Navalnının zəhərlənməsi: Almaniya Avropa İttifaqını Noviçok-la bağlı tədbir görməyə çağırır

Almaniyada Navalnının zəhərlənməsi ilə bağlı Avropa İttifaqından Rusiyaya qarşı tədbir görülməsinə dair çağırışlar səslənir.

Almaniya Kansleri Angela Merkel-in ən yaxın müttəfiqi Norbert Röttgen deyib ki, Rusiya ilə əsas qaz anlaşmasına yenidən baxılmalıdır.

Çərşənbə günü Almaniya hökuməti Putinin tənqidçisi Aleksandr Navalının "Noviçok" maddəsilə zəhərləndiyini təsdiqləyib.

Navalnı hazırda Berlində Charité hospitalının reanimasiya şöbəsindədir, onun vəziyyətinin kritik olduğu bildirilir.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü bildirib ki, ölkə "baş verənlərin səbəblərini müəyyənləşdirməkdə maraqlıdır", lakin o əlavə edib ki, "bunun üçün Almaniyadan məlumatlara ehtiyac var. Almaniyadan məlumatlar bizdə hələ yoxdur", Dmitri Peskov deyib.

Avqustun 25-də Berlinin Charite klinikasının həkimləri bəyan edib ki, Aleksey Navalnı zəhərlənib, onun analizində toksik maddə tapılıb.

BBC-nin danışdığı mütəxəssislər deyir ki, tapılan maddə hərbi zəhərlər sinfinə aiddir və bu maddə insan üçün uzunmüddətli təsirə malik ola bilər.

Bu cür zəhərlər arasında, məsələn, "Noviçok"-la Böyük Britaniya hökumətinin bəyanatına görə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal zəhərlənmişdi.

Navalnının ilk öncə yerləşdirildiyi Omsk xəstəxanasının həkimləri ona zəhərlənmə diaqnozu qoymaqdan, ölkənin İstintaq Komitəsi isə bu maddə ilə cinayət işi açmaqdan imtina etmişdi.

"Bir daha demək istəyirəm: Alekseydə "toksik zəhərlənmə var" sözlərini mənə təcili tibbi yardımın həkimləri demişdi", - Navalnının mətbuat katibi Kira Yarmış Twitter-də deyib, - "Bu, mənim ehtimalım deyildi. Yəni, Alekseyi görən ilk tibb işçisi bu nəticəyə gəlib. Bundan sonrakı bütün günlər Omsk xəstəxanasının baş həkimi hamının başını aldadıb".

Alman həkimlər deyir ki, bir neçə müstəqil laboratoriyadan təsdiqini tapmış analizin nəticələri Navalnıda zəhərlənmə olduğunu göstərib. Onun dəqiq hansı maddə ilə zəhərləndiyi hələlik müəyyən edilməyib.

Navalnı hazırda süni koma vəziyyətindədir və müalicə olunur. Hazırda onun həyatı üçün kəskin təhlükə yoxdur, lakin zəhərlənmənin təsirləri, xüsusilə də sinir sisteminə təsirləri istisna olunmur, Charite klinikası bildirib.

Putinin tənqidçisi Aleksey Navalnı müalicə üçün Berlinə aparılıb

Cümə axşamı günü komaya düşən müxalif siyasətçi Aleksey Navalnı müalicə üçün təyyarə ilə Omskdan Berlinə çatdırılıb. Rusiyalı həkimlər onun Almaniyaya aparılmasına qarşı çıxsalar da, ötən gün fikirlərini dəyişiblər və uçuşa icazə verilib.

Bundan əvvəl Rusiyanın Omsk şəhərindəki təcili yardım xəstəxanasının baş həkimi Aleksey Navalnının vəziyyətinə görə Almaniya klinikasına göndərilməsinə icazə vermirdi.

Avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya qayıdan Aleksey Navalnının halı pisləşib və o, komaya düşüb. Siyasətçinin uçduğu təyyarə Omsk şəhərində təcili eniş edəndən sonra, Aleksey Navalnı yerli xəstəxanaya çatdırılıb.

İddia olunur ki, siyasətçinin Moskvaya yollanmaqdan əvvəl, aeroportda içdiyi çayda zəhərli maddə olub. Aleksey Navalnının tərəfdarları hesab edirlər ki, uçuşa icazə verməklə bağlı yubandırmalar, həmin maddənin izlərini gizlətmək cəhdi ilə əlaqəli ola bilər.

Omsk həkimləri zəhərlənmə barədə iddiaları tamamilə istisna edirlər.

Rusiyalı siyasətçi Berlinə xüsusi Bombardier Challenger 604 təyyarəsi ilə aparılıb. O, komada olan xəstələri daşımaq üçün mühüm avadanlıqla təchiz olunub.

Cümə günü Navalnının sözçüsü Kira Yarmış bildirib ki, "ola bilsin ki, Navalnını indi aparmaq mümkün olacaq. Təəssüf ki, qərar qəbul edilməsi üçün bu qədər zaman tələb olundu. Təyyarə səhərdən gözləyir, sənədlər də qaydasında idi".

"Baş həkim Navalnının daşınmasının mümkün olmadığını bildirib. Vəziyyəti qeyri-sabitdir. Qohumlarının verdiyi qərarlar onun daşınması üçün yetərli deyil,"- siyasətçinin mətbuat katibi Kira Yarmış Twitter-də bildirib.

Təcili yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovski də öz növbəsində jurnalistlərə Navalnının vəziyyətinin yaxşılaşdığını, lakin hələ daşınması üçün kifayət qədər sabit olmadığını bildirib.

"Vəziyyət gecə bir qədər yaxşılaşdı, amma hələ də dayanıqlı sabitliyə nail ola bilməmişik. Həkimlərin konsultasiyasına görə, onun daşınması hələ mümkün deyil. Xəstənin tam sabitləşməsinə nail olmaq lazımdır,"- baş həkim deyib.

Onun fikrincə, daşınma zamanı "hər şey ola bilər, ən kədərlisi belə".

Aleksey Navalnını aparmaq üçün Almaniyadan göndərilən xüsusi təyyarənin Omska enməsindən əvvəl siyasətçinin vəziyyəti ağır kimi dəyərləndirilirdi. "Alekseyi təxliyə etmək üçün təşkil etdiyimiz təyyarə bir saata enməlidir. Navalnının daşınmasına qoyulan qadağa onun həyatına edilən bir sui-qəsd cəhdidir," - deyə Twitter-də yazan Kira Yarmış əlavə edib ki, bunu həkimlər və hakimiyyət edir.

Onun sözlərinə görə, bundan əvvəl həkimlər Navalnının daşınmasına icazə verməyə hazır olduqlarını söyləsələr də, son anda fikirlərini dəyişdiriblər.

Navalnının dəqiq diaqnozu hələ məlum deyil. Bir gün əvvəl o, Tomskdan Moskvaya uçan təyyarənin göyərtəsində özünü pis hiss edib, bundan sonra təyyarə Omskdə təcili eniş edib.

Tibbi yardım təyyarəsi rusiyalı müxalifətçi Aleksey Navalnını zəhərlənmə ehtimalından sonra Sibirdən Berlinə aparmaq üçün yola çıxıb.

Tibb avadanlıqları və mütəxəssislər də təyyarədədirlər, "Sülh üçün Film" alman sülh fondunun direktoru bildirib.

Aleksey Navalnı cümə axşamı təyyarədə halsızlaşandan sonra komadadır.

Onun komandası hava limanında Navalnının çayına nə isə qatıldığından şübhələnir.

Berlinin Charite xəstəxanası Rusiya Prezidenti Vladimir Putinin tənqidçisini müalicə etməyə hazırdır, "Sülh üçün Film" fondunun direktoru Jaka Bizilj deyib.

Təşkilat Navalnıya cümə günü Rusiyanı tərk etməyə icazə veriləcəyinə ümid edir. Yerli rəsmilər bildirib ki, Moskvadan gələn tibbi mütəxəssislər Omskda toplaşaraq Navalnının Almaniyaya aparılıb-aparıla bilməyəcəyini müəyyən etməyə çalışırlar.

Həm Almaniya, həm də Fransa müalicəyə kömək etməkdən məmnunluğunu bildirib.

Almaniya kansleri Angela Merkel "o, bizdən bütün köməyi və lazım olan tibbi dəstəyi ala bilər" deyib.

Vladimir Putinin sözçüsü söyləyib ki, Kreml ehtiyac olarsa, Navalnının xaricə getməsinə kömək edə bilər və onun "tez sağalmasını" arzulayır.

Rusiyalı müxalifyönümlü siyasətçi Aleksey Navalnı "zəhərlənib": "Çayına nəsə qatıblar"

Rusiyalı müxalifyönümlü siyasətçi Aleksey Navalnı zəhərlənmə əlamətləri ilə reanimasiyaya yerləşdirilib, onun mətbuat katibi bildirib.

Navalnının mətbuat katibi bunun məqsədli zəhərlənmə ola biləcəyini güman edir.

"Navalnı bu gün səhər Tomsk şəhərindən Moskvaya qayıdırdı. Uçuş zamanı onun halı pisləşdi.Təyyarə Omska təcili eniş etdi. Alekseyin toksik zəhərlənməsi olub. İndi biz təcili yardım maşını ilə xəstəxanaya gedirik", - siyasətçinin sözçüsü Kira Yarmış Twitter hesabından bildirib.

Omsk vilayətinin səhiyyə idarəsi Navalnının göyərtəsində olduğu təyyarənin təcili eniş etdiyini təsdiqləyib. Navalnının reanimasiyaya yerləşdirildiyi bildirilir.

Kira Yarmış BBC-yə deyib ki, uçuşdan demək olar ki, dərhal sonra Navalnının halı pisləşib.

"O bu haqda bildirdi və alnını silmək üçün salfet istədi, sonra dedi ki, kənara çəkilməlidir. Təyyarənin quyruq hissəsinə getdi, orada huşunu itirdi," - o, BBC-yə deyib. - "Bələdçilər tibb bacısını tapdılar, o, ilk yardım göstərməyə çaılışdı. Yaxınlıqdakı Omsk şəhərində eniş etmək qərarı aldılar. Təcili yardımı təyyarədən çağırdılar".

TASS agentliyi xəstəxananın baş həkimi Aleksandr Muraxovska istinadən bildirib ki, Navalnının vəziyyəti ağırdır.

"Omsk online" portalı yazıb ki, Navalnı özünə gəlib, amma çətinliklə danışır və hərəkət edir.

Kira Yarmışın sözlərinə görə, Navalnını süni ventilyasiya aparatına qoşublar.

Kira Yarmış deyib ki, "Alekseyin çayına nə isə qataraq zəhərlədiklərini güman edirik. Bu, onun səhərdən içdiyi yeganə şey idi. Həkimlər deyir ki, zəhərli maddə qaynar maye vasitəsilə daha tez sorulub".

Siyasətçinin sözçüsü BBC-yə Navalnının zəhərlənmənin mənbəyi ola biləcək çayı uçuşdan əvvəl hava limanında içdiyini bildirib.

Kürdəmirin həbs edilən icra başçısı işdən çıxarılıb

Ceyhun Cəfərov 6 ildən çox icra etdiyi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ceyhun Cəfərov və onun müavinləri barədə həbs-qətimkan tədbiri seçilib, Baş Prokurorluq bildirib.

Avqustun 19-da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, onun birinci müavini Tacəddin Novruzov, şöbə müdiri Natiq Kərimov saxlanıb.

Baş Prokurorluq bildirib ki, sözügedən şəxslərin "qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib".

"Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, "Azbiyan" Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib", - Baş Prokurorluğun məlumatında deyilir.

Ceyhun Cəfərov, Tacəddin Novruzov, Natiq Kərimova qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda", "rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə", "rüşvət alma təkrar törədildikdə" və "rüşvət alma külli miqdarda törədildikdə" ittihamları ilə cinayət işi açılıb və həmin şəxslər barədə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Kürdəmir rayon icra hakimiyyətinin tabeliyindəki və rayonda fəaliyyət göstərən digər qurumlarda qanun pozuntularının araşdırıldığını bildirib.

Saxlanan şəxslərin onlara verilən ittihamları qəbul edib-etməməsi bəlli deyil.

Azərbaycanda ötən ilin sonundan bəri bir sıra rəsmi şəxs işdən çıxarılıb və ya hüquqi məsuliyyətə cəlb olunub.

Sakinlər Kürdəmirdə vəziyyətlə bağlı nə deyirlər?

Kürdəmirdə fəaliyyət göstərən hüquq müdafiəçisi Lətafət Məlikova deyir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin fəaliyyətindəki nöqsanları "dəfələrlə göstərsə də, bir nəticəsi olmayıb".

"Məktəbləri yaman günə qoymuşdular. Kürdəmirdə müəllimlərdən 60-100 manat arası pul yığırlar. Bu barədə Baş nazirə də sual vermişdim ki, bunu kimə yığırlar, nəyə yığırlar? İcra başçısı rayonun abadlaşdırılması üçün müəllimlərdən pul yığırdı, insanları xəstəxananın, məktəblərin texniki işlərində məcburi əməyə cəlb edirdi. Dəfələrlə xəbərdarlıq etmişdim ki, bu cinayətdir".

Lətafət Məlikova söyləyir ki, Kürdəmirdə "iş yerləri olmadığı üçün insanlar ancaq təsərrüfatla məşğuldurlar".

"Amma Kürdəmirin torpaqları elə siz deyən münbit də deyil, şoran torpaqlardır. Təsəvvür edin ki, kənd təsərrüfatı məhsulları, göyərti Bakıya da Bərdədən gəlir, Kürdəmirə də. Yerpulu da bahadır, insanlar məhsulu bazardan kənara yerdə qoyub satmağa məcburdur".

"Rayonda iş yox, güc yox, sosial təminat da ki, haradan olsun?"

Kürdəmir sakini Leyla Abbasova deyir ki, özünün və yaxınlarının Kürdəmir Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlər həllini tapmayıb.

"Bizə elə söz verirdilər ki, baxacağıq, edəcəyik, bu gün, sabah, amma heç nə həll olmurdu. Rayonda iş yox, güc yox, sosial təminat da ki, haradan olsun? Belə halda nədən razı olaq ki?", - o deyir.

Leyla Abbasova söyləyir ki, qurumda rüşvət iddiaları ilə bağlı eşitsə də, özü bu halla rastlaşmayıb.

"Məndən pul tələb edən olmayıb, amma müraciət edilən məsələlərə də baxılmayıb. Bəlkə də elə baxıb fikirləşiblər ki, məndə pul olsa, niyə qapılardayam?!"

"Biz kimə nə sübut edə bilərik ki?"

"Məktəblərdə pul yığıldığını eşitmişdim, amma biz kimə nə sübut edə bilərik ki?", - digər Kürdəmir sakini Namiq Məmmədov deyir.

O, rayonda əsasən işsizlikdən, sakinlərin gəlirlərinin az olmasından şikayətlənir.

"İş olsa, adamların dərdinə qulaq assalar heç kim də şikayət etməz. İndi Kürdəmirdə kimdən soruşsan gəliri çox aşağıdır, ya da yoxdur. Belə də olmaz axı", - o söyləyir.