Yadigar Sadıqlı: "Polis imkan vermədi"

Lənkəran

Şəklin mənbəyi, Lənkəran İH

Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı bazar günü Lənkəranda polis zorakılığı ilə üzləşdiyini bəyan edib.

O, BBC News Azərbaycancaya biıdirib ki, bazar günü Lənkəranda Müsavatın Divan üzvü Yadigar Sadıqlının evinin həyətində polis ona qarşı zorakı davranıb və bununla bağlı o, hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya Yadigar Sadıqlının evinin həyətində "polis zorakılığı göstərilməsi" iddiasını istisna edib.

Bazar günü Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı BBC News Azərbaycancaya bildirib ki, Müsavat Partiyasının Lənkəran təşkilatının ümumi yığıncağını keçirməyi planlaşdırdıqları üçün onun evi "polis nəzarətinə götürülüb".

Yadigar Sadıqlı deyib ki, qurultaya hazırlaşan partiyanın yerli təşkilatları nizamnaməyə uyğun yığıncaq keçirmək istəyiblər: "Müsavat partiyası Lənkaran təşkilatının ümumi toplantısının keçirilməsinin məqsədi gələn aya təyin olunmuş partiyanın qurultayına namizədlər seçmək idi".

Cənab Sadıqlının sözlərinə görə, polis ona "evində toplantı keçirməsi üçün icazə almaq lazım olduğunu" deyib.

"Əvvəlcə dedilər ki, rəis çağırır, polisə gedək. Gülağa bəy dedi, mən də gəlirəm. Evə keçib paltarımı dəyişib çıxdım, aparmadılar. Evdən də uzaqlaşıblar, küçədə hər iki tərəfdə 100 mer kənarda qalıb gələnləri buraxmırlar. Çağırıram ki, aparın da polisə, aparmırlar", Yadigar Sadıqlı bildirib.

Onun iddiasına görə, polis evin ətrafında dayanaraq müsavatçıların Yadigar Sadıqlının evinə girməsinə mane olub və buna görə də "toplantı baş tutmayıb və onlar qurultaya nümayəndə seçə bilməyiblər".

"Nizamnaməyə görə, bu cür yığıncaqlar hər iki ildən bir keçirilməli, partiyanın yerli və mərkəzi təşkilatlarının səlahiyyəti təsdiqlənməlidir, qurultaya nümayəndələr seçilməlidir. Fikirləşirdik, sentyabrın axırınadək bu işi bitirək, amma belə görünür, Lənkəranda yığıncaq keçirə bilməyəcəyik".

Yadigar Sadıqlının sözlərinə görə, Bakıdan gələn başqan müavini Gülağa Aslanlı və digər partiya yetkililəri isə polisin "zorakılığı və kobudluğu ilə" üzləşib.

Həm Yadigar Sadıqlı, həm də Gülağa Aslanlı hüquq-mühafizə orqanlarına polisin davranışı ilə bağlı şikayət edəcəklərini deyirlər.

Gülağa Aslanlı BBC News Azərbaycancaya bildirib ki, hazırda ərizəsini vəkillərlə hüquqi sənəd formasına salmağa çalışır.

Daxili İşlər Nazirliyi Müsavat yetkililərinin "polisin zorakı davranış göstərməsi" iddiasını təkzib edib. DİN-in mətbuat xidmətindən BBC News Azərbaycancaya bildiriblər ki, bu iddia ilə bağlı bu gün "münasibət açıqlayacaqlar".