Növbəti 7 il: Prezident İlham Əliyevdən nə gözlənir?

Şəklin mənbəyi, AZERTAG
İlham Əliyev dünən prezident kimi and içərək 7 illik fəaliyyətinə başlayıb. O, qarşıda 7 illik fəaliyyəti zamanı ciddi islahatlar vəd edib.
"Biznes mühiti yaxşılaşdırılmalıdır", iqtisadçı Azər Mehtiyev BBC Azərbaycancaya İlham Əliyevin 7 illik prezidentliyindən gözləntisini söyləyib.
Keçmiş millət vəkili, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlının əsas gözləntisi Qarabağ münaqişəsinin həlli və qaçqınların torpaqlarına qayıtmasıdır.
Hüquqşünas Fərhad Mehdiyev hesab edir ki, məhkəmələrin müstəqilliyi, tərəfsizliyi təmin edilməlidir.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, İlham Əiliyev nazirlərin əksəriyyətini istefaya göndərməlidir.
İlham Əliyevdən "ciddi islahatlar" vədi
Prezident İlham Əliyev növbəti 7 illik fəaliyyəti üçün "ciddi islahatlar" aparılacağını, "islahatları dərinləşdirəcəyini" vəd edib.
Milli Məclisdə andiