən sülhməramlıların əməliyyat xəritəsində aparılan dəyişikliklə bağlı şərh verilməyib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi dekabrın 13-də sülhməramlıları əmaliyyat sahəsinin xəritəsini dəyişib. O dəyişikliklə Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri sülhməramlıların nəzarətinə keçmişdi.
Həmin dəyişiklik Azərbaycan tərəfində bəzi etirazlara səbəb olub. Rəsmi qurumlar dəyişikliyə münasibət bildirməyiblər, amma Milli Məclisin bir neçə deputatı Rusiyanın addımını qınayıb.
Bir gün sonra Rusiya Müdafiə Nazirliyi yenidən xəritəni dəyişərək Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri ərazilərini Azərbaycan ordusunun nəzarət sahəsi kimi göstərib.








