You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda donorluq: mənim qanım satılırmı?
Azərbaycanda şəxslərin müraciət olmadan könüllü qan donorluğu ənənəsi demək olar ki, yoxdur, qan donorluğu ilə məşğul olanlar belə düşünürlər.
BBC News Azərbaycancaya müsahibələrində onlar bunun səbəblərindən biri kimi əhalinin verdiyi qanın ehtiyacı olan xəstəyə pulsuz çatmayacağı, bu qanın satılacağı ilə bağlı "narahatlıqları" qeyd ediblər.
"Qəhrəman" Qan Donorları Xeyriyyə İctimai Birliyinin sədri Emil Vəliyev hesab edir ki, qan satışının qarşısını almağın yeganə yolu "lazım gələndən daha artıq qan təchizatıdır".
Mərkəzi Qan Bankı dövlət xəstəxanalarında xəstənin qanla ödənişli əsaslarla təmin olunmasına icazə verilmədiyini deyir.
"60 manat və ya iki donor"
"Mənə dedilər ki, xəstənizə qan köçürməyə görə ya 60 manat pul verin, ya da iki donor gətirin", - Bakı sakini Mehriban Quliyeva deyir ki, bu sözlər ona qan donorluğu ilə maraqlanmağa başladığı vaxtda deyilib.
Onun sözlərinə görə, tələbə yoldaşları ilə qan donorluğu aksiyasına qoşulacağı vaxt anası qəflətən dövlət xəstəxanalarından birinə yerləşdirilib və ona təcili qan köçürmək lazım gəlib.
Mehriban Quliyeva söyləyir ki, xəstəxanada onlardan xəstəyə köçürüləcək qan üçün ya pul, ya da eyni miqdarda qan verilməsi istənilib. Onun "qan pulsuz verilmirmi?" sualına isə "elə şey yoxdur" cavabı verilib.
"Anam ağır vəziyyətdə idi deyə o qaçaqaçda pulu ödədik. Heç donor tapmağa da halımız yox idi. Ağır xəstəsi olan adamın qanun-qayda axtarmağa nə vaxtı, nə də halı olur. Bizə nə kağız verdilər, nə də qəbz. Lap sonra kiməsə şikayət etsən, necə sübut edəcəksən?"
25 yaşlı gənc deyir ki, bu hadisədən sonra qan donoru olmaq fikrindən daşınıb. O özünün və yaxınlarının təcrübələrindən sonra təkcə Mərkəzi Qan Bankına inandığını deyir, lakin əlavə edir ki, verəcəyi qanın "sonradan başqa xəstəxana tərəfindən satılma ehtimalı" onun qarşısını alır.
"Pula ehtiyacım olduğu üçün satıram"
Azərbaycanda 18-65 yaşlı fəaliyyət qabiliyyətli hər bir şəxs qanın və qan komponentlərinin donoru ola bilər. Ölkədə könüllü qan donorluğu dəstəklənsə də, müxtəlif elan saytlarında və sosial şəbəkələrdə qanın ödənişli satışını təklif edən şəxslərə hələ də tez-tez rast gəlmək olur.
"Mənim qanım +1-dir. Pula ehtiyacım olduğu üçün pulla satıram. İstəyən olsa, mənə yaza bilər", "Mənim qanım -2-dir. Pula ehtiyacım olduğu üçün mən də satıram, istəyən olsa, yazsın", "Məndə qan tapılmır, satmaq istəyərdim, -1 qan neçəyədir?" - bu elanlar Mərkəzi Qan Bankının rəsmi Facebook səhifəsinə yazılan şərhlərdir. Səhifədə dərc olunan bir çox materialların altında bu cür şərhlərə rast gəlmək olar.
Şərhlər arasında müxtəlif tibb müəssisələrində qanın pulla satılmağı barədə iddialar səsləndirilib. Mərkəzi Qan Bankı onlarda qan donorluğunun "könüllülük prinsipi əsasında" həyata keçirildiyini, digər müəssisələrə görə "cavabdehlik daşımadıqlarını" yazıb.
"Bizdə tanımadığımız adamlara nəsə vermək yoxdur"
9 ildir ki, qan donoru olan Namiq Hüseynov deyir ki, -1 qanı az tapıldığı üçün ona donorluq təklif edilib, o da razılaşıb. O söyləyir ki, Türkiyədə təhsil aldığı müddətdə donorluq fəaliyyətini davam etdirib.
O hesab edir ki, Türkiyə ilə müqayisədə Azərbaycanda qan donorluğu ilə bağlı təbliğat "güclü deyil".
