İlham Əliyev: "Ermənistanın itkiləri çoxdur, gizlədirlər"

İlham Əliyev

Şəklin mənbəyi, azertag.az

Şəklin alt yazısı, İlham Əliyev

Ermənistan ötən bazar günü başlayan atışmada ölənlərin sayını gizlədir, Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir.

"İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər", - bu sözləri Prezident İlham Əliyev iyulun 15-də keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı deyib.

Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur, İlham Əliyev deyib.

O söyləyib ki, Ermənistan iyulun 12-dən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən atışmaların səbəbkarı kimi "Azərbaycanı göstərməyə cəhd edib", lakin bu, "heç bir məntiqə sığmır".

Prezidentin sözlərinə görə, bir neçə il əvvəl sərhədin qorunması sərhəd qoşunlarına həvalə olunması Azərbaycanın Ermənistanla dövlət sərhədində "hər hansı hərbi planının olmadığını" göstərir.

UAZ maşını ilə sərhəd pozuntusu iddiaları

İlham Əliyev Ermənistanın iki Azərbaycan hərbçisinin UAZ maşını ilə Ermənistan sərhədini pozması iddialarını rədd edib:

"Guya ki, Azərbaycanın hərbi qulluqçuları - iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər.Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə "müdrik" hərbi əməliyyatlar hazırlamaqla məşğuldur?" o soruşub.

Prezident "əsl vəziyyət ondan ibarətdir ki, bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar" deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi yalnız bundan sonra cavab zərbələrinə başlayıb.

İlham Əliyev deyib ki, Ermənistanın "növbəti təxribatı nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olublar".

Prezident Polad Həşimovun Aprel döyüşlərində iştirak etdiyini, həlak olan hərbçilərin "rəşadətli olduqlarını" bildirib.

"Qisas əməliyyatının ikinci fazası"

İlham Əliyev deyib ki, Azərbaycan hərbçilərinin öldürülməsindən sonra onun göstərişi ilə "qisas əməliyyatının ikinci fazası başlayıb" və son iki gün ərzində Ermənistan tərəfinə "sarsıdıcı zərbələr" endirilib.

"Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib".

Prezident əməliyyat barədə çox danışmaq istəmədiyini bildirib: "Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir".

İlham Əliyev vurğulayıb ki, "Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar".

O əlavə edib ki, əgər Azərbaycan istəsə, "bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır".

Prezident Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunda 76 yaşlı mülki şəxs Əziz Əzizovun öldürülməsini pisləyib.

İlham Əliyev "Ermənistanın təxribat ehtimalları barədə"

Prezident deyib ki, "erməni hərbi təxribatının" səbəblərini tam dəqiqliklə bilə bilmərik, "bunu həyat göstərər". Ancaq o, bu barədə ehtimalları bölüşüb.

"Hesab edirəm ki, birinci səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil".

İlham Əliyev söyləyib ki, Ermənistanda demokratik prinsiplər pozulub, diktatura hökm sürür, buna görə də "Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və şüurlu şəkildə bu təxribata əl atdı".

"Hakimiyyət buna necə reaksiya verib? Cəmiyyəti birləşdirmək əvəzinə, əksinə, indi siyasi məhbuslar yaradır, siyasi opponentlər həbs edilir, təqib olunur, onların toxunulmazlığı götürülür, konstitusiya kobudcasına pozulur, konstitusiyaya qanunsuz düzəlişlər edilir, hansı ki, bu düzəlişlər ancaq referendumla oluna bilərdi.

Bilirlər ki, referendumda bu düzəlişlər keçməyəcək. Hakimiyyət zəbt olunub və hakimiyyət bölgüsü yoxdur. Hakimiyyət bir adamın əlində cəmləşib və demokratiyadan əsər-əlamət yoxdur və heç vaxt olmayıb".

İlham Əliyev atışmaların iyulun 12-də baş tutmasının "təsadüf olmadığını" bildirib.

"İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm.

Amma mən hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki, bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük Zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb. Səbəblər çox ola bilər. Sadəcə olaraq, mən öz fikirlərimizi bölüşmək istəyirəm, fakt odur ki, Ermənistanın hərbi təxribatı məhz bu vaxtlarda təsadüfən törədilməyib".

"Azərbaycan xalqı bu mənasız danışıqlardan bezib"

İlham Əliyev xatırladıb ki, bu yaxınlarda Azərbaycan telekanallarına müsahibəsində Azərbaycan xalqının "bu mənasız danışıqlardan bezdiyini" ifadə edib.

Prezident bildirib ki, "ona görə də bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər, Azərbaycan xalqının səbri tükənməz deyil".

"Mən demişəm və bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son 17 il ərzində dəfələrlə mənə təkliflər edilib ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın, - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər. Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var?

Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik".

"Şəhidlər Xiyabanında təxribatçı qruplar da olub"

İlham Əliyev deyib ki, dünən bir qrup vətənpərvər insan "Azərbaycan Ordusuna və Ali Baş komandana dəstəyini ifadə etmək üçün" Bakının Şəhidlər Xiyabanına üz tutub.

O, "bu addımı alqışladığını" bildirsə də, əraziyə "bəzi təxribatçı qrupların daxil olmasına" təəssüfləndiyini söyləyib.

"İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər.

Bütün bu göstərişləri dünən axşam mən daxili işlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, "beşinci kolon"un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər".

Prezident bildirib ki, bu əməlləri törədənlərin hamısı məsuliyyətə cəlb ediləcək.

İlham Əliyev bunun üçün vətəndaşlardan yardım istəyib.

"Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək".