Kim Kardashian, Metsamor fəlakəti, neft kəmərinə təhlükə - xarici mətbuat Tovuz döyüşləri barədə nə yazır?

top atəşi

Şəklin mənbəyi, Getty Images

Beynəlxalq media Azərbaycan-Ermənistan sərhədində döyüşlər və həmin döyüşlər ətrafında gedən müzakirələrə diqqət ayırıb.

Reuters agentliyi yazıb ki, "Azərbaycan Ermənistanla münaqişənin Xəzər enerjidaşıyıcılarının ixracını risk altına aldığı barədə xəbərdarlıq edir".

Azərbaycan şənbə günü onun Ermənistanla sərhədində hərbi əməliyyatların başlanması ilə əlaqədar Avropa bazarlarına çıxardığı neft və qazın təhlükəsizliyinə dair təhdidlər barədə xəbərdarlıq edib.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov onlayn müşavirə zamanı bildirib ki, Xəzər neft və qazının dünya bazarlarına nəqlində istifadə olunan enerji infrastrukturunun bir hissəsi cəbhə xəttinin yaxınlığında yerləşir.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa neft kəməri, Bakı-Tbilisi-Ərzrum qaz kəməri və digər obyektlər toqquşmaların baş verdiyi ərazinin yaxınlığında yerləşir.

Nəsirov həmçinin Gürcüstan və Türkiyədən keçən digər iki boru kəməri də daxil, Cənub Qaz Dəhlizinin son hissəsi olan Transadriatik boru kəmərini də qeyd edib. "Boru kəməri bu ilin oktyabr-noyabr aylarında hazır olacaq və istismara veriləcək", - o bildirib.

Transadriatik boru kəmərinin tamamlanması bütün dəhlizin işə düşməsi, Rusiyadan Avropanın qaz asılılığının azalması deməkdir.

Yazıda həmçinin Ermənistan "Azərbaycan tərəfindən regionda təhlükəsizliyə təhdidlərə" dair xəbərdarlıq edib.

Xəbərdə o da deyilir ki, bu xəbərdarlıq Bakının "Metsamor Atom Elektrik Stansiyasına zərbə endirə biləcəyi" barədə bəyanatından sonra verilib.

Reuters-in müxbiri Margarita Antidze öz materialında Ermənistanın Baş naziri Nikol Paşinyan dediklərini iqtibas edib: "Bu bəyanat birmənalı şəkildə insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir ... buna müvafiq beynəlxalq cavab verilməlidir və araşdırma aparılmalıdır".

Forbes nəşri də Tovuz istiqamətində son günlər ərzində gedən döyuşlərdən yazıb.

Londonda mənzillənən jurnalist David Hambling məqaləsinə belə başlıq verib: "Azərbaycan Qafqazdakı dron müharibəsində Çernobıla bənzər bir "fəlakətlə" hədələyir".

Forbes-un qeyd etdiyi kimi, son zamanlar hər iki tərəf daha intensive şəkildə dronlardan istifadə edir.

"İndi Azərbaycan öz imkanlarından istifadə edərək Ermənistanın yeganə Atom Elektrik Stansiyasına zərbə vuracağı ilə hədələyib", - Forbes-dan David Hambling yazıb.

"İndi hərbi əməliyyatlar, deyəsən, dayanıb, lakin vəziyyət gərgindir. Azərbaycanda minlərlə etirazçı Dağlıq Qarabağı hərbi yolla qaytarılmasını dəstəkləmək üçün küçələrə çıxıb".

Hadisələrin ən həyəcanlı məqamı isə, müəllifin fikrincə, cümə axşamı Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı tərəfindən səsləndirilən nüvə "fəlakəti" təhlükəsidir.

Müəllif qeyd edib ki, TASS-ın məlumatına görə, Dərgahlı bildirib ki, onların silahı "Metsamor Atom Elektrik Stansiyasını yüksək dəqiqliklə vurmağa qadirdir və bu, Ermənistan üçün fəlakətlə nəticələnəcək"."

Məqalədə qeyd olunub ki, bu hədə, məlumatlara görə, Ermənistanın Mingəçevir su bəndinə təhdidindən sonra səsləndirilib.

Daily Mail Kim Kardashian sosial şəbəkələrdə böyük nüfuzundan istifadə edərək izləyicilərini Azərbaycanla Ermənistan arasındakı son hərbi əməliyyatlar barədə paylaşdığı postları barədə yazıb.

Kim Kardashian beynəlxalq ictimaiyyəti Azərbaycanın Ermənistana "planlaşdırılmamış hücumları"-ndan sonra bu məsələyə "diqqəti yetirməyə" və "müdaxilə etməyə" çağırıb.

Qeyd olunub ki, İnstagram-da 179 milyon abunəçisi olan 39 yaşlı Kim Kardashian öz postunda yazıb ki, "Azərbaycan Müdafiə Nazirliyi onun ata-babalarının torpağını bombalamaqla təhdid edir".

Azərbaycanla Ermənistan arasında sərhədin Tovuz istiqaməti sahəsində döyüşlər iyulun 12-dən başlayıb.

Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb.

Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini ittiham edirlər.