"Türkiyədə oxuduğum müddətdə onların səyyar avtobuslarında qan verirdim. Azərbaycanda qan donorluğu ilə bağlı elə də güclü təbliğat yoxdur və bunun ənənəsi yoxdur. Orada orqan donorluğu da var və cəmiyyət belə insanları təqdir edir və bu, artmağa başlayır. Bizdə belə təqdir və tanımadığımız adamlara nəsə vermək yoxdur".
Namiq Hüseynov son dörd ildə rayonlardan birində yaşayan azyaşlı talassemiya xəstəsinə donorluq edir. O deyir ki, qanının satılacağı barədə şübhəsi olan şəxslər bu komponentə ehtiyacı olan şəxslərlə birbaşa əlaqə qurmaqla qanının təmənnasız ötürüləcəyinə əmin ola bilərlər.
O, sosial şəbəkələrdə tez-tez hansısa xəstəyə qan tələb olunduğu barədə elanlara rast gəldiyini də söyləyir.
"Belə bir şey də var ki, kimsə əməliyyat olanda xəstəxanalar məcbur edir ki, ya pul verib qan al, ya da adam tap, gəlib qan versin. Amma o qanı çox vaxt istifadə etmirlər, sadəcə saxlayırlar ki, birdən qanaxma olsa, köçürülsün. Nə bu, nə də pulla almaq etikdir. Facebookda tez-tez elanlar çıxır ki, filankəsə qan lazımdır. Əslində qan lazım olmur, sadəcə xəstəxana onu ehtiyat üçün götürür".
Namiq Hüseynov söyləyir ki, insanlar ona tez-tez "donorluğun xəstəlik sala biləcəyini" deyirlər. O vurğulayır ki, əhaliyə "bu fikrin səhv olduğu başa salınmalı, qan donorluğunun steril olduğu izah olunmalıdır".
Qanın xəstəyə ödənişsiz çatdırılmasına kim nəzarət edir?
Mərkəzi Qan Bankı deyir ki, dövlət xəstəxanalarında qanın xəstəyə ödənişli əsasla verilməsinə icazə verilmir. Qurum BBC News Azərbaycancaya deyib ki, Bank bütün dövlət tibb müəssisələrini qan və qan komponentləri ilə "tamamilə ödənişsiz" təmin edir.
Mərkəzi Qan Bankı bildirib ki, onların əsas funksiyası "təmin edilən qan və qan komponentlərinin keyfiyyətinə, saxlanma şəraitinə nəzarət etməkdir", xəstəxanalara göndərilən qanların xəstələrə köçürülməsinə nəzarəti isə "xəstəxana rəhbərlikləri" həyata keçirir.
"Qan ehtiyacı yaranan vətəndaş müalicə olunduğu tibb müəssisəsindən həkimin tələbnaməsi ilə Mərkəzi Qan Bankına müraciət etməlidir. Əgər həmin vaxt bizdə tələb olunan qan qrupundan qan ehtiyatı kifayət qədər varsa, həmin xəstə üçün xəstəxanadan tələbnamə ilə gələn tibb işçisi ilə xəstəxanaya göndərilir və xəstə yaxınına məlumat verilir ki, bu xidmət ödənişsizdir. Yox, əgər tələb olunan qan qrupundan ehtiyatlarımız kifayət qədər deyilsə, xəstə yaxınına donorun cəlb edilməsi ilə bağlı bildirilir. Bu əsnada göstərilən xidmətlərə görə isə xəstə yaxınından hər hansısa bir vəsait tələb olunmur," - Mərkəzi Qan Bankı izah edir.
Mərkəzi Qan Bankı açıqlayıb ki, onlar yalnız Elmi Cərrahiyyə Mərkəzi, Respublika Klinik Xəstəxanası, 3 saylı Şəhər Klinik Xəstəxanası və 1 saylı Kliniki Tibbi Mərkəzdə yerləşən Qan Banklarında və transfuzioloji kabinetlərdə yoxlama apara bilərlər.
Qurum bildirib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılana qədər onun tərkibinə birləşdirilən ayrı-ayrı qurumlarda "müəyyən neqativ hallar" olub və bu halların yaşanması insanlarda "müəyyən inamsızlıq yaradıb".
Mərkəzi Qan Bankı deyir ki, qurum yaranan inamsızlığı aradan qaldırmaq üçün xidmətlərini "tam şəffaf və vətəndaşlara açıq şəkildə" təşkil edib. Məlumatda deyilir ki, quruma edilən bütün müraciətlər araşdırılır, iddialar öz əksini tapırsa, qanun pozuntusuna yol vermiş müəssisə və fərdlərlə bağlı daha üst quruma məruzə edilir.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu məsələnin onların səlahiyyətlərinə aid olmadığını bildirib.
