İlham Əliyevi tənqid etmiş yazar Kəramət Böyükçöl saxlanıb

Şəklin mənbəyi, YouTube/Musavat
Gənc yazar Kəramət Böyükçöl saxlanıb, Müsavat partiyasının üzvü Nigar Həzi hazırda hərbi xidmətdə olan qardaşı Rəhim Yaqublunun "ehtiyacı olan halda əməliyyat etdirilmədiyini" bildirir. Bu gündən Bakı və digər şəhərlərdə açılan kafe və restoranların fəaliyyətində hansı məhdudiyyətlər var? - bu və digər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında.
Bazar ertəsi Facebook sosial şəbəkəsində canlı yayımda çıxış edən gənc yazar Kəramət Böyükçöl bir gün sonra saxlanıb. Canlı yayımda o, İlham Əliyevi tənqid edib.
Daxili İşlər Nazirliyi Kəramət Böyükçölün qonşuların şikayəti əsasında saxlandığını bildirib.
Sosial mediada yayılan görüntülərə əsasən, Kəramət Böyükçöl canlı yayımda ölkə Prezidenti İlham Əliyevə xitabən onu tənqid edib. O deyib ki, "biz zülüm çəkirik. Bizi tutdurur, bizi həbs etdirir, bizi hədələyir".
Daha sonra o, Facebook səhifəsində canlı yayıma çıxıb və polislərin onun evinə gəldiyini göstərib.
Görüntülərdə o, polislərdən məhkəmə qərarı olmadan niyə gəldiyini soruşur və polislər ona məişət səs-küyü ilə bağlı gəldiklərini deyirlər. Daha sonra evə daxil olan bir mülki geyimli şəxs Kəramət Böyükçölə yaxınlaşır və canlı yayım kəsilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, Kəramət Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək deyiblər ki, iki gündür həmin mənzildən səs-küy gəlir.
"Bu hal qonşuları narahat etdiyindən ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır,"- mətbuat xidmətindən deyilib.
Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadə BBC News Azərbaycancaya bildirib ki, Bakıda olmadığı üçün onun baş verənlərdən xəbəri yoxdur:
"Mənə də saytlardan zəng ediblər ki, Kəramət saxlanıb. 3 saat əvvəl Kəramətlə danışmışdım. İndi yoldayam, Bakıya qayıdıram, bilmirəm hansı polis idarəsinə aparıblar".
Qəşəm Nəcəfzadə Kəramət Böyükçölün sosial mediadakı canlı yayımını izləmədiyini, amma bu barədə yaxınlarından eşitdiyini söyləyib:
"Kəramət səhv edib. O, içkili olub. İçkili vəziyyətdə isə deyilən sevgi sözü də yalandır, təhqir də".
Tofiq Yaqublunun ailəsi əsgər oğullarından narahatdır: "Təcili əməliyyat olunmalıdır"

Şəklin mənbəyi, Nigar Həzi
Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun ailəsi hərbi xidmətdə olan oğullarından narahatdır: onun təcili əməliyyata ehtiyac olduğunu, amma aidiyyətli qurumların buna şərait yaratmadığını iddia edirlər.
Müsavat partiyasının üzvü Nigar Həzi hazırda hərbi xidmətdə olan qardaşı Rəhim Yaqublunun "ehtiyacı olan halda əməliyyat etdirilmədiyini" bildirir.
Müdafiə Nazirliyi "məsələnin siyasiləşdirilməsini qəbuledilməz" hesab edib və Rəhim Yaqublunun hərbi tibb müəssisəsinə göndəriləcəyini bildirib.
BBC News Azərbaycancaya danışan Nigar Həzi deyir ki, qardaşı 2017-ci ildə dizindən xəsarət alıb, hətta buna görə ötən ilin iyul çağırışı zamanı o, "hərbi xidmətə yararlı sayılmayıb".
Nigar Həzi deyir ki, indi Tərtər rayonunda hərbi xidmət keçən qardaşı fevral ayından ayağındakı problemlərə görə çətinlik çəkir.
"Rəhim sıra hazırlığında addım ata bilmədiyi üçün hərbi hissənin tibb hissəsinə müraciət edib. Bir neçə dəfə onu olduğu hərbi hissənin hospitalına göndərdilər, amma orada onun dizini müayinə etmək üçün heç bir tibbi avadanlıq yoxdur. Vizual müayinə ilə "dizində heç nə yoxdur" deyib geri göndəriblər. Keçən ay Rəhimi Mərkəzi Hospitala gətirdilər, MRT etdilər. MRT-nin nəticəsində yazılmışdı ki, "ön çarpaz bağ liflənib, az bir qism liflərin tamlığı pozulub, arxa çarpaz bağ anquliyasiyaya uğrayıb" və heç bir stasionar müalicəyə ehtiyac yoxdur deyib geri göndərdilər".
Nigar Həzi MRT nəticələri ilə bağlı digər həkimlərin "təcili əməliyyatın vacibliyini" bildirdiyini deyir, lakin söyləyir ki, qardaşı "tibbi hissəyə müraciət etsə də, onu Mərkəzi Hospitala aparmırlar".
"Heç kim məsuliyyəti boynuna almaq istəmir. Rəhimə deyirlər, əsgərsən, birtəhər döz, keçəcək. Heç kim özündən bir üst səviyyədə olan adama demək istəmir ki, belə bir problem var. Rəhim deyir, addım ata bilmir, bəzən elə hiss edir ki, dizi bu dəqiqə sınacaq".
Azərbaycan Müdafiə Nazirliyi bu iddialarla bağlı açıqlama verib və bildirib ki, "hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar".
Nazirlik Rəhim Yaqublunun bu ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunduğunu qeyd edib.
"Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə əsgər R.Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək", Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bu gündən açılan kafe və restoranlar necə işləyəcək?

Avqustun 18-dən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Azərbaycan koronavirus epidemiyasına görə, mart ayından bəri ölkədə müxtəlif məhdudiyyətlər tətbiq edir.
Avqustun 10-dan sərt karantin rejimi nisbətən yumşaldılmış, xüsusi icazə ilə evdən çıxma məhdudiyyəti aradan qaldırılmışdı.
Avqustun 18-dən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.
Operativ Qərargah bildirir ki, ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.
İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur, - qurumun qərarında izah edilir.
İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.
Sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlara giriş-çıxış hələ də bağlıdır. Kütləvi mərasimlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi qadağası hələ qüvvədədir.









