Hikmət Hacıyev və Zohrab Mnatsakanyan Azərbaycan-Ermənistan münasibətləri barədə nə deyiblər?

Hikmət Hacıyev və Zohrab Mnatsakanyan

Şəklin mənbəyi, Al Jazeera

Şəklin alt yazısı, Hikmət Hacıyev və Zohrab Mnatsakanyan Azərbaycan-Ermənistan münasibətləri barədə nə deyiblər?

Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatların nisbətən sakitləşdiyi bir vaxtda hər iki ölkənin xarici siyasət üzrə yüksək çinli məmurları beynəlxalq mediada fikirlərini bölüşüblər.

Baş verənləri "təhlükəli" adlandıran Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan bildirib ki, "gərginliyin azaldılması onlar üçün proritetdir və bunun üçün ATƏT-in Minsk qrupu üzvü olan dövlətlərlə danışıqlar aparılır".

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev "sərhəddə baş vermiş təxribatın məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü deyib".

"Dinc nizamlanmanın alternativi yoxdur"

Onların müsahibələri "Al Jazeera İnternational" telekanalına yayımlanıb, əvvəlcə Ermənistan naziri, sonra isə Azərbaycan prezidentinin köməkçisi çıxış edib.

İyulun 12-dən bəri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində "şiddətli döyüşlər" gedib.

Hərbi əməliyyatlar nəticəsində Azərbaycan bir mülki vətəndaşını və 11 hərbiçisini, Ermənistan isə dörd hərbiçisini itirdiyini rəsmən elan edib.

Hər iki tərəfdən yaralıların olduğu deyilib.

"Baxmayaraq ki, Ermənistanın müdafiə qabiliyyəti tamdır, gərginliyi azaltmaq lazımdır. Ermənistan Dağlıq Qarabağın təhlükəsizlik qarantı olaraq qalır, lakin müharibə alternativ deyil. Dinc nizamlanmanın alternativi yoxdur. Biz buna sadiq qalırıq və gərginliyin azaldılması və sülhə kömək edən və danışıqlar prosesini dəstəkləyən mühitin, atmosferin yaradılması istiqamətində çalışacağıq",- Zohrab Mnatsakanyen deyib.

Hikmət Hacıyev isə müsahibəsində "Ermənistan xarici işlər nazirinin Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etdiyini" deyib.

Hikmət Hacıyev deyib ki, Ermənistan xarici işlər nazirinin belə açıqlamaları ilə "Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut edib".

"Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi təcavüz yolu ilə işğal edib, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalalıb. Azərbaycana qarşı hərbi təcavüzə görə Ermənistanın bir dövlət olaraq beynəlxalq hüquqi məsuliyyət daşıyır", - Hikmət Hacıyev bildirib.

Zohrab Mnatsakanyan deyib ki, hazırkı prioritet "atəşkəs rejiminin tam bərpa olması"dır.

Hikmət Hacıyev isə Ermənistan təmsilçisinə sual verib: "Ermənistan əsgərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var?"

"Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etmə"

Aparıcının "Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ünvanlaması və buna qanəedici cavab almamasına" Ermənistanın hansı reaksiya verməsi ilə bağlı sualına Zohrab Mnatsakanyan deyib ki, o, belə fikirlərlə "razı deyil".

O bildirib ki, Ermənistan həmin təşkilatın üzvüdür və təşkilatın ərazisi sayılan məsələlər barədə onlarla danışıq aparılıb.

"Biz əlaqə qururuq, əlaqə saxlayırıq və KTMT-dəki tərəfdaşlarımızla ardıcıl dialoq aparırıq", - Zohrab Mnatsakanyan deyib.

Hikmət Hacıyev "Ermənistanın üç gün öncə dövlət sərhəddində baş vermiş toqquşmanı əvvəlcədən planlaşdırdığını və bunun bir neçə amildən qaynaqlandığını" deyib.

"Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir", - Hikmət Hacıyev iddia edib.

Aparıcının Ermənistan Baş nazirinin "Qarabağ Ermənistandır" ifadəsini xatırladaraq "Ermənistanın danışıqların dayanmasında nə qədər məsul olması" barədə sualına Zohrab Mnatsakanyan "bu cür qiymətləndirmə ilə razı olmadığını" deyib.

"Azərbaycandan kompromis əsaslı bir yanaşma gözləyirik"

Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağın "təhlükəsizliyinin təminatçısıdır" və Ermənistan Baş naziri də "o ifadəni bu konteksdə çox açıq şəkildə ifadə edib".

Hikmət Hacıyev Ermənistan rəhbərliyinin "Qarabağ Ermənistandır və nöqtə" deməklə Ermənistanın Azərbaycan ərazilərinin anneksiyası siyasətini apardığını bildirib.

Cənab Hacıyev deyib: "Ermənistanın bu addımı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatını və mahiyyətini dağıdır".

Zohrab Mnatsakanyan deyib: "Biz yenə də Azərbaycanın rəhbərliyindən kompromis əsaslı bir yanaşmanın olacağını gözləyirik". O bildirib ki, bu yanaşmalarına baxmayaraq Ermənistan və Dağlıq Qarabağın təməl fundamental prioritetlərinə məhəl qoymayan maksimalist yanaşma ilə üzləşirlər.

Hikmət Hacıyev isə müsahibəsində deyib ki, Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən qaçmağa çalışır.

O həmçinin Ermənistanın "itkilərini gizlətdiyini" bəyan edib.

1988-ci ildə Dağlıq Qarabağa görə qaldırılan ərazi iddiaları ilə bağlı münaqişələr 1991-ci ildə Azərbaycan-Ermənistan arasında müharibəyə çevrilib. Hər iki tərəf arasında 1994-cü il mayın 12-də atəşkəs imzalanıb və münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-də Minsk qrupu yaradılıb. Hazırda bu qrupa ABŞ, Rusiya və Fransanın nümayəndələri həmsədrlik edirlər.