"İnsanlar bilməlidirlər nə edirlər, niyə və kim üçün edirlər"
"Qəhrəman" Qan Donorları Xeyriyyə İctimai Birliyinin sədri Emil Vəliyev deyir ki, insanların qan donorluğuna olan inamsızlığını təkcə Mərkəzi Qan Bankı və ya TƏBİB vasitəsilə həll etmək olmaz. Onun fikrincə, bunun üçün qeyri-hökumət təşkilatları, özəl təşkilatlar, könüllülər və xeyriyyəçilər birgə işləməlidirlər.
Emil Vəliyev hesab edir ki, inamsızlığı həm də Birliyin qurduğu elektron sistemə bənzər yollarla azaltmaq mümkündür.
"Bizim qurduğumuz beynəlxalq sistemdə donor verdiyi qanın kimə verildiyini görə bilir. Köhnə dədə-baba qaydası ilə, kağız-qələmlə heç bir şey əldə edə bilmərik. Bu sistem bizim tərəfimizdən təşfiq, donor tərəfindən isə nəzarətdir. Yəni, burada maraq yaratmalıyıq. İnsanlar bilməlidirlər nə edirlər, niyə və kim üçün edirlər".
13 ildir qan donoru olduğunu deyən Emil Vəliyev söyləyir ki, müəyyən yerlərdə qanın pulla satılması ilə bağlı problemlər qalsa da, bu, qan banklarında olan problem deyil.
"Bu hallara daha çox qan bankı olmayan klinikalarda rast gəlinir. Məsələn, bir doğum xəstəxanasında deyilir ki, sizin xəstəyə qan lazımdır. Soruşurlar nə etməliyik, deyirlər pul verməlisiniz, qan almalıyıq. Əslində isə ailə özü Qan Bankına yaxınlaşsa, xəstəxanadan gətirdiyi arayış vasitəsilə qanı tibbi heyətlə geri gətirə bilər. Hansısa xəstəxanada az maaş alan əməkdaşın atdığı hansısa addım bəzən bir çox xəstəxananın adına ləkə gətirir. Həmin klinikanın əməkdaşı, oradakı tibb bacısı deyir ki, qanı pulla alırıq, Qan Bankı qanı pulla satırmı, bunu isbat edən yoxdur".
Emil Vəliyev deyir ki, "pulla satılma davası varsa, deməli, qan azdır". O hesab edir ki, qanın satışının qarşısını almağın yeganə yolu "lazım gələndən daha artıq qan təmin etməkdir".
"Problemi həll etmək istəyirsinizsə, donor olmaq lazımdır. İnsanlar donor olmaq istəmir. Qan Bankı bütün xəstəxanalarda olan minlərlə tibb bacısı və ya tibb heyətinə nəzarət etmə gücündə deyil. Həmin xəstəxananın və ya pul verən vətəndaşın yönələcəyi başqa qapı, məsələn, prokurorluq, hüquq mühafizə orqanları və sairə var. Qan Bankı isə öz əməkdaşlarına cavab verə bilər".
Müharibə, donorluq və çağırışlar
Birinci vitse-prezident Mehriban Əliyeva ötən ilin aprelində insanları qan donorluğuna dəvət etmişdi. Həmin ilin sonunda isə, Mərkəzi Qan Bankı əhaliyə müraciət edərək koronavirus pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artmasının talassemiya, hemofiliya, leykoz, eləcə də ağır COVID-19 xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatının artdığını bildirmişdi.
Bundan başqa, qurumun bu ilin əvvəlində verdiyi elanda bəzi qan qruplarından olan qan ehtiyatlarının "tamamilə azaldığı" deyilirdi.
Mərkəzi Qan Bankı 44 günlük müharibə dövründə də insanların ən çox üz tutduğu qurumlardan birinə çevrilmişdi. Bəzi sosial şəbəkələrdə hərbçilərə ünvanlanmış qan donorluğuna aktiv çağırışlar aparılırdı. Həmin dövrdə Bakı əhalisinin böyük bir qismi qan donoruna çevrildiyi üçün Mərkəzi Qan Bankı bir müddətlik qan qəbulunu dayandırmışdı.
Azərbaycan qanunları da könüllü qan donorluğunu dəstəkləyir.
Əmək Məcəlləsində deyilir ki, hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara "orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü" verilir.
Ölkədə qan donorlarının sayı hər il artsa da, mütəxəssislər bunun yetərli olmadığını deyir.