2 nazirlik, 1 komitə və agentlik İqtisadiyyat Nazirliyində birləşdirildi

Mikayıl Cabbarov

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Mikayıl Cabbarov

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi.

Bu barədə prezident İlham Əliyev fərman imzalayıb.

Oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib.

O, 2017-ci ilin dekabrında vergilər naziri vəzifəsində Fazil Məmmədovu əvəz etmişdi.

Vergilər naziri vəzifəsinə kimi isə Mikayıl Cabbarov təhsil naziri kimi çalışıb.

Son bir neçə gün ərzində prezident İlham Əliyev iqtisadiyyat naziri Şahin Mustafayevi nazir postundan azad edib və onu baş nazirin müavini təyin edib.

Eyni zamanda Baş Nazirin iki müavini olmuş Əli Həsənov və Hacıbala Abutalıbovu qəbul edib və onların istefa ərizəsini qəbul edib.

Prezident İlham Əliyev həmin görüşdə bildirib ki, "iqtidarda 70 yaşını keçən" məmurların istefa verəcəyinə "ümid edir".

1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olan Mikayıl Cabbarov 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri təyin edilmişdi.

Mikayıl Cabbarov 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alıb.

Təhsil Nazilriyinin rəsmi saytında verilən məlumata görə, 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin McGeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

O, bir müddət iqtisadi inkişaf nazirinin müavini, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub.