Xədicə İsmayıl: "Həbs olunsam da, üzərində işlədiyim araşdırmalar çap ediləcək"

Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs olunmasına hazırlıq getdiyini deyir. BBC News Azərbaycanca Xədicə İsmayılla bu barədə söhbət edib.
-Xədicə xanım, həbs olunmanızla bağlı iddianız nəyə söykənir? Hədə, xəbərdarlıq almısızmı?
- Təxminən 15 gündür, müxtəlif yerlərdən mənə deyirlər ki, ehtiyatlı ol, sənin barəndə həbs qərarı hazırlayırlar, barəndə yeni iş açmaq istəyirlər. Düzü, əvvəl düşünürdüm ki, sadəcə narahat eləmək istəyirlər, ya da qorxutmaq istəyirlər ki, özümü yığışdırım.
Güman edirəm ki, məni həmişə izləyirlər və bilirlər ki, cinayət işi qaldırılmasına səbəb verəcək hər hansı hərəkətə yol vermirəm. Bəlkə ciddi məlumat axtarışındadırlar, ancaq ətrafımda olan adamlara da deyirəm ki, mənim ciddi sirrim yoxdur.
Nə fikirləşirəm, onu da Facebook hesabımda yazıram. Ona görə də həbslə bağlı deyilənlərə o qədər əhəmiyyət vermirdim, amma getdikcə daha çox məlumat almağa başladım, bank hesablarım donduruldu. Vergilər Nazirliyinin mənimlə bağlı işi, keçən ilin oktyabrından başlamışdı, bu addımı o vaxt yox, niyə indi atırlar?
-Bir müddət öncə aldığınız beynəlxalq pul mükafatlarınızın bank hesablarınız həbsdə olduğu və ya hansısa problemlə üzləşə biləcəyinizi əsas gətirib ödənməməsini istəmişdiniz. Bu günlərdə isə Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycan hökumətinin təzminatı sizin bank hesabınıza ödənilmişdi.
- Məsələ burasındadır ki, Vergilər Nazirliyinin Beynəlxalq Bankdakı hesablarım haqqında öz yanından məlumatı ola bilməz. Bu nazirliyin əlində olan məlumat mənim VÖEN-imə (sadələşdirilmiş vergi ödəyisi üçün açılan hesab-red.) bağlı bank hesablarımdır.
O hesablara isə mən həbsxanada olarkən həbs qoyulmuşdu. Ondan sonra da o hesablardan istifadə etməmişəm. Və nazirlik hardansa məlumat alır ki, mənim Beynəlxalq Bankda manat və avro hesabım var və ən maraqlısı odur ki, mənim avro hesabıma həbs qoyulub. Bu hesaba Avropa Məhkəməsinin təzminatı ödənilməlidir.
Elə bir vəziyyət yaradıblar ki, mən qanuni yolla pul qazanmayıb, vergi ödəyə bilməyim və ölkənin içində qanundan kənar vəziyyətə düşüm. Mən də çalışıram ki, qanunları pozmayım və onlar da qanunları pozmadığımı yaxşı bilirlər. Hesablarla bağlı problemlərdən sonra isə hakimiyyətə yaxın saytlarda mənim 500 min dollar qrant almağımla bağlı bir yazı çap olundu.
-Məqalədə sizin 500 min dollarlıq qrantı alıb kütləvi tədbirlər təşkil edəcəyiniz iddia olunur.
- Bohtan dolu bir məqalədir və təcrübə göstərir ki, barəsində bu saytda yazı dərc olunan bəzi şəxslər, məsələn, jurnalist Əfqan Muxtarlı, AXCP sədrinin müavini Gözəl Bayramlı həbs edildi. Düşünürəm ki, indi də belə bir zəmin mənim üçün yaranır.
Adımı 500 min dollarlıq qrantla bağlı hallandırırlar. 500 min dollar... kaş doğru olaydı deyə də bilmirəm. Çünki həmişə qrant söhbətlərindən kənarda qalmağa çalışmışam. 500 min çox böyük məbləğdir və bunu necə düşünürlər?
Mən heç öz pul mükafatlarımı ölkəyə gətirdə bilmirəm, hesablarıma köçürdə bilmirəm, bu qədər vəsaiti necə köçürdərdim? Bu, kriminal ağlın məsuludur.
-Xədicə xanım, hazırda işlədiyiniz araşdırmalar varmı və bu narahatlıqlara bu da səbəb ola bilərmi?
- Araşdırmalarım var və harasa hələ ki, sorğu göndərməmişəm, sənədləri araşdırıram. Ola bilsin ki, həyatım daha yaxından izlənir, yəqin ki, xəbərlərim var, mən nə iş görürəm, ola bilsin, hansısa sənədləri axtardığım üçün axtarış tarixçəmi görürlər.
Amma "Laundromat" araşdırması bitməyib, davam edir. Mən indi mövzuları açmağa hazır deyiləm, çünki tək işləmirəm, xarici həmkarlarımla işləyirəm. İstənilən halda, məni həbs etsələr də, etməsələr də bu araşdırmalar başa çatdırılıb dərc olunacaq.
-500 min qrant iddiası ilə bağlı məhkəməyə müraciət edəcəksinizmi?
- Əslində mən defamasiya mövzusunu sevmirəm. Çünki həmişə deyirik ki, insanlar söylədikləri fikirlərə görə cinayət məsuliyyətinə cəlb edilməməlidirlər. Amma ki, hər halda hüquqşünaslarla məsləhətləşəcəm.
Yüksək rütbəli məmurlar və onların ailə üzvləri haqqında araşdırmaların müəllifi Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.
Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.
2016-cı ilin mayında təxminən 1 il 5 ay müddətində həbsdə qalmış jurnalist mənimsəmə və ya israf etmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə bəraət alıb.
Ona qarşı hazırda qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma maddələri ilə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Həmin cəza məcəllənin şərti məhkumetmə maddəsinin tətbiq olunması ilə 5 il şərti cəza və 2 il dövlət və yerli özünü idarətmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum etmə ilə əvəzlənib.
Xədicə İsmayıl və onun əməkdaşlıq etdiyi Azadlıq Radiosu həbsin siyasi motivli olduğunu deyir və jurnalistin apardığı araşdırmalarla əlaqələndirir. Azərbaycan hökuməti bu iddiaları rədd edir.








