İlham Əliyev: "Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı"

Şəklin mənbəyi, President.az
"Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı," - Prezident İlham Əliyev Azərbaycanda keçirilən 9 ferval erkən parlament seçkiləri barədə deyib.
Prezident.az saytı yazır ki, bazar ertəsi günü Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən İlham Əliyev deyib ki, Azərbaycanda "tam demokratik ab-hava" var.
Prezident əlavə edib ki, əgər namizədlər seçki kampaniyası ərzində fəal və mübariz olublarsa, seçkidən narazı olsalar "öz səslərini ucaldardılar".
O, indiyədək "belə hallara rast gəlmədiyini" bildirib.
- ATƏT qurumları və AŞPA-nın müşahidəçiləri: Azərbaycan seçkilərində "əsl rəqabət olmayıb"
- Parlament seçkisində ilkin nəticələr: kimlər öndədir?
- Yevlaxdakı seçki məntəqəsində komissiya nümayəndəsi dəfələrlə bülleten atır
- Seçki qutusunun üzərində oturmuş deputatlığa namizəd: "Seçkinin mənası yoxdur"
- Məzahir Pənahov: "Bu seçkidə analoqu olmayan fəaliyyət göstərdik"
Seçkilərin əsas məqsədi...
İlham Əliyev deyib ki, erkən parlament seçkiləri Azərbaycanda aparılan islahatlara "dəstək verməlidir" və əlavə edib ki, seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi "vaxt itirmədən islahatların davam etdirilməsidir".
Onun sözlərinə görə, struktur, hökumət və Prezident Administrasiyasında aparılan islahatlardan Milli Məclis "kənarda qala bilməzdi".
İlham Əliyev seçkilərə "böyük maraq" olduğunu söyləyib.
"Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun.
Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var".
"Bu qətnamə saxtadır"
İlham Əliyev deyib ki, bəzi beynəlxalq müşahidə missiyasının mənfi rəyinə "çoxdan öyrəşiblər".
"Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir (AŞPA ötən həftə keçirdiyi sessiyasında Azərbaycanda "siyasi məhbus probleminin" olduğunu bildirərək, onları araşdırılmasına və daha geniş islahatlara çağırıb -red.).
Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür," - İlham Əliyev bildirib.
ATƏT Seçki Müşahidə missiyası bazar ertəsi açıqladığı ilkin hesabatda Azərbaycan seçkilərində "əsl rəqabətin" və "seçimin olmadığını" bildirib.
"Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olub",- ilkin hesbaatda göstərilib.
Seçkiyə qatılan bəzi müxalifətyönümlü və müstəqil namizədlər bildirirlər ki, 9 fevral parlament seçkisində çoxsaylı qanun pozuntuları olub. Sosial mediada seçki qutularına topa bülletenlər atılması, səs sayılarkən bülletenlərə masa altından və ya siyirmədən çıxarılan bülletenlərin qarışdırılmasını göstərən video görüntülər yayılıb.
MSK sədri Məzahir Pənahov bu video görüntülərin araşdırılacağını bildirib.










