Xədicə İsmayıl: "Rauf Talışınski əvəzolunmaz redaktor idi"

Turan, Rauf Talışınski, Exo qəzeti

Şəklin mənbəyi, TURAN

Şəklin alt yazısı, Rauf Talışınski

"Exo" qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski çərşənbə axşamı günü 62 yaşında Bakıdakı evində vəfat edib.

O 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, daha sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.

1990-cı ildən o "Ayna-Zerkalo" qəzetinin rəhbərlərindən biri olub. Bu nəşrdəki, eləcə də 2001-ci ildən bu günə qədər "Exo" qəzetinin rəhbəri və baş redaktoru olub. Azərbaycanın əməkdar jurnalisti adına layiq görülüb.

Onunla işləmiş həmkarları Rauf Talışınskini necə xatırlayır? Onlar BBC Azərbaycancaya danışıb.

Xədicəİsmayıl, araşdırmaçı jurnalist
Şəklin alt yazısı, Xədicə İsmayıl, araşdırmaçı jurnalist

Xədicə İsmayıl: "Rauf Talışınski incə yumorla yazırdı"

Araşdırmaçı Jurnalist Xədicə İsmayıl "Exo" qəzeti yaranandan 2003-cü ilin 17 oktyabrına kimi həmin qəzetdə Rauf Talışinski ilə birgə işləyib.

"Rauf Talışınski əvəzolunmaz redaktor idi. Mənim üçün çox ağır idi ki, sonra qəzet müstəqil yönümünü itirdi hökümət yönlü qəzetə çevrildi və mən də buna görə qəzetdən çıxdım, amma Rauf Talişınski mənim jurnalist kimi yetişməyimdə ciddi rol oynamış adamlardan biridir".

Onun sözlərinə görə, Rauf Talışınskinin yazıları çox incə yumorla zəngin olub və adətən konkret adamları yox, ümumi məsələləri hədəfə alıb.

Xədicə İsmayıl deyir ki, bazar ertəsi SAT imtahanlarının Azərbaycanda təxirə salınması haqqında xəbəri oxuyanda Rauf Talışınskini və onun bir yazısını xatırlayıb.

"Rauf Talışınski deyirdi ki, biz azərbaycanlılar çox qəribəyik. Bütün dünyada xalqlar pul verirlər ki, uşaqları oxusunlar, biz də pul veririrk ki, uşaqlarımız oxumasın".

"Rauf Talışınski işçiləri ilə münasibətdə nəzakətli idi, onların şəxsi və peşəkar inkişafına kömək edirdi. O həmçinin redaktor olduğu müddətdə jurnalistlərə yaxşı yazı hazırlamaları və onu təkmilləşdirmələri üçün vaxt verən azsaylı redaktorlardan olub", Xədicə İsmayıl deyir.

"Bir müddətdən sonra qəzet də söndü, jurnalist fəlaiyyətinin sönməsinin də məsuliyyəti bu hökümətin üzərindədir. Çünki, azad mediaya dözüm nümayiş etdirə bilmədilər və kimisə pulla, kimisə hədə qorxu ilə, kimisə başqa yolla susdurmağa çalışdılar və Rauf Talışınski döyüşmədi"- Xədicə İsmayıl əlavə edir.

2003-cü il prezident seçkilərindən sonra Xədicə İsmayıl qəzetdə fəaliyyətini dayandırıb və bu zaman Rauf Talışınski "Exo"-nun redaktoru olub.

Famil İsmayılov, BBC Rus Xidmətinin baş redaktoru
Şəklin alt yazısı, Famil İsmayılov, BBC Rus Xidmətinin Baş Xəbər redaktoru

Famil İsmayılov: "Talışınski olanda, elə bilirdik heç də hər şey pis deyil"

"Raufla ünsiyyət səni inandırırdı ki, ən yaxşı şeylər hələ qabaqdadır", BBC Rus Xidmətinin baş redaktoru Famil İsmayılov deyir.

"Ən çətin zamanda bir dost kimi güvənmək olardı. İnsanlar onda Azərbaycan ziyalısının ən yaxşı xüsusiyyətlərini görürdülər və onu izləyirdilər.

Jurnalistlər dizləri üstündə yazmağa hazır idi, çünki kifayət qədər masa yox idi. Məmurlar partiya orqanlarının necə reaksiya verəcəyinə əmin olmasalar da, Azərbaycanda ilk müstəqil qəzetin yaradılmasına icazə verməyə hazır idilər.

"O inanırdı ki, jurnalist təbliğat vasitəsi yox, xəbər fabriki olmalıdır. Onsuz Azərbaycan jurnalistikası daha da kimsəsizləşdi. Talışınski olanda, elə bilirdik heç də hər şey pis deyil. Bu gün hamımız bir az daha pessimistləşdik".

Elçin Şıxlı, ayna.az

Şəklin mənbəyi, AYNA

Şəklin alt yazısı, Elçin Şıxlı, "Ayna" qəzetinin Baş redaktoru

Elçin Şıxlı: "Raufla 4 qat senzuradan keçdiyimiz vaxtlarımız olub"

"Ayna" qəzetinin baş redaktoru Elçin Şıxlı Rauf Talışınski ilə bir neçə gün bundan qabaq görüşüb hal-əhval tutubmuş.

"Onun vəfatı mənim üçün çox ciddi bir sarsıntıdır. Azərbaycan jurnalistikası özünün ən ciddi və barmaqla sayıla biləcək dərəcədə, nadir peşəkarlarından birini itirdi".

"Sovet dövründə "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri idi, Qarabağla bağlı hadisələr zamanı onun verdiyi məlumatları, yazıları kəsib doğrayırdılar, ona görə də müəyyən problemlər yarandı və onun nəticəsində həmin qəzetdən çıxdı", Elçin Şıxlı yada salır.

"Rauf Talışınski Azərbaycanda ilk müstəqil rusdilli qəzetin əsasını qoyan insanlardandır".

"Mən onunla "Azərbaycan komunisti" jurnalında tanış olmuşam və orada işləyirdik. Onun intellektinə, onun yazı qabiliyyətinə, dostluğuna, dünya görüşünə vurğun idim. 1989-cu ildə biz rus dilində həftəlik müstəqil qəzet buraxırdıq.

Yanvar hadisələri olandan sonra qərara gəldik ki, artıq "Azərbaycan kommunisti" kimi bir yerdə işləmək jurnalist üçün çox maraqsız və darıxdırıcıdır və işdən ayrıldıq. Biz ikimiz və daha iki həmkarımız "Zerkalo və Ayna"nın əsasını qoyduq və düz 11 il ərzində Raufla birgə çalışdım".

"Rauf hər gün yeni bir ideya ilə gəlirdi. 11 il ərzində öz işimizi özümüz qurmuşduq. Özümüz qazanırdıq və tam müstəqil idik. 4 qat senzuradan keçdiyimiz vaxtlarımız olub. Çətin vaxtlarımız olub, bir-birimizə həmişə dayaq olmuşuq, sonradan elə gətirdi ki, yaradıcılıq nöqteyi-nəzərindən yollarımızı ayırası olduq", Elçin Şıxlı Rauf Talışınski ilə bağlı xartirələrini bölüşərkən belə deyir.

"Bir şeyi də söyləmək istəyirəm ki, zənnimcə Rauf hələ də öz qələm qabiliyyətindən, yazı qabiliyyətindən kifayət qədər və bəlkə də özünün də ürəyi istədiyi qədər istifadə edə bilmədi. Çox heyif..."

Arif Əliyev, ayna.az, Yeni Nəsil jurnalistlər bilriyi

Şəklin mənbəyi, AYNA

Şəklin alt yazısı, Arif Əliyev, "Yeni Nəsil" Jurnalistlər birliyinin sədri

Arif Əliyev: "O Azərbaycanın ən güclü qələm sahiblərindən idi"

"Yeni Nəsil" Jurnalistlər birliyinin sədri Arif Əliyev deyir ki, o Moskva Dövlət Universitetinin birinci kursunda oxuyanda Rauf Talışinski 5-ci kursda oxuyub.

"O vaxtdan gələcəyi çox ciddi olan bir jurnalist kimi hiss olunurdu və Talışınski ilə bir yerdə işləməsək də, o Azərbaycanın ən güclü qələm sahiblərindən biri idi. Təəssüf ki, o qələmi lazimi qədər, dəyəri olduğu qədər istifadə eliyə bilmədi, amma həqiqətən bizim jurnalistikamızın çox güclü şəxsiyyətlərindən biri idi", Arif Əliyev deyir.

Onun sözlərinə görə, hələ Sovet dövründə Rauf Talışınski Azərbaycan jurnalistikasını Ümumittifaq səviyyəsində təmsil edən şəxslərdən biri olub.

"O İzvestiya kimi nəhəng bir qəzetin Azərbaycan üzrə nümayəndəsi oldu. Sonrakı dövrdə isə bir qrup məsləkdaş, Talişınski idi, Şıxlinski idi bir neçə başqaları da var idi o dairədə. Onlar Azərbaycanın ilk müstəqil kütləvi informasiya vasitələrindən birini yaratdılar və sonradan həmin qəzet - "Zerkalo" Qafqazın ən güclü qəzetinə çevrildi, həm iqtisadi cəhətdən, həm də jurnalistika nümunəsi olaraq".