Qara Yanvar-30: "İstintaq bu gün də davam edir..."

Qara Yanvar

Qara Yanvar hadisələrindən artıq 30 il ötür.

1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə ordunun divan tutmasına əmr verənləri müəyyən edib məsuliyyətə cəlb etmək, ümumiyyətlə bu hadisəyə siyasi və hüquqi qiymət vermək üçün Azərbaycanda həmin hadisələrdən dərhal sonra müxtəlif səviyyələrdə səylər göstərildi, araşdırma və istintaq işi aparıldı.

20 yanvar hadisələrinin 30 illiyilə bağlı bəyanatında Azərbaycan Xarici İşlər Nazirliyi bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verildiyini qeyd edib.

Lakin Qara Yanvar hadisələrinin istintaq-araşdırma işlərində iştirak etmiş BBC News Azərbaycancanın həmsöhbətlərinə görə, istintaq bu gün də davam edir, hadisələrə siyasi qiymət verilsə də, hüquqi qiymət verilməsi yubanır.

Rəsmi qurumlar istintaqın başa çatmamasını 1992-ci ildə Moskvanın "68 cildlik əsas işin" Azərbaycana verilməməsi ilə izah edirlər.

İlyas İsmayılov: "Biz isti-isti istintaq hərəkətləri apardıq... izi itməyə qoymadıq"

20 yanvar faciəsi ilə bağlı istintaqın Azərbaycanda yox, SSRİ-nin paytaxtında aparılması o zamankı şərtlər və qanunlarla izah edilir. Yanvar günlərində Azərbaycan SSR-nin Baş prokuroru olan İlyas İsmayılov BBC News Azərbaycancaya deyir: "O vaxt SSRİ var idi, başqa qanunlar var idi. Bizdə Hərbi Prokurorluq yox idi. Hərbçilərlə bağlı istintaqı SSRİ yanında Hərbi Prokurorluq aparırdı".

İlyas İsmayılovun sözlərinə görə, ilk gündən bu işin araşdırılmasında iştirak edib, bütün cinayət materiallarını toplayaraq Moskvaya göndəriblər.

"Biz isti-isti istintaq hərəkətləri aparmışıq, materialları yığdıq, izi itməyə qoymadıq və cinayət işi qaldırdıq, Hərbi Prokurorluğa göndərdik ki, işi aparsınlar. Bu artıq başqa hüquqi prosedur idi. Kiminsə arzusundan asılı məsələ deyildi. İndi hərə döşünə döyüb bir söz deyir. Amma onda başqa hüquqi məkan idi", keçmiş baş prokuror durumu izah edir.

İxtiyar Şirin: "Vaqif Hüseynovu həbs etdik. Rəsizadənin məsuliyyətə cəlb edilməsi müzakirə edilirdi"

Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci lin fevralında 20 yanvar hadisələri ilə bağlı cinayət işi açılır və araşdırma başlanır. Cəmi 3-4 ay sonra hakimiyyətə yeni qüvvələr gəlir. O zaman baş prokuror olmuş İxtiyar Şirin BBC News Azərbaycancaya açıqlamasında özündən əvvəlkilərin işini tənqid edir: "Gördük ki, bizdən qabaq sözügedən cinayət üzrə istintaq demək olar aparılmayıb, iş bərbad halda idi".

İxtiyar Şirin yenidən istintaq qrupu yaradıldığını, həmin işin "intensiv aparılması üçün lazım olan bütün şəraiti" yaratdığını, işçiləri Moskvaya ezam etdiklərini, Rusiyada vəzifəli şəxslərin, bu ölkəyə sığınmış respublikanın keçmiş rəhbərlərinin və Azərbaycanda yaşayan sabiq vəzifə, səlahiyyət sahiblərinin, hadisə şahidlərinin və zərərçəkənlərin "əksəriyyətinin dindirildiyini" bildirir.

"Qısa vaxtda 20 yanvar hadisələri zamanı Dövlət Təhlükəszilik Komitəsinin sədri işləmiş Vaqif Hüseynovu və DTK-nın şöbə müdirini həbs etdik. İstintaq genişləndikcə vəzifəli şəxslərdən bu işə aidiyyatı olan bir neçə nəfəri də müəyyənləşdirdik. Onlardan biri də Artur Rəsizadə idi. Moskvanın Azərbaycana qoşun yeridilməsini tələb edən sənədə imza atanlardan biri də o idi. Onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müzakirələr gedirdi".

Keçmiş baş prokuror qısa vaxtda istintaqın 90-cı il hadisələri ilə bağlı "ciddi nəticələrə" gəldiyini, ancaq 1992-ci ilin 4 iyun hadisələrindən sonra "dövlət çevrilişinin cinayət işini başa çatdırmağa imkan vermədiyini" qeyd edir.

Bu dəfə İxtiyar Şirin ondan sonrakı hakimiyyəti də istintaqla bağlı yanlış addım atmaqda suçlayır. Onun sozlərinə görə, Əbülfəz Elçibəy hakimiyyəti dövründə "cinayət işi müəyyən mərhələyə çatdırılıb, çox işlər görülsə də", ondan sonrakı baş prokuror bu işi "demək olar dayandırıb və indiki vəziyyətdə hərəkətsiz qalıb". Keçmiş baş prokuror 20 yanvar hadisələrinə görə həbs edilmiş vəzifə şəxslərinin, xüsusən də DTK sədri Vaqif Hüseynovun həbsdən azad edildiyini, məsuliyyətə cəlb edilməli şəxslərin heç birinin saxlanılmadığını vurğulayır.

"O cümlədən bu hadisələrlə bağlı məsuliyyətə cəlb edilməli olan Rusiya hərbçiləri ilə bağlı məsələ kənara qoyuldu və iş yarımçıq qaldı", deyə İ.Şirin əlavə edir.

Rüstəm Usubov: "Azərbaycan Prokurorluğu cinayət işinə çox gec başlayıb"

Bir il sonra hakimiyyət yenidən dəyişir və 1994-cü ildə parlamentdə müzakirələr aparıb, əvvəlki hakimiyyət zamanı aparılan istintaq "süründürməçiliyə" görə tənqid olunub. Amma istintaq yenə tamamlanmır.

27 il sonra baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prokurorluğu cinayət işinə çox gec - 1992-ci ilin fevralında başlayıb, odur ki, Qorbaçevi və SSRİ daxili işlər naziri Bakatini dindirmək mümkün olmayıb.

"Qorbaçev istintaqdan yayındı. 1992-ci ildə 68-cildlik əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan Prokurorluğu 68-cildlik həmin işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa daxil olduqdan sonra ona tam qiymət verib, məhkəməyə göndərmək mümkün olacaq".

Qara Yanvar

"68 cildlik iş, 60-a yaxın lent"

Keçmiş baş prokuror İxtiyar Şirin 68 cildlik iş barədə məlumatsız olduğunu bildirir və Rüstəm Usubovun arqumenti ilə razılaşmır. Hərçənd o, 27 illik hakimiyyət dövründə istintaqın başa çatdırılmaması haqqında hər hansı ehtimal və ya rəy bölüşmək istəmir. Sadəcə əlavə edir ki, həmin hadisələrlə bağlı həbs edilmiş keçmiş DTK sədri məhz Heydər Əliyev hakimiyyəti zamanında azad edilib və hazırda axtarışdadır.

İxtiyar Şirinin qənaətincə, istintaqın başa çatdırılması üçün sadəcə, "doğru qərarlar" verilməlidir.

İstintaqın günü bu gün də başa çatmaması haqqında İlyas İsmayılov da heç nə deyə bilməyəcəyini söyləyir: "Respublika Prokurorluğundan soruşun".

O, 30 il sonra həmin hadisələrə hüquqşünas kimi rəy vermək istəmir. "Hüquqşünasın fikri qanuni mətndən, hüququn prinsiplərindən və faktdan doğmalıdır. Mən elə belə söz deyə bilmərəm. Mən o materiallarla tam tanış deyiləm. Biz cinayət işi qaldırıb Hərbi Prokurorluğa göndərdik. Onlar neyləyiblər ondan xəbərim yoxdur. Odur ki, bir söz deyə bilmərəm".

Videonun alt yazısı, 20 yanvar - tarixdən görüntülər

Baş prokurorun birinci müavini Rüstəm Usubov isə bildirib ki, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçev ölkənin Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, ordunun Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib.

Vaxtilə deputat istintaq qrupunun üzvü olmuş Sabir Rüstəmxanlı BBC News Azərbaycancaya onların da "sidq ürəklə" araşdırma apardıqlarını, Moskvada qırğının təşkilatçıları, güc strukturlarının rəhbərləri və respublika rəhbərliyi ilə söhbət apardıqlarını, bunların lentə çəkildiyini bildirir. "60-a yaxın lent vardı" deyə əlavə edir.

Onun sözlərinə görə məsələ hüquqi baxımdan araşdırılmışdı və qərar beləydi ki, "bu işğaldır, Sovet ordusunun məqsədi Azərbaycanı susdurmaq, SSRİ-nin parçalanmasının qarşısını almaqdır".

Sabir Rüstəmxanlı sonradan "aranın qarışdığını və məsələnin yarımçıq qaldığını", Heydər Əliyev hakimiyyəti dövründə yenidən deputat istintaq komissiyasının yaradıldığını, "başladılan araşdırmanın dərinləşdirildiyini, siyasi qiymət verildiyini" bildirir.

O, bundan sonra istintaqın gedib-getməməsindən xəbərsizdir və hətta buna zərurət olmadığını düşünür: "Baş verənlər zorakılıq, irtica idi və günah Moskva hakimiyyətində idi". Sabir Rüstəmxanlının qənaətincə, 68 cildlik iş olmadan da işi yekunlaşdırmaq mümkündür.

"Bakıya qoşun yeridilib, 5 istiqamətdən şəhərə girib dinc əhaliyə zorakılıq tətbiq etmişdilər. Uşaqlara, qadınlara, yaşlılara, alimlərə güzəşt etməmişdilər... Burda başqa nə deyilməlidir? Qorbaçev başda olmaqla güc strukturlarının rəhbərləri məhkəmə qarşısına çıxarılmalı idi".

O, Azərbaycandan da bu işdə iştirak edənlərin cəzalandırılmalı olduğunu, vəfat edənlərlə bağlı hüquqi qərar verilməli olduğunu düşünür: "Əfrand Daşdərmirov çıxış etdi ki, ordu Bakıya yeridilməyəcək. Ancaq Elmira Qafarovanın stolunun üstündə Qorbaçevun imzası ilə sərəncamı öz gözümlə gördüm: "Ordu Bakıya yeridilsin". AXC-nin yığıncağında da demişdim. Azərbaycan vəzifəliləri də bilirdi ki, ordu Bakıya yeridiləcək. SSRİ rəhbərliyi də, bizim vəzifəlilər də məsuliyyət daşıyır. Məhkəməyə çıxarılmalıdırlar".

İstintaq komissiyasının keçmiş üzvü hesab edir ki, belə bir məhkəmə qurmağa rəsmi Bakının gücü çatmadığından məsələ uzanır.

Rəsmi Bakı bildirir ki, sovet qoşunları 1990-cı il yanvarın 19-da saat 00:00-dan başlayaraq «Nasosnı» qəsəbəsi, metronun keçmiş «Məşədi Əzizbəyov» stansiyası və Sumqayıt şəhəri istiqamətindən Bakıya daxil olub, "dinc əhalinin qırğını həyata keçirilib".

Bu hadisələr zamanı 137 nəfərin həlak olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz olaraq həbs edildiyi bildirilir.

1994-cü ildə parlamentin sənədində 1990-cı il yanvarın 20-də baş verənlər "Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi" qiymətləndirilib.

Faciənin təşkilatçısı kimi Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyi, şəxsən M. Qorbaçev təqdim olunub.

Qara Yanvar

XİN: "İnsanlıq əleyhinə cinayət"

SSRİ rəhbəri Mixail Qorbaçovun SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, 1990-cı ildə yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan etdiyini və bundan xəbərsiz olan şəhərə qoşunlar yeridilidiyi və dinc əhaliyə amansız divan tutulduğu deyilib, Qara Yanvarın 30 illiyi ilə bağlı Azərbaycan XİN-in bəyanatında deyilib.

XİN bu faciəyə Azərbaycanda dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verildiyini qeyd edib: "Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi".

"Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub", sənəddə qeyd olunub

"Öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir", - rəsmi Bakı vurğulayıb.

Azərbaycan hesab edir ki, 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir: "Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır".