Koronavirusa görə evdə karantinə necə hazırlaşmalı? - Şəxsi təcrübə

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Anastasiya Uspenskaya
- Vəzifə, BBC Rusca
Öldürücü koronavirus dünya miqyasında elə sürətlə yayılır ki, bir çox ölkələrin səhiyyə sistemi vəziyyətə nəzarət edə bilmir. Viruslu bölgələrdən qayıdanlardan dərhal analiz almaq mümkün olmadığı üçün hökumətlər potensial daşıyıcılardan özlərini izolyasiya etməyi - öz evlərində karantin tətbiq etməyi xahiş edirlər.
Hesab olunur ki, yoluxma halının olub-olmadığı inkubasiya dövrünün sonunda (14-28 gün) müəyyənləşəcək və onda həmin şəxslər ya xəstəxanaya, ya da normal həyata qayıdacaqlar.
Britaniyada prosedur belədir: Milli Səhiyyə Xidmətinin (NHS) qaynar xəttinə zəng etmək, hansı ölkədən gəldiyini bildirmək, sipmtomları demək (artıq varsa), bütün ailə üzvləriylə birlikdə evə qapanmaq tövsiyəsinə əməl etmək və növbəti instruksiyanı çatdıracaq telefon zəngini gözləmək.
Bu məqalənin müəllifi (ailə üzvləriylə birlikdə) Avstriyanın şimali İtaliya ila sərhəd olan bölgəsindən qayıdandan sonra evində 3 günlük karantin tətbiq edib. O özünü Avstriyanın həmin bölgəsində ilk yoluxma faktları barədə informasiya yayılan gün pis hiss edib və NHS-ə zəng vurub.


Məcburi karantində olduğumuz günlərdə biz xüsusi narahatlıq hiss etmədik, ancaq bu vəziyyət iki gün də davam etsəydi, bizə kənardan kömək lazım gələcəkdi.
Belə hallarda nə etməli? Ev karantininə necə hazırlaşmalı?
Nə almalı?

Şəklin mənbəyi, Getty Images
Yoluxmadan şübhələnəndə ilk olaraq bunlar yada düşür - çörək və tualet kağızı. "Evdə karantin" sözlərinin deyildiyi ilk andan etibarən bu ikisi ön plana çıxır, çünki həmin saniyədən etibarən (şüurlu vətəndaşsınızsa) mağazaya getməyiniz mümkün deyil.
Qohumlarından və yaxud dostlarınızdan ehtiyacınız olan şeyləri alıb qapınızın yanına qoymalarını xahiş edin.
Dietayla bağlı xüsusi tövsiyə yoxdur, istədiyinizi yeyə bilərsiniz. Yaxşı olar ki, immuniteti gücləndirən ərzaqlara üstünlük verəsiniz.
Düyü, makaron, taxıl məhsulları, lobya - bunları almanız məsləhətdir, çünki gec xarab olurlar. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri qapalı məkanda həyatınızı rəngləndirəcək məhsullardan (şokolad, peçenye, kofe, qoz-fındıq) vaz keçməməyi məsləhət görürlər.
Qırmızı Xaç Cəmiyyətinin Amerika şöbəsi hər bir ailə üzvü və ev heyvanı üçün gündəlik 4 litr hesabıyla su tədarük etməyi məsləhət görür.

Şəklin mənbəyi, Reuters
Bol miqdarda kağız salfet alın, öskürəndə və ya asqıranda yalnız onlardan istifadə edin. Nəm salfetlər məsləhət görülmür.
Ən vacib şeylərdən biri də vanna və tualetlər üçün dezinfeksiya vasitələridir. Ailənizlə birlikdə karantindəsinizsə, bu vasitələrdən tez-tez onlardan istifadə etməniz məsləhətdir. Vanna qəbul etmək olmaz, duşun altında və mümkün qədər tez çimmək lazımdır. Hər istifadədən sonra hamam dəsmallarını yuyun.
Uzunmüddətli karantinin ən böyük narahatlığı zibil ata bilməməkdir. Çoxlu zibil paketi alın, çünki iki-üçünü iç-içə işlətməli olacaqsınız. Dolu paketlərin ağzını yaxşıca bağlayıb mənzilinizin ən soyuq otağına yığın. Əgər yoluxma şübhəniz təsdiqlənərsə, onları səhiyyə idarələrinin xüsusi instruksiyasına əsasən utilizasiya edəcəklər.
Mənzilinizi tez-tez havalandırın, ən yaxşısı pəncərəni bir az aralı qoymaqdır.
Bir kvadratmetrdə izolyasiya

Şəklin mənbəyi, Getty Images
Ev karantinin ən çətin yanı digər ailə üzvlərindən izolə olunmaqdır. Praktiki baxımdan bu mümkün deyil və maska taxmaları çətin ki, onları virusdan qorusun.
Əlbəttə, ən elementar məsləhətlərə də əməl etmək lazımdır, ancaq bunlara həm də vicdan rahatlığı üçün riayət edin:
- hamıdan aralı yatmağa çalışın;
- nə qədər çətin olsa da, uşaqlarınızı qucaqlamayın və öpməyin;
- ümumi qazandakı yeməyin dadına baxmayın;
- öz dəsmallarınızı, hamam ləvazimatlarınızı və diş fırçanızı ayrı saxlayın;
- ümumu telefondan istifadə etməyin.
Özünümüalicə
Koronavirusa qarşı hər hansı profilaktik tədbir mövcud deyil.
Artıq yoluxmusunuzsa, sizə nə portağaldakı C vitamini (istənilən miqdarda), nə də Paracetamol (istənilən dozada) kömək edəcək.
Ev şəraitində mümkün olan yeganə müalicə temperatura qarşı mübarizədir. Ancaq simptomlar üzə çıxana qədər heç nə etmək lazım deyil.
Mütəmadi olaraq qəbul etdiyiniz dərman varsa, bir neçə həftəlik normasını almağı unutmayın.
Evdə təksinizsə, səhhətinizlə bağlı yaxınlarınıza gündəlik məlumat verin.
Və ən başlıcası - səhiyyə işçiləri psixi vəziyyətinizə diqqət eməyi məsləhət görürlər. Səhhətiniz imkan verirsə, kinoya baxın, kitab oxuyun, musiqiyə qulaq asın, yaxınlarınıza zəng edin.
Bəs, sonra?

Şəklin mənbəyi, AFP
Sonrakı vəziyyət üçün yalnız iki variant var.
Bir müddət sonra sizdə həqiqətən də koronavirus simptomları üzə çıxsa, bu haqda təcili yardım xidmətinə məlumat verməlisiniz və sizin müalicənizlə həkimlər məşğul olacaqlar.
Vəziyyətiniz 14 gün ərzində pisləşməsə də, səhiyyə sisteminin qaynar xəttinə zəng etməlisiniz ki, diaqnozun təsdiqlənmədiyi rəsmi olaraq qeydə alınsın.
Hərçənd məndə üçüncü variant yarandı: səhhətim yaxşılaşdı, məlum oldu ki, sadəcə nasazlamışammış və bir sıra başqa faktorlar vəziyyətimi ağırlaşdırıbmış.
Bəzən belə də olur.








