Xədicə İsmayıl mükafat barədə: "...düz söz deməyin bədəli yalnız ağır nəticələr deyil"

Xədicə İsmayıl

İsveçdə azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayıl Nobel mükafatına alternativ yaradılan "Dürüst həyat" (Right Livelihood Award) mükafatı laureatlarından biri elan olunub.

Xədicə İsmayıl "cəsarət və sədaqətinə, yüksəkçinli məmurların korrupsiyasını aşkara çıxaran yazılarına görə" bu mükafatı qazanıb, - mükafatın rəsmi saytında bildirilir.

Mükafatın digər laureatları hindistanlı vəkil Colin Gonsalves və əlilliyi olan şəxslərin hüquqları uğrunda mübarizə aparan efiopiyalı Yetnebersh Nigussie-dir.

Adlar sentyabrın 26-da İsveç paytaxtında keçirilən mərasimdə açıqlanıb. Mükafatın məbləği 315 min avrodur və o, üç namizəd arasında bərabər bölünəcək.

1980-ci ildə Nobelə alternativ kimi təsis olunan mükafatı indiyə kimi 69 ölkədən 170-ə qədər şəxs alıb. Bu ilki mükafata isə 51 ölkədən 102 nəfər namizəd olub, - "Right Livelihood Award"ın saytında açıqlanır.

BBC Azərbaycanca müxbiri Səadət Akifqızı Xədicə İsmayıl ilə təəssüratları barədə danışıb:

Xədicə İsmayıl: Bu, indiyə kimi aldığım mükafatlar sırasında ən mötəbəridir. Düzdür, digər aldığım mükafatlar da nüfuz sarıdan bundan geri qalmaz. Belə bir nüfuzlu mükafata layiq görülmək mənim üçün şərəflidir.

Eyni zamanda, bu mükafat təkcə mənə verilməyib, hesab edirəm ki, bu mükafatı həm də çətin şəraitə baxmayaraq, işini davam etdirən bütün jurnalist və hüquq müdafiəçiləri adından qəbul edirəm.

Bu mükafat onu göstərir ki, peşəkar jurnalistlər üçün təkcə həbs, cəza təqibləri olmur, həm də belə nüfuzlu mükafatlarla onların işinə qiymət verilir. Bu, Azərbaycandakı xüsusilə, gənc jurnalistlər üçün yaxşı mesajdır.

Bu onu göstərir ki, peşəkar jurnalistika işinə görə təkcə qurban tələb olunmur, bu iş həm də yüksək səviyyədə qiymətləndirilə bilir. Mükafatı alandan sonra çalışacam ki, onun faydasını başqa, xüsusilə, gənc həmkarlarım da görsün.

BBC: Hansı formada görəcəklər? Facebook hesabınızda da deyilir ki, mükafatı "yemək-içməyə yox, xeyirli işlərə" sərf edəcəksiz. Bu yöndə hansı planlar var?

Xədicə İsmayıl: Ölkədə vəziyyət elədir ki, planları açıqlamaq olmur. Ancaq artıq bu barədə düşünürəm, planlar qururam ki, necə edim, mükafatımın başqalarına faydasına dəysin.

BBC: Mükafat məbləğinin əlinizə çatmayacağı ehtimalımı var?

Xədicə İsmayıl: Azərbaycanda hər cür ehtimallar var.

BBC: Bəs indiyə kimi digər maddi mükafatların sizə çatmasında hər hansı maneə olubmu?

Xədicə İsmayıl: UNESCO-nun mükafatını almaq xeyli əziyyətli oldu. Həbsdən çıxandan sonra bir neçə banka getmişdim, amma hesab aça bilmirdim. Ancaq indi iki bank hesabım var.

Biri Avropa Məhkəməsində udduğum işlərdən mənə ödənilən kompensasiyalar üçündür. Digərinə isə UNESCO-nun mükafatını köçürdülər.

Düzdür, birdən köçürmədilər, xahiş etmişdim ki, hissə-hissə köçürsünlər ki, hökumət həbs qoymasın. Sağ olsunlar, onlar da anlayışla qarşıladılar.

BBC: Bu mükafat üçün də belə bir xahiş olacaqmı?

Xədicə İsmayıl: Yəqin ki... Başa düşürəm, indiyə kimi mən hakimiyyətin pulunu saymışam, indi hamı mənimkini saymaq istəyir... Bəzi təhlükəsizlik məsələləri var, onu həll etmək lazımdır.

BBC: Xədicə xanım, ölkədən çıxışınıza qadağa qoyulduğu üçün mükafatın təqdimolunma mərasiminə qatıla bilmirsiz.

Qatılsaydınız, "Dürüst həyat" nitqinizin ana xətti nə olardı?

Xədicə İsmayıl: Təşəkkür edərdim ki, çox sag olsunlar, dünyaya göstərirlər ki, düz söz deməyin bədəli yalnız ağır nəticələr deyil, həm də mükafatlandırmadır.

Və onu da əlavə edərdim, demokratiya olmayan ölkələrdə jurnalistlərin üzərinə ikiqat məsuliyyət düşür ki, ölkələrində xalqın hesabına ailəsinin sərvətini artıran hakimiyyətləri ifşa etsinlər.

Bu ayrı-ayrı fərdlərdən daha artıq əmək tələb edir və şadam ki, mənim ölkəmdə belə fərdlərin sayı çoxdur.

Bu mükafatı da bu riskləri göz altına alıb irəliləyən həmkarlarımın adına qəbul edirəm.

Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.

Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.

2016-cı ilin mayında təxminən 1 il 5 ay müddətində həbsdə qalmış jurnalist mənimsəmə və ya israf etmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə bəraət alıb.

Ona qarşı hazırda qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma maddələri ilə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Həmin cəza məcəllənin şərti məhkumetmə maddəsinin tətbiq olunması ilə 5 il şərti cəza və 2 il dövlət və yerli özünü idarətmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum etmə ilə əvəzlənib.

Xədicə İsmayıl və onun əməkdaşlıq etdiyi Azadlıq Radiosu həbsin siyasi motivli olduğunu deyir və apardığı araşdırmalarla əlaqələndirir. Azərbaycan hökuməti bu iddiaları rədd edir.