Azərbaycanda koronavirus: yoluxmaların ümumi sayı 200 minə yaxınlaşır

Bayraq forunda qadın

Şəklin mənbəyi, TASS/Getty Images

Bu gün Azərbaycanda koronavirus infeksiyasına daha 3705 yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb, 42 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahı bildirib ki, indiyədək ölkədə 199 min 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkar olunub. Onlardan 135 min 462 nəfər müalicə olunaraq sağalıb, 2175 nəfər vəfat edib.

Hazırda müalicə olunan xəstələrin sayı 61 min 490 nəfərdir.

Azərbaycan mediasında sosial məsafə və maska taxmaq kimi tələblərə əvvəlki kimi riayət olunmadığını göstərən məlumatlar yayılır. Öz növbəsində, hakimiyyət qaydaların pozulması ilə bağlı tədbir gördüyünü bildirir.

"Dekabrın 1-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 26 aktiv "COVID-19" xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə aşkarlanıblar", - DİN-in rəsmi saytındakı açıqlamada deyilir.

Məlumata əsasən, ev şəraitində müalicə təyinatını pozaraq bayıra çıxan bəzi şəxslərə qarşı cinayət işi başlanıb və araşdırmalar "davam etdirilir".

Laboratoriya

Şəklin mənbəyi, EPA

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 26 sentyabr tarixinə qədər koronavirus hadisələrinin ümumi sayı 40 mindən aşağı olub. Ermənistan üzrə bu göstərici eyni dövr üçün 50 min civarında idi.

Oktyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərbi əməliyyatlara görə yaranan insan köçünün vəziyyətin pisləşməsinə töhvə verdiyini qeyd edib: "Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir".