"Mübarizəmi ən qaynar nöqtələrdə davam etdirəcəyəm", Seymur Həzi
Video açılmırsa, BURADA izləyin.
Jurnalist Seymur Həzi cümə axşamı günü səhər saatlarında azadlığa buraxılıb.
O, həbs müddəti bitdiyinə görə azadlığa çıxıb.
AXCP sədri Əli Kərimli, Müsavat partiyasının üzvü Tofiq Yaqublu, hüquq müdafiəçiləri və bir sıra digər şəxslər Seymur Həzini evində ziyarət edib.
Seymur Həzi kimdir?
Jurnalist Seymur Həzi Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən "Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru işləyib.

Onun saxlanılması ilə nəticələnən hadisələr barədə mediada yayımlanan polis açıqlamasına əsasən, jurnalist 2014-cü ilin avqustun 29-da Ceyranbatandakı avtobus dayanacağının yaxınlığında tanış olmayan şəxsə qarşı zor tətbiq etdikdən sonra saxlanılıb.
Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində "silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq" maddəsi ilə cinayət işi açılmışdı.
Seymur Həzi 2015-ci ilin yanvarın 29-da 5 il müddətinə həbs olunmuşdu.
Jurnalist ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, öz həbsinin ictimai fəaliyyətlə bağlı olduğunu deyib.
Beynəlxalq təşkilatlar onun həbsini "siyasi motivli" hesab edib.
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.





