İlham Əliyev "iqtidarda 70 yaşını keçən" məmurların istefa verəcəyinə ümid edir

Şəklin mənbəyi, APA
Prezident İlham Əliyev "iqtidarda 70 yaşını keçən" məmurların istefa verəcəyinə ümid edir. O bunu bazar ertəsi Baş Nazirin müavini vəzifəsindən istefa verən Əli Həsənov və Hacıbala Abutalıbovla görüşündə deyib.
İlham Əliyev deyib ki, o, "iqtidarda təmsil olunan yaşı 70-i keçən məmurların" da istefa verəcəyinə "ümid edir", prezident.az saytı xəbər verir.
Əli Həsənovun istefa ərizəsini qəbul edən prezident ona deyib: "Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır".
Hacıbala Abutalıbovu da ayrılıqda qəbul edən İlham Əliyev onun da istefasının qarşılığında bildirib:
"... həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm".
Prezident.az saytında yazılıb ki, Əli Həsənov və Hacıbala Abutalıbov vəzifədən azad edilmək üçün prezidentə ərizə ünvanlayıblar.
İlham Əliyev bazar ertəsi onların hər ikisi ilə görüşüb.
Əli Həsənov Baş nazirin müavini idi. O, həm də 1998-ci ildən 2018-ci ilə qədər Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri kimi çalışıb.
Hacıbala Abutalıbov 2018-ci ilin aprelində Baş nazirin müavini vəzifəsinə təyin edilib. O, bundan əvvəl 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.








