Azərbaycan universitetlərində dərs ili uzadılıb

Azərbaycanda universitetlər

Şəklin mənbəyi, FREDERICK FLORIN

Azərbaycanda ali təhsil müəssisələrində dərs ili iki həftə uzadılıb.

Bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.

Təhsil Nazirliyi bildirib ki, "dərslər martın 27-də başlanacaq və nəzərdə tutulduğu kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək".

Bu dəyişiklik buraxılış kurslarının tələbələrinə şamil olunmayacaq.

Əmrdə deyilir ki, imtahan sessiyası üçün ayrılan həftələrin sayı beş deyil, dörd həftə kimi müəyyən edilsin və 15 iyun -13 iyul tarixlərində keçirilsin.

Təhsil Nazirliyi bildirib ki, pedaqoji ixtisaslar istisna olmaqla sonuncu kurs tələbələrinin tədris qrafiki dəyişməyəcək.

Sözügedən tələbələrin dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun olaraq iyun ayının sonuna qədər aparılacaq.

Pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələrinin təcrübələri orta ümumtəhsil məktəblərində aparıldığı üçün onların tədris qrafiki iyun ayının 15-nə qədər davam etdiriləcək.

Bu tələbələrin dövlət attestasiyası iyun ayının 15-dən iyul ayının 13-nə qədər aparılacaq.

koronavirus
xətt

Azərbaycandakı bütün təhsil müəssisələrində tədris koronavirus təhlükəsinə görə martın 3-dən 9-na qədər Nazirlər Kabinetinin qərarı ilə dayandırılmışdı.

Daha sonra bu müddət martın 27-dək uzadılmışdı.

Təhsil Nazirliyi bu müddət ərzində təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirmişdi.

Azərbaycanda koronavirusa ilk yoluxma halı 28 fevralda qeydə alınıb.

Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib və toyların təxirə salınması tövsiyə edilib.