Fazil Məmmədov işdən çıxarıldı, Mikayıl Cabbarov vergilər naziri oldu

Şəklin mənbəyi, Prezident.az
Dekabrın 5-də Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib.
Bununla bağlı ölkə prezidenti İlham Əliyev sərəncam verib.
Onun digər sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edilib.

Şəklin mənbəyi, Azertac
Təhsil naziri vəzifəsinə bu ana qədər təyinat olmayıb.
Fazil Mәmmәdov 17 il idi ki, Vergilər Nazirliyinə rəhbərlik edirdi. O, 1964-cü ildə Şamaxıda anadan olub.
Vikipediyada yerləşdirilmiş məlumatda göstərilir ki, o, 1985-ci ildə D. Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.
1987-89-cu illərdə Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye- Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb.
O, Maliyyә-Kredit texnikumunda müәllim, gömrük sistemində rəhbər vəzifələrdə çalışıb.
O, Azərbaycan Güləş Federasiyasının prezidentidir.
Mikayıl Cabbarov 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alıb.
Təhsil Nazilriyinin rəsmi saytında verilən məlumata görə, 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin McGeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.
2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.
O, bir müddət iqtisadi inkişaf nazirinin müavini, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub.
"Təsadüfi hal deyil"
Milli Məclisin üzvü Zahid Oruc hesab edir ki, Fazil Məmmədov Azərbaycanda vergilər sisteminə yeniliklər gətirmiş və struktur yaratmağı bacaran kadr kimi xarakterizə edir.
Zahid Oruc deyir ki, Azərbaycanda vergilər sistemi "yeni sahə olmasına baxmayaraq, böyük işlər görülüb" və o, vergi ödəmələrinin də hər il artmasını nümunə çəkir.
Millət vəkili deyir ki, qərar dövlət başçısı tərəfindən verilib və hər hansı rəsmi açıqlama verilsəydi, məsələyə "hərtərəfli yanaşmaq" olardı.
O, Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsində təsadüfi hal görmür, deyir ki, təhsil naziri əvvəlki illərdə iqtisadiyyat sahəsində çalışıb və vergilər ona yad olmayacaq.
Zahid Oruc Cabbarovun təhsil sahəsində başladığı islahatların, xüsusilə, məktəb direktorları ilə bağlı yenilikləri xatırladır, ümid edir ki, Mikayıl Cabbarovun yerinə təyin ediləcək şəxs bu islahatları davam etdirəcək.




