“Təxribatda” şübhəli bilinərək saxlanılan Rəhim Qazıyevin qızı: “Atam nə çağırış edib ki?”

bu gün Azərbaycan Rəhim Qazıyev

Şəklin mənbəyi, TURAN

Bazar ertəsi günü sabiq müdafiə naziri Rəhim Qazıyev "dövlət əleyhinə açıq çağırışlarda" və "təxribatda" təqsirli bilinərək, şübhəli şəxs qismində saxlanılıb, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilir.

DTX bildirir ki, keçmiş nazir barəsində Cinayət Məcəlləsinin "dövlət əleyhinə yönələn açıq çağırışlar" və "təxribat" maddələri üzrə cinayət işi başladılıb və o, şübhəli şəxs qismində saxlanılıb".

Bu gün atasının saxlanılması ilə bağlı BBC News Azərbaycancaya danışan Rəhim Qazıyevin qızı Sevinc Cəmilova "sadalanan maddələrin atama heç bir aidiyyəti yoxdur" deyib.

"Atam sadəcə İlham Əliyevə müraciət edib"

Rəhim Qazıyevin qızı Sevinc Cəmilova BBC News Azərbaycancaya deyib ki, atasının saxlanması xəbərini DTX-dan zəng vurub, xəbər ediblər.

"Yox, özü ilə danışmamışıq. Biz ona zəng vururduq, telefonuna zəng çatmadığından, biz narahat olduq ki, belə şey olmayıb ki, onun telefonuna zəng çatmasın. Sonra günorta atamgilə zəng olunub ki, hə, - o, DTX-dadır".

Atasının dövlət əleyhinə açıq çağırış etdiyi ittihamına gəlincə Sevinc Cəmilova Rəhim Qazıyevin "İlham Əliyevə sadəcə müraciət etdiyini" bildirib.

"Çağırışlar deyəndə ki, mən "El üçün"TV-də qulaq asmışam özüm, İlham Əliyevə sadəcə müraciət edib. O, nə çağırış edib ki? Əksinə, deyib ki, hələ gözləyək ki, nə baş verəcək.... Nə çağırış edib ki? İnternetdə də indi oxuduq ki, cinayət işi açılıb. 78 yaşında kişiyə nədisə bu, bilmirəm. Mən onun qızıyam, bu cinayət məcəllələrinin mənim atama heç bir dəxli yoxdur."

Sevinc Cəmilova deyib ki, "kimliklərini bilməsə də bir neçə nəfər şəxs evə gələrək bəzi sənədləri və evdəki kompüterin prosesorunu aparıblar."

"Neçə nəfər olduqlarını bilmirəm, kağız-kuğuz və bacımın kompüterinin prosessorunu aparıblar. Uşaq onda onlayn dərslər keçir. Abituriyent olası uşaq qalıb belə..."

Sevinc Cəmilova atasına vəkil tutmağa gəlincə: " bizə kim vəkillik edəcək ki? Bu vaxtadək nə vəkilimiz olub ki, indi də olsun..." deyib.

DTX nə deyir?

"Bu il iyulun 12-13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb." - qurumun məlumatında deyilir.

DTX bildirib ki, Rəhim Qazıyevin "Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

"İnformasiya sahəsində milli maraqlara, həmçinin "Dövlət sirri haqqında", "Kütləvi informasiya vasitələri haqqında" qanunların və digər qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq, dövlət sirri təşkil edən, ölkənin müdafiə potensialına, Silahlı Qüvvələrin və ordunun döyüş qabiliyyətinə zərər vuran dəqiqləşdirilməmiş, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatların yayılması yolverilməzdir." - DTX bildirir.