Xədicə İsmayılova niyə və harada aclıq edir?

Xədicə İsmayılova aclıq aksiyasına başlayıb.

Hazırda həbsdə olan və "siyasi məhbus" kimi tanınan şəxslərə azadlıq tələbilə araşdırmaçı-jurnalist Xədicə İsmayıl Müsavat Partiyasının qərargahında davam edən aclıq aksiyasına qoşulub.

O, aclıq aksiyası keçirməsiylə bağlı hansısa dövlət qurumuna müraciət etmədiyini və aksiyanı müddətsiz davam etdirəcəyini deyib.

"Heç bir dövlət qurumuna bildirməmişəm. Eləcə Facebook-da yazmışam və mətbuata müsahibələrimdə bildirmişəm", Xədicə İsmayıl BBC News Azərbaycancaya deyib.

Xədicə İsmayıl bildirib ki, həkim nəzarətində deyil, amma hələlik özünü normal hiss edir.

"Bu gün Təcili Tibbi Yardım Xidməti gəlmişdi. Aclıq aksiyası başlayandan bəri çağırmadan gəlməmişdi. Bu gün görünür müraciətlərə görə özləri gəlmişdilər. Dedilər ki, onları baş həkim göndərib. Hamı dedi ki, şikayətimiz yoxdur, getdilər".

Siyasi fəal Tofiq Yaqublu və digər bir neçə nəfər də 10 gündən çoxdur ki, Müsavat Partiyasının qərargahında bloqçu Mehman Hüseynova dəstək üçün aclıq aksiyası keçirir.

Həbsdə olan digər bir neçə fəal da bazar ertəsindən aclıq aksiyasına qoşulacaqlarını bildirmişdilər.

Penitensiar Xidmət isə aclıq aksiyası keçirildiyini təkzib edir.

Video bloqçu kimi tanınan Mehman Hüseynov polisə böhtan atmaqda təqsirləndirərək 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib. O, bu ittihamı rədd edir.

Mehman Hüseynov həbs müddətinin bitməsinə az qalmış ona qarşı açılan yeni ittihamlara etiraz edərək aclıq aksiyası keçirdiyini bəyan edib.

Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını, siyasi fəaliyyətə görə heç kəsin təqib və həbs olunmadığını dəfələrlə bəyan edib.