"Siyasi məhbusların, haqsız yerə həbs olunanların, hüquqları pozulanların vəkili" - Adil İsmayılov vəfat edib

Adil Ismayılov vəkil Azərbaycan Vəkillər Kollegiyası

Şəklin mənbəyi, ADIL İSMAYILOV

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

Cümə axşamı günü vəkil Adil İsmayılov koronavirus səbəbiylə vəfat edib.

Təxminən 30 ilə yaxın vəkillik fəaliyyəti olan, əsasən insan hüquqları ilə bağlı işlərə çıxmış vəkil Adil İsmayılov Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, araşdırmaçı-jurnalist Xədicə İsmayılova, keçmiş prokuror, daha sonra Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov və digər bir sıra şəxslərin vəkili olub.

Azərbaycanlı vəkillər onu Azərbaycan "hüquq cameəsinin mayakı", "vicdanlı vəkillərin son nümunələrindən biri", "əla dindirmə taktikası olan", "prinsipial, soyuqqanlı şəxs və vəkil" kimi təsvir edirlər.

Lakin Adil İsmayılov təkcə "yaxşı vəkil kimi" xatırlanmır. Onu tanıyanlar həm də "kəskin intellekt sahibi, cəmiyyəti cəmiyyət edən, dövləti dövlət edən, milləti millət edən şəxsiyyətlərdən biri" kimi xarakterizə edirlər.

İsa Qəmbər

"Cəmiyyəti cəmiyyət, dövləti dövlət, milləti millət edən şəxsiyyətlərdən"

"Mənim üçün çox gözlənilməz oldu, çünki xəstələnməsi haqqında məlumat verilməmişdi," Adil İsmayılovu 30 ildən çoxdur tanıdığını deyən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu itkinin "gözlənilməzliyini və ağrısını" BBC News Azərbaycanca ilə bölüşür.

"İlk dəfə o müstəntiq işləyərkən görüşmüşdük və işlədiyi hüquq-mühafizə orqanlarından ayrılmaq fikrində olduğunu mənə demişdi. O vaxt Xalq Cəbhəsinin rəhbərlərindən biri kimi mənimlə məsləhətləşmək və buna münasibətimi öyrənmək istəmişdi. O, mənim vəkilim olub, yüksək səviyyədə vəkilliyimi edib. 1993-cü il iyun qiyamı məsələsi ilə bağlı məhkəməm 93-95-ci illərin əvvəlinə, daha sonra isə 98-ci ilə qədər davam edib. Həmin müddətdə Adil İsmayılov mənim, sonra isə digər ittiham olunan şəxslərin vəkili olub. O vaxtdan da çox yaxın olmuşuq," cənab Qəmbər deyir.

İsa Qəmbər deyir ki, Adil İsmayılov sonrakı illərdə də "bir çox siyasi məhbusların, haqsız yerə həbs olunanların, hüquqları pozulanların vəkili" olub.

"Bütün Azərbaycan onu Azərbaycanın ən önəmli vəkillərindən biri kimi tanıyıb, qəbul edib. Bunu öz şəxsi təcrübəmdən və məlumatıma əsasən deyə bilərəm. Çox yüksək səviyyəli vəkil idi. Həm istintaq işini, həm qanunları yüksək səviyyədə bilirdi, həm də həssas idi. Eyni zamanda, o, həm də kəskin intellekt sahibi idi. Elə bir intellekt idi ki, istənilən sahədə fəaliyyət göstərsəydi, orada uğur qazanardı. Bütün bu keyfiyyətlər vəkillik istiqamətində də ona uğur qazanmağa, ölkənin ən tanınmış, ən hörmətli vəkillərindən biri olmağa imkan verib".

Ötən illər ərzində Adil bəylə söhbətlərinin, mübahisələrinin olduğunu vurğulayan İsa Qəmbər, indi bu xatirələrin hamısını keçmiş zamanda xatirlamağın onun haqqında keçmiş zamanda danışmağın "çox ağır olduğunu" deyir.

O, hesab edir ki, Adil İsmayılov kimi şəxsiyyətlər "cəmiyyəti cəmiyyət edən, dövləti dövlət edən, milləti millət edəndir".

Vaxtilə təmsil olunduğu hakimiyyətin həm də tənqidçisi olmuş Adil İsmayılova vəkil kimi niyə güvənməsini İsa Qəmbər onun peşəkar keyfiyyətləri ilə yanaşı, "həm də şəxsi keyfiyyətləri ilə" əlaqələndirir.

"Dostlarım ona deyəndə ki, mən onun mənə vəkillik etməsini istəmişəm, bir az təəccüblənmişdi. Çünki onun bizim hakimiyyətimizə münasibəti o qədər də müsbət deyildi. Amma mənimlə münasibəti həmişə normal olub. Təbii ki, bizim də fikir ayrılıqlarımız olub. Ancaq yüksək intellekt sahiblərinə, müstəqil fikir sahiblərinə mənim etimadım var, inamım var. Həmin dövrdə də mənim bir vəkilim İntiqam Əliyev idi, İntiqam bəyi də tanıyırsınız, o cavan idi, ancaq çox yüksək səviyyədə vəkillik etdi, sonra da Azərbaycanın ən önəmli hüquqşünaslarından, vəkillərindən biri kimi tanındı, indi də hörmət sahibidir. Eyni zamanda mən Adilin də vəkilim olmasını istədim, çünki bilirdim ki, bu məhkəmə sadəcə hüquq məsələsi deyildi. Bu, iradələrin, bu, mövqelərin, bu, intellektlərin, o cümlədən, ideologiyaların da qarşılaşması olacaqdı. Adil də haqqın-ədalətin, həqiqətin, hüququn üstünlüyünə tərəfdar olduğu üçün, onun yüksək intellekt sahibi kimi yararlı olacağına inandığım üçün vəkilim olmasını istəmişdim, o da inamımı tam şəkildə doğrultmuşdu. Həm həmin dövrdə, həm də sonrakı mərhələlərdə".

"İstintaq aparan tək-tük vəkillərdən biri"

Xedice Ismayilova

Araşdırmaçı-jurnalist Xədicə İsmayılova deyir ki, özünün "şantaj işində evdə izləmənin təşkilində hökumətin əlinin olmasının üstünün açılmasında Adil İsmayılovun vəkil kimi istintaq aparmasının çox böyük" rolu olub.

"Adil müəllim cəlb olunduğu işlərdə vəkil kimi istintaq aparan tək-tük vəkillərdən idi. İndi bəlkə də yeganə vəkil idi deyə bilərəm. Həmişə onun yanına məsləhətə gedirdim bütün işlərlə bağlı. Bir insan kimi də qəribə müdrikliyi var idi. Susurdu, susurdu sonra birdən çox maraqlı fikirlər söyləyirdi. Çox dəyərli insan idi. Sözünün arxasında durmağı bacarırdı və bu, onun özünün fəxr etdiyi cəhətlərindən biri idi".

Adil İsmayılovun "qalmaqallı cinayət işlərində vəkil kimi və ya zərərçəkən nümayəndəsi kimi" iştirakını vurğulayan Xədicə İsmayılova təəssüflənir ki, o, özündə olan məlumatların "yalnız bir qismini açıqlamağı çatdırıb":

"Onda çox dəyərli məlumatlar vardı. Son bir ildə o bunları açıqlamağa başlamışdı. Çox təəssüf ki, o, onda olan informasiyanın müəyyən bir qismini açıqlamağı çatdırdı. Yeri həm peşəkar kimi, həm də fikir adamı kimi çox görünəcək və fikirlərinə hər zaman ehtiyacımız olacaq. Üzərimdə çox böyük haqqı var və mən onun haqqını verə bilmədim".

"Mən hüquqda atamı itirdim"

vəkil Aqil Layıc

Şəklin mənbəyi, Aqil Layıc

Vəkil Aqil Layıc BBC News Azərbaycancaya "bu gün mən hüquqda bir ata itirdim" deyir.

O deyir ki, hələ tələbə ikən yalnız bir vəkil adı eşidib-bilib - Adil İsmayılov adını.

"Əlbəttə ki, bu ad da onun gördüyü işlərlə, onun peşəkarlığı ilə bağlı və eyni zamanda onun dəyanəti, mərdliyi, dürüstlüyü ilə bağlı olan məsələlərə görə tələbələr arasında danışılırdı. Adil İsmayılov mənim üçün hüquq cameəsində mayak rolunu oynayıb. Həmişə təmkini, soyuqqanlı fikirləri ilə, tələsmədən məsələlərə münasibət bildirib. Biz son bir neçə ili ata-oğul kimi olmuşduq. Xaricdə olarkən mənə zəng vurub qayğılarımı soruşurdu, Azərbaycanda olduğunu, ata kimi buyurmağımı məndən xahiş edirdi. Onun itkisi nəinki Azərbaycan hüquq sisteminə, həm də Azərbaycan cəmiyyətinə, ictimai sektora böyük zərbə, böyük itkidir," - cənab Layıc danışır.

Aqil Layıc deyir ki, "önəmli olan Adil İsmayılovun çıxdığı işlər yox, onun çıxdığı işlərdə sərgilədiyi duruşu, mövqeyi, peşəkarlığı idi": "Hansı işə çıxırdısa, orada bir Adil İsmayılov dəsti-xətti olurdu. Bu, mübaliğəsiz belə idi. Bütün hüquq sistemi ona hörmət edirdi. Bu gün mən həm də ictimai sektorda bir ata itirmişəm".

"Doğrudur bölüşən vəkil deyildi, amma ondan çox şey öyrənmək olardı"

Samirə Ağayeva

Şəklin mənbəyi, Samirə Ağayeva

Hüquqşünas Samirə Ağayeva BBC News Azərbaycancaya deyir ki, Adil İsmayılov Azərbaycan üçün təkcə böyük və dəyərli vəkil yox, eləcə də böyük şəxsiyyət olub.

"Mən onu çoxdan tanıyıram. Mərhum İsaxan Aşurovun və Elton Quliyevin dostu idi. Həmişə bizim ofisə gəlirdi. Vəkillikdə elə vəkil çox azdır. Mən Adil bəyin bir neçə proseslərində iştirak etmişəm, təcrübəli və peşəkar adam olduğu üçün. Onun dindirmə taktikası çox əla idi. Gördüyüm ən güclü dindirmə Adil İsmayılovda idi. Ola bilsin ki, keçmişdə müstəntiq olduğuna görə bu onda yaxşı alınırdı. Eyni zamanda daxili qanunvericiliyi əla bilən, peşəkar vəkillərdən idi".

Samirə Ağayeva Adil İsmayılovu xarakterizə edərkən "onun bölüşməyi xoşlamayan vəkil" olmasına rəğmən, "böyük məktəb olduğunu" da vurğulayır.

"Doğrudur bölüşən vəkil deyildi. Məsələn, İsaxan Aşurov, Elton Quliyev müəllim kimi hər şeyi öyrədirdilər. Ancaq Adil bəy bölüşməyi bir qədər xoşlamırdı. Lakin onun proseslərini izləməklə mən, məsələn, özüm ondan çox şeylər öyrənmişəm".

Samirə Ağayeva hesab edir ki, hazırda vəkillər kollegiyasından "vicdanlı vəkillərin çıxarılması fonunda Adil İsmayılovun ölümü çox böyük itki"dir.

"Vəkillər Kollegiyası belə vəkillərin çiynində dayanırdı. Adil İsmayılovdur, Fuad Ağayevdir. Digər gənc vəkillər də var, onlar dostlarımızdır, amma Adil İsmayılovun getməsi Fuad Ağayevi meydanda tək qoydu".

Adil İsmayılovun ölümü sosial mediada da fəal şərh olunur.

"Bu yazı mənim üçün bəlkə həyatımda olan ən ağır yazılarımdan biridir. Tam səmimi deyirəm ki, Adilin yoxluğunun mənə bu qədər pis təsir edəcəyini heç gözləmirdim," Adil İsmayılovla tez-tez söz davasına çıxan vəkil Aslan İsmayılov öz Facebook hesabında belə yazıb:

"Adillə məni bir çoxları qohum, bir çoxları isə dost bilirdi və ona görə də çoxları bəzən yazılarında bizi dəyişik salırdılar (elə bu gün də bir çoxları mənim yaxınlarıma zəng edib rəhmətə getməyimlə bağlı baş sağlığı verib). Ancaq heç biri yox idi. Biz bir-birimizə çox hörmətlə yanaşan, peşəkarlığı ilə hesablaşan, öz bildiyimizdən heç vaxt əl çəkməyən və bu ölkədə bəlkə də ən çox mübahisə edən hüquqşünaslar idik. Çox mübahisələrimiz bəzən az qala davaya çevrilib, bir-birimizdən küsmüşük, bəzən uzun müddət danışmamışıq və bu münasibətin ictimailəşməsini istəməmişik.

Ancaq heç vaxt bir-birimizə pislik arzulamamışıq və çətin məqamlarda çoxlarının gözləmədiyi halda bir-birimizi müdafiə etmişik. Hər ikimiz öz fikirlərimizin düz olduğuna əmin idik və daim fikirlərimizi müdafiə edirdik. Aramızda olan mübahisələrin kimlərinsə bilməsini istəmirdik.

Elə Adilin son dövrlər məni debatlara çağırmasına fikir bildirməməyim də münasibətlərimizdən kimlərinsə istifadə etməməsi və münasibətlərimizi pozmamaq üçün idi. Bu ölkədə Adil bəlkə də məni ən çox qorumaq istəyən, gözlənilən təhlükələrdən xəbərdar edən şəxs idi. Bir çox mübahisələrimiz də Adilin fikrinə görə mənim hadisələrə həddindən artıq aqressiv münasibət bildirməyimlə bağlı idi".

Adil İsmayılov 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.

1978-ci ildən 1991-ci ilə qədər 13 il Azərbaycanda prokurorluqda mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyib.

90-cı illərdən başlayaraq, o, fəaliyyətini vəkil kimi davam etdirib.