Ukrayna Azərbaycanı strateji tərəfdaş seçib

Vladimir Zelenski

Şəklin mənbəyi, Getty Images

Ukrayna Azərbaycanı strateji tərəfdaş seçib. Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçub. Polis Demokratik Qüvvələrin Milli Şurası və AXCP rəhbərliyinə daxil olan qrupun Türk Şəhidliyii abidəsini ziyarət etməsinə mane olub, Seymur Həzi deyir. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan Tovuz rayonunun Hacallı kəndi istiqamətində "təxribat törədib" - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Ukrayna Azərbaycanı strateji tərəfdaş kimi görür

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyanın təsdiq olunmasına dair fərman imzalayıb.

Milli təhlükəsizlik strategiyası dövlət siyasətinin əsas istiqamətlərini, Ukraynanın milli maraqlarının prioritetlərini, başlıca hədəflərini müəyyənləşdirir.

Sənədin 36-cı bəndində göstərilir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Litva daha bir neçə ölkə ilə yanaşı Ukraynanın strateji tərəfdaşlarıdır.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, rəsmi Kiyev rəsmi Bakı ilə əlaqələrə böyük önəm verir və Azərbaycanın strateji tərəfdaş saymasının bəyan edilməsi də bunu göstərir.

"Ukraynanın Azərbaycanı strateji tərəfdar siyahısına salması rəsmi Kiyevin ikitərəfli əlaqələrə verdiyi qiymətin təzahürüdür. Ukrayna prezidenti Cənubi Qafqaz ölkələri arasında ancaq Azərbaycana səfər etdi," - politoloq deyib.

BBC News Azərbaycancaya danışan Elxan Şahinoğlunun sözlərinə görə, sərhəddə son qarşıdurma vaxtı Ukraynanın Azərbaycana dəstəyi birmənalı olub.

"Sərhəddəki son insidentdən sonra Gürcüstandan daha çox dəstəyi bizə Ukrayna verdi. Ukrayna XİN-in bəyanatında Azərbaycanın ərazi bütövlüyü birmənalı vurğulandı, BMT-nin dörd qətnaməsi xatırladıldı".

Bu il iyulun 12-dən 16-na kimi Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində ağır döyüşlər baş verib və Azərbaycan bir mülki şəxsini və biri general olmaqla 10-dan çox hərbçisini, Ermənistan 5 hərbçisini itirib.

Milli strategiyanın təsdiq olunmasına dair fərman prezident Volodimir Zelenski tərəfindən imzalanıb.

"Sənəd Milli Təhlükəsizlik və Müdafiə Şurasının 14 sentyabr 2020-ci il tarixli" Ukraynanın Milli Təhlükəsizlik Strategiyası haqqında" müvafiq strategiyanı təsdiqləyir," - bazar ertəsi Ukrayna Prezidentinin Ofisinin yaydığı rəsmi məlumatda deyilir.

Milli təhlükəsizlik strategiyası digər strateji planlaşdırma sənədlərinin hazırlanması üçün əsas sayılır.

Ukraynanın təhlükəsizlik strategiyasını müəyyən edən sənəddə deyilir ki, insanların həyatı, sağlamlığı, toxunulmazlığı, şərəf və ləyaqəti ən yüksək sosial dəyərdir.

Bu, Ukraynada təhlükəsizlik və xarici siyasət prioritetlərini müəyyən edən sayca üçüncü sənəddir.

BBC News Azərbaycancanın icmalındakı digər xəbərlər:

türk qırıcı təyyarələri

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçub

Paylaşımını ötürün Facebook

Məzmun mövcud deyil

Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.

Paylaşımın sonu Facebook

Bu gün Gəncə şəhərində Azərbaycan və Türkiyə qırıcıları Bakı şəhərinin azad olunmasının 102-ci ildönümünə həsr olunan nümunəvi uçuşlar keçirib.

Bundan əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

Müxalifətin Türk Şəhidliyinə ziyarəti

Şəklin mənbəyi, AXCP

Polis müxalifətin Türk Şəhidliyi abidəsini ziyarətinə müdaxilə edib

Polis Demokratik Qüvvələrin Milli Şurası və AXCP rəhbərliyinə daxil olan qrupun Türk Şəhidliyi abidəsini ziyarət etməyə mane olub, Seymur Həzi deyir.

AXCP-nin sədr müavini Seymur Həzi BBC News Azərbaycancaya bildirib ki, sentyabrın 15-də Şəhidlər Xiyabanında yerləşən türk əsgərlərinin məzarlarını ziyarət etmək istəyənlərə "xüsusi şərait" yaradılsa da, onlara "xüsusi maneə yaradılıb".

O, polisin buna səbəb kimi karantin rejimini göstərdiyini, lakin bütün karantin qaydalarına əməl etdiklərini söyləyir.

"Biz - Milli Şura və AXCP rəhbərliyinə daxil olan 10 nəfər bütün karantin qaydalarına əməl edərək Türk Şəhidliyini ziyarət etməyə getdik. Bizim ziyarətimizə mane oldular, Əli Kərimlinin şəhidlərin xatirəsinə bir neçə kəlmə deməsinə imkan vermədilər. Azərbaycan hökuməti başa düşmür ki, bu, Azərbaycan üçün həyatından keçmiş türk əsgərlərinin və o dövrdə döyüşmüş türk zabitlərinin xatirəsinə hörmətdir. Çox təəssüf ki, bunu qiymətləndirə bilmədilər. Biz polislərə qanunun tələblərini xatırlatdıq, onlar dedilər bizə göstəriş var, olmaz. Hökumətin davranışı adekvat olmadı".

Sosial şəbəkələrdə yayılan görüntülərdə polis müxalifət üzvlərini saxlayır, onlara eyni anda yalnız 10 nəfərin buraxılmasına icazə olduğunu söyləyir və onlara irəliləməyi söyləyir.

Polis ziyarət iştirakçılarını bir neçə dəfə saxlayır və səsötürücü qurğudan "buraxın" göstərişi gəldikdən sonra onların hərəkətə icazə verir.

Video görüntülərdə AXCP sədri Əli Kərimlinin Bakını azad edərkən həlak olmuş şəxslərin xatirəsi ilə bağlı söz demək istədiyini, lakin polisin buna imkan vermədiyi əks olunub.

Video kadrlardan görünür ki, polis ziyarətçilərdən "problem yaratmamağı" xahiş edir və onları ərazidən uzaqlaşdırır.

Polis sosial mediada yayılan video görüntülərlə və səslənən iddialarla bağlı şərh verməyib.

BBC News Azərbaycancanın məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Bakı Baş Polis İdarəsindən cavab ala bilməyib.

Bu gün Bakının bolşevik-daşnak hərbi qüvvələrindən azad edilməsinin 102 ili tamam olur.

15 sentyabr 1918-ci ildə Osmanlı hərbçisi Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti milli ordusu Bakını azad ediblər.

Bundan sonra 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan etmiş hökumət Gəncədən Bakıya köçüb.

Bakının azad edilməsi uğrunda gedən döyüşlərdə mindən çox türk əsgəri həlak olub.

atəş

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, Foto: Arxiv

Azərbaycan əsgəri yaralanıb

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Azərbaycan əsgəri yaralanıb, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bazar ertəsi günü axşam saatlarında Ermənistan Tovuz rayonunun Hacallı kəndi istiqamətində təxribat törədib və nəticədə gizir Renat Əliyev yaralanıb.

Qurum hərbçinin həyati təhlükəsinin olmadığını açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Sardaryan Azərbaycanın "təxribat törətmək" ittihamları ilə bağlı deyib ki, Azərbaycan Ermənistanın şimal-şərq sərhədində istehkam işləri aparmağa cəhd edir.

"Təbii ki, bu, sərhədin bu hissəsində risklərin azalmasına xidmət etmir. Ermənistan Silahlı Qüvvələri bu kimi cəhdlərin qarşısını alır və eyni zamanda gələcək eskalasiyaya yol verməmək üçün müvafiq tədbirlər görür. Hazırkı vaxtda sərhəddə vəziyyət stabildir və nəzarət olunur," - Şuşan Sardaryan deyib.

"Erməni tərəfi hər hansı kənd istiqamətində atəş açmayıb," - o əlavə edib.

Azərbaycan və Ermənistan arasında 30 ildən çoxdur ki, Qarabağ münaqişəsi davam edir.

26 il əvvəl tərəflər arasında atəşkəs imzalansa da, atışmalar mütəmadi olaraq davam edir.

Bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdə Azərbaycan tərəfi 12 hərbçi və 1 mülki şəxsini, Ermənistan isə 5 hərbçisi itirib.

Hər iki tərəf atəşkəsi pozmaqda bir-birini ittiham edib.

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı, İlham Əliyevdən xaricdə yaşayan azərbaycanlılara: "Onlar öz uşaqlarını milli ruhda tərbiyə etməlidirlər"

Xaricdə yaşayan azərbaycanlılar biznes sahəsində ona görə uğur qazanırlar ki...

Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlı iş adamlarını Azərbaycana investisiya qoymağa çağırıb.

"Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər," - İlham Əliyev deyib.

Azərtac xəbər verir ki, bazar ertəsi "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak edən prezident əlavə edib ki, buna görə də onlar öz vətənlərinə vəsait qoymalıdırlar.

İlham Əliyev əlavə edib ki, xaricdə yaşayan azərbaycanlılar öz uşaqlarını "Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də milli dəyərləri" yaşatsınlar.

Prezident Əliyev vurğulayıb ki, pandemiya nəticəsində dərinləşən böhran bir çox şirkətlərə mənfi təsir göstərib: "Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq".

İlham Əliyevin sözlərinə görə, o, yerli investorları da istiqamətləndirib ki, Azərbaycana pul qoysunlar. O vurğulayıb ki, Azərbaycanda inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin.

Livan erməniləri Dağlıq Qarabağda məskunlaşdırırlır

Şəklin mənbəyi, Artsakh.tv

Livan erməniləri Dağlıq Qarabağa köçürülür

Sentyabrın 18-dən sonra daha iki livanlı erməni ailəsinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürüləcəyi gözlənilir, Ermənistan KİV-ləri xəbər verir.

İlk livanlı erməni ailələri təxminən iki həftə bundan əvvəl Dağlıq Qarabağda məskunlaşmağa başlayıb. Erməni informasiya agentliklərinin məlumatına görə, iki belə ailə artıq keçmiş Dağıq Qarabağ Muxtar Vilayəti ərazisindən kənarda, işğal altında olan kəndlərdən birində yerləşdirilib, daha bir ailə Şuşada məskunlaşıb.

Rəsmi Bakı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini pisləyib. Azərbaycanı Prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi Yerevanın hərəkətlərini "müharibə cinayəti" kimi səciyyələndirib.

AZƏRTAC agentliyinə açıqlamasında Hikmət Hacıyev işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılmış əhalinin faktiki olaraq "Ermənistanın məsuliyyətsiz, avantürist siyasətinin qurbanına" çevrildiyini bildirib.

"Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir," - cənab Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

"Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir," - Hikmət Hacıyev qeyd edib.

Bununla belə, Dağlıq Qarabağdan alınan məlumatlara görə, daha 30 ailənin Dağlıq Qarabağa köçməsi haqqında danışıqlar aparılır. Bu barədə Dağlıq Qarabağdan yayımlanan "Artsakh" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Beyrut limanında avqustun 4-də baş verən partlayışdan sonra Livan ermənilərinə dəstək proqramı çərçivəsində humanitar yardımdan başqa, "Artsax (Dağlıq Qarabağ - red.) burada məskunlaşmaq istəyən Livan erməni ailələrini qəbul edir".

"Artsax xalqından Livan ermənilərinə" işçi qərargahın məlumatına görə, hazırda Dağlıq Qarabağda məskunlaşmaq istəyən 30 ailə ilə danışıqlar aparılır, məlumatda deyilir.

Təxminən iki həftə əvvəl təkuşaqlı Toni və Tsoler Hajjar ailəsi də Şuşada məskunlaşıb.

Lakin Toni Hajjarın ailəsi Livandan daha əvvəl, 2018-ci ildə, maliyyə böhranı səbəbindən çıxıb. Uzun əziyyətlərdən sonra Ermənistana gəlmək, "hər şeyi yenidən başlamaq" qərarına gəliblər. Lakin, deyirlər, iş tapmaq çox çətin olub. Toni uzaqlarda pul qazanmağa çalışırdı, həyat yoldaşı oğlunu - "ilk zamanlar yad da görünsə, hər halda doğma erməni mühitində" - tək böyütməyə məcbur idi, onlar deyirlər.