Xədicə İsmayılova: "Azərbaycan höküməti ... birbaşa məsuliyyət daşıyır"

Avropa Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovaya görə Azərbaycan hökumətini 16750 avro məbləğində cərimələyib.
Bu barədə Avropa İnsan Haqları Məhkəməsinin rəsmi saytında məlumat yerləşdirilib.
Xədicə İsmayılova BBC News Azərbaycancaya deyib ki, "Azərbaycan höküməti mənim şəxsi həyatıma müdaxilədə birbaşa məsuliyyət daşıyır".
"İki müxtəlif epizod üzrə, bir, mənim evimə kamera yerləşdirilməsi və bunun araşdırılması, ikinci isə prokurorluğun mənim şəxsi həyatım haqqında sirləri yayması. Azərbaycan hakimiyyəti bu cinayəti məhz məni susdurmaq üçün edib",- Xədicə İsmayılova deyib.
O, bildirib ki, daha bir maddə isə ifadə azadlığının təmin olunmaması ilə bağlı olub.
Jurnalist onu da deyib ki, onun hazırda Avropa Məhkəməsində davam edən daha doqquz işi var.
Jurnalist əlavə edib ki, Avropa Məhkəməsinin bu pozuntuları aradan qaldırmaq üçün atılmalı addımları çox aydın şəkildə qərarda yazmasını istəyir.
"Bu qərarlarda Azərbaycan hökümətinin kompensasiya ödəməkdən başqa, hansı addımlar atacağı ilə bağlı konkret fikirlər əksini tapmayıb. Mən düşünürəm ki, bu qərarlar aydın dillə ifadə olunanda, onda Azərbaycan höküməti öz fəaliyyətində nəyin səhv olduğunu aydın başa düşəcək",- araşdırmaçı jurnalist sözlərinə əlavə edib.
Qərarda nə deyilir?
Avropa İnsan haqları Məhkəməsinin cümə axşamı günü çıxmış qərarında onun "gizli çəkiliş, intim videoların yayılması və təhdid məktubu alması" ilə bağlı deyilir ki, Azərbaycan höküməti jurnalistin şəxsi həyatının qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməyib.
Qərarda həmçinin deyilir ki, hökümət, jurnalistin şikayəti üzrə təhqiqat aparılarkən onun şəxsi məlumatlarına "əsassız və dəhşətli müdaxilə" edildiyini nəzərə alaraq onun haqlarının pozulmaması üçün daha diqqətli olmalı idi.
Jurnalistin təhdid məktubu alması ilə bağlı bildirilib ki, ölkədə jurnalistlərlə bağlı vəziyyət - həbslər, fikizi hücumlar və günahkarların cəzalandırılmamasına dair hesabatları nəzərə alaraq, hökümətin təkcə onu şəxsi həyatına müdaxilədən qorumalı deyildi, həmçinin onun ifadə azadlığını da qorumaq vəzifəsi var idi.
"Lakin Məhkəmə araşdırıb ki, cinayət təhqiqatı qüsurlu olub və gecikdirilib və hökümət yönlü qəzetlər və rəsmilər səbəbsiz olaraq onun şəxsi həyatı barədə məlumatları ictimailəşdiriblər", qərarda deyilir.
Avropa İnsan Haqları Məhkəməsinin qərarında göstərilir ki, hökmün elanından sonra üç ay müddətində Azərbaycan höküməti Xədicə İsmayılovaya mənəvi zərərə görə 15 min, məhkəmə xərcləri üçün isə 1750 avro ödəməlidir.
Nə baş vermişdi?
2012-ci ildə jurnalistin intim videosu internetdə yayıldıqdan sonra Moskvadan göndərilən məktubda ondan tələb olunub ki, elədiyi işdən yayınsın, yoxsa rüsvay ediləcək.
Xədicə İsmayılova bu şantaj məktubunun Azərbaycanda prezident ailəsinin iddia olunan bizeslərinə dair apardığı araşdırmalarla bağlı olduğunu bildirib.
Xədicə İsmayılova evinə gizli kamera quraşdırılması ilə bağlı yerli hüquq-mühafizə orqanlarına şikayət etmiş, amma şikayətinin araşdırılması səviyyəsindən narazı qalaraq Avropa Məhkəməsinə müraciət etmişdi.
Araşdırmaçı jurnalist hökumətin onun şəxsi həyatına "çox ciddi" müdaxiləyə görə ya bilavasitə məsuliyyət daşıdığını, ya da ki, "effektiv araşdırma" keçirmədiyini iddia etmişdi.
Məhkəmədən öncə BBC News Azərbaycancaya danışan Xədicə İsmayılova deyib ki, günahkarların üzə çıxmasına ümid edir.
O, özü də evinə müdaxilə ilə bağlı araşdırma apardığını qeyd edib.
"Mən öz araşdırmamı aparmışam. Öz materialımı təqdim etmişdim". Ancaq Xədicə İsmayılova özünün təqdim etdiyi dəlillərin hakimiyyət tərəfindən araşdırımadığını əlavə edib.
Jurnalist Xədicə İsmayılova illərdir ki, Azərbaycan hökumətinin tənqidçisi olub. O, hökumət və prezident İlham Əliyevin ailəsinə bağlı biznesləri araşdırıb.
İsmayılova hesab edir ki, ona qarşı təqiblər Azərbaycanda jurnalistlər əleyhinə siyasi zəminli kampaniyanın tərkibidir.
Bunları rədd edən Azərbaycan hökuməti jurnalistlərin konkret ittihamlara görə həbs olunduğunu deyir.
Avropa Məhkəməsinin əvvəlki cəriməsi nə ilə bağlı idi?
Bundan əvvəl də Avropa Məhkəməsi Xədicə İsmayılovanın şikayəti əsasında Azərbaycan hökümətini cərimələyib.
Araşdırmaçı jurnalist Xədicə İsmayılova daha əvvəl də Avropa Məhkəməsinə müraciət edərək Azərbaycanda məhkəmə prosesi zamanı hüquqlarının pozulmasından şikayət etmişdi və məhkəmə jurnalistin xeyrinə qərar çıxararaq höküməti 6000 avro cərimələmişdi.
Jurnalist hökumətinin ona ödədiyi təzminatın böyük hissəsini şəxsi hesabına həbs qoyulduğu üçün ala bilməyib.
Xədicə İsmayılova 2014-cü ildə həbs olunaraq vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 2016-cı ildə şərti azadlığa buraxılıb.








