Rusiya: Müxalifət lideri Aleksey Navalnı 50 sutkalıq həbsdən sonra azadlığa çıxıb

Rusiyada müxalifət lideri Aleksey Navalnı bazar günü azadlığa buraxılıb. O, avqustun 25-dən iki inzibati həbs cəzası çəkib.

"Ötən 50 gün ərzində bu rejimin deqradasiyasını sübut edən bir neçə hadisənin şahidi olduq: xarici kəşfiyyatdan tutmuş kosmik sənayeyə qədər", - Navalnı jurnalistlərə bildirib.

"Həbslərlə bizi qorxuda biləcəklərini düşünürlərsə, bu, əlbəttə, belə deyil", - o, əlavə edib.

Aleksey Navalnıya 50 günlük həbs müddətinin ilk 30 günü avqustun 25-də kəsilib - bu ilin yanvar ayında "Seçicilərin tətili" adı altında keçirilmiş aksiyaya görə.

Sentyabrın 24-də azadlığa çıxdıqdan bir neçə dəqiqədən sonra isə Navalnı yenidən saxlanılıb və ona mitinqlərin təşkili qaydalarının təkrar pozulması ittihamı əsasında 20 sutkalıq həbs cəzası kəsilib.

Siyasətçi ikinci həbsini sentyabrın 9-da onun çağırışı ilə keçirilmiş pensiya islahatı əleyhinə aksiyalarla əlaqələndirib.

2016-cı ilin dekabrından bəri Aleksey Navalnı altı dəfə həbs olunub və inzibati həbsdə ümumilikdə 140 sutka saxlanılıb.