Xədicə İsmayılova: "4 dekabrda həbs qoyduqları hesaba 11 dekabrda təzminat ödəyiblər"

Şəklin mənbəyi, AZADLIQ RADİOSU RFE RL
- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Araşdırmaçı jurnalist Xədicə İsmayıl Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycan hökumətinin ona ödədiyi təzminatı şəxsi hesabına həbs qoyulduğu üçün ala bilməyib.
Jurnalist, hesabına Vergilər Nazirliyinin tələbi ilə həbs qoyulduğunu iddia edib.
Vergilər Nazirliyi və Azərbaycan Beynəlxalq Bankı hesaba həbs qoyulması ilə bağlı BBC News Azərbaycancanın suallarını cavablandırmayıb.
Hüquqşünaslar isə Avropa Məhkəməsinin təzminatına həbs qoyulması və ya hər hansı borcun ödənilməsinə yönəldilməsinin qanunsuz olduğunu bildiriblər.
Həbs qoyulmuş hesaba kompensasiya köçürülüb
"Bankdan dedilər ki, həbs Vergilər Nazirliyi tərəfindən 4 dekabrda qoyulub, 11 dekabrda isə bu hesaba kompensasiya köçürüblər", araşdırmaçı-jurnalist Xədicə İsmayılova BBC News Azərbaycancaya deyir.
O deyir ki, Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycan hökumətinin ödədiyi təzminatı almaq üçün banka gedəndə hesabına həbs qoyulduğunu öyrənib.
"Belə çıxır ki, Beynəlxalq Bank bank sirrini pozaraq, hesab məlumatlarımı Vergilər Nazirliyinə verib? Ya da Prezident Adminstrasiyasında Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən qurum hesab nömrəmi Vergilər Nazirliyinə ötürüb", jurnalsit əlavə edir.
Xədicə İsmayılın sözlərinə görə görə, Vergilər Nazirliyi ilə onun arasında Azadlıq Radiosunun vergi borcları ilə bağlı məhkəmə çəkişməsi olub və nazirlik ondan bu borcu tələb edir.
Xədicə İsmayılın sözlərinə görə, dekabrın 11-də onun hesabına 7 minə yaxın avro köçürülüb. "Hesabıma həbs qoyulduqdan düz bir həftə sonra bu pul köçürülüb", o deyir.
"Beynəlxalq Bankda əvvəl dedilər ki, hesabımda problem var, bir qədər sonra isə hesabına həbs qoyulduğunu açıqladılar", o əlavə edib.
"Kompensasiya pulları cərimə predmeti ola bilməz"
Jurnalistin vəkili Fariz Namazlı deyir ki, bu hesab Avropa Məhkəməsindən alınacaq kompensasiya üçün nəzərdə tutulduğuna görə, həmin pullar cərimə predmeti "ola bilməz".
Fariz Namazlının sözlərinə görə, anoloji halla, yəni şəxsi hesaba həbs qoyulması ilə əvvəllər vəkil Əsabəli Mustafayev, hüquq müdafiəçiləri İntiqam Əliyev, Ənnağı Hacıbəyli və digər fəallar da üzləşib.
"Xədicə İsmayılın işində vergi məsələsi var idi. Məhkəmə hökmü ilə müəyyənləşmişdi ki, bəlli məbləğdə vergini ödəməlidir. Bunu nəzərə alaraq, məhkəmədə onun hesabına həbs qoyula bilər. Lakin bu hesaba gələn pul Avropa Məhkəməsinin qərarına əsasən ödənməli olan kompensasiyadır, o da hər cür vergidən azaddır, şəxs hətta dövlətə borclu olsa belə", təzminatın köçürüldüyü hesaba həbs qoyulmasını qanunsuz sayan vəkil deyir.
"Avropa Məhkəməsinin qərarlarının icrasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir. Biz də onlara müraciət edəcəyik", vəkil bundan sonra atılacaq növbəti addımlar haqqında danışır.
Avropa Məhkəməsinin təzminatlarla bağlı qərarında da ayrıca göstərilir ki, "ödənən kompensasiya sanksiya, həbs, cərimə predmeti ola bilməz".
Mülki Məcəllənin 967-ci bank sirri ilə bağlı maddəsində deyilir ki, banklar bank hesab və əmanətinin, hesab əməliyyatlarının, o cümlədən müştəri haqqında məlumatların sirrinə zəmanət verir.
Bank sirrini təşkil edən məlumatlar dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, "yalnız qanunda nəzərdə tutulmuş hal və qaydada verilə bilər", əks halda hüquqları pozulmuş müştəri "dəymiş zərərə görə" bankdan təzminat tələb edə bilər, müvafiq qanunda göstərilir.
100 min avro cərimə
Vergilər Nazirliyi və Azərbaycan Beynəlxalq Bankından BBC News Azərbaycancanın sorğusuna cavab veriləcəyini bildirsələr də, cavab almaq mümkün olmayıb.
Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın nümayəndəsi Çingiz Əsgərovsa "iş telefonuna cavab vermirəmsə, deməli işdə deyiləm", deyərək suallarımıza cavab verməkdən imtina edib.
2018-ci ildə Avropa Məhkəməsi Azərbaycanı üst-üstə 100 min avro məbləğində cərimələyib.







