Sumqayıt: Stomatoloji klinikada baş həkimi bıçaqlayan həkim həbs olunub

Şəklin mənbəyi, smd.az
- Müəllif, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca, Bakı
Sumqayıtda stomatoloji klinikada baş həkimi bıçaqlayan həkim həbs olunub, hüquq-mühafizə orqanları bildirir.
Sumqayıt şəhər Polis İdarəsi və prokurorluğu məlumat yayıb ki, həkim Pərviz İbrahimov aralarında şəxsi münasibətlərə görə yaranmış mübahisə zəminində hadisəni törətməkdə şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin "qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə cinayət işi başlanıb.
Avqustun 5-də Sumqayıt şəhərində "Sum Modern Dental Clinic"in həkimlərdən biri klinikanın baş həkimi Şahin Baxşəliyevi bıçaqlayıb, klinikadan deyilib.
Baş həkimin müalicə aldığı "Baku Medical Plaza"dan BBC News Azərbaycancaya verilən məlumata əsasən, Şahin Baxşəliyevin vəziyyəti ağırdır.
"Baku Medical Plaza"nın baş həkimin müavini Lalə Şəkərova deyib ki, "Şahin Baxşəliyev bizə Sumqayıtdan bıçaqlanma diaqnozu ilə gətirilib. Cərrahi əməliyyat aparılıb, hazırda reanimasiyadadır".
Lalə Şəkərova baş həkimin hansı xəsarətləri almasını açıqlamayıb, sadəcə bildirib ki, həkimlər Şahin Baxşəliyevin vəziyyətini ağır qiymətləndirirlər.
"Sum Modern Dental Clinic"dən bildiriblər ki, xəsarət alan Şahin Baxşəliyev stomatoloji klinikanın həm baş həkimi, həm də direktoru kimi çalışıb.
"Ona xəsarət yetirən Pərviz İbrahimov da həmin klinikada həkim kimi çalışıb", klinikadan BBC News Azərbaycancaya deyiblər, amma onlar həkimlər arasında münaqişənin olub-olmaması sualına cavab verməyiblər.
Klinikanın saytında olan məlumata əsasən, "Sum Modern Dental" 2019-cu ilin iyun ayında istifadəyə verilib.
Klinika "Sum Modern Dental" stomatoloji klinikası 1 nömrəli stomotoloji poliklinikanın bazasında yaradılıb.
1 nömrəli stomatoloji poliklinika prezidentin 19 iyul 2016-cı il tarixli fərmanı və Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməyə çıxarılıb və 2017-ci il 4 aprel tarixində hərrac yolu ilə özəlləşdirilib.









