ABŞ, Texas: ticarət mərkəzində atışmada 20 nəfər ölüb, 20-dən çox yaralı

Şəklin mənbəyi, AFP
ABŞ-ın Texas ştatında, El Paso şəhərindəki ticarət mərkəzində atışma nəticəsində 20 nəfər ölüb, 26 adam yaralanıb, ştatın qubernatoru Greg Abbott bildirib.
Onun sözlərinə görə, şənbə günü ştatın tarixində ən faciəli günlərdən birinə çevrilib.
Atışma Meksika ilə sərhəddən bir neçə kilometr məsafədə yerləşən Cielo Vista Mall ticarət mərkəzinin yaxınlığında yerləşən Walmart supermarketində baş verib.
Polis tərəfindən şübhəli qismində ilə 21 yaşlı kişini saxlanılıb.
Polisin bildirdiyinə görə, həmin şübhəli şəxs El Paso şəhərindən 1046 km aralı yerləşən Allen şəhərinin sakinidir.
ABŞ mediasının məlumalarına əsasən, şübhəlinin adı Patrick Crusius-dır.
Müəyyən olunub ki, 911 xidmətinə atışma barədə ilk həyəcan zəngi daxil oduğundan təxminən 20 dəqiqə əvvəl internetdə irqci məzmunlu bir manifest yerləşdirilib.

Şəklin mənbəyi, AFP
Washington Post qəzetinə görə, 2300 sözdən ibarət mətndə miqrantlara və o cümlədən ABŞ-ın ispandili icmasına nifrət ifadə edilib.
Müəllif Amerikanın ağdərili əhalisinin sıxışdırıldığını bildirərək ABŞ ərazisini irqçilik prinsiplərinə uyğun olaraq bölünməsi planını təklif edir.
Manifestdə hansısa qaçılmaz hücum barədə də qeydlər var.
Bu manifestlə şübhəli Crucius-un əlaqəli olub-olmadığı hələlik məlum deyil.
Baş vermiş faciəli hadisənin istintaqı ilə Texas ştatının polisi və FTB məşğul olur.
El Paso polisinin rəisi Greg Allenin dediyinə görə, atışma nifrət zəmində törədilmiş cinayət kimi araşdırılacaq.
Meksika rəsmilərinin bildirdiyinə əsasən, ölənlər arasında üç meksikalı var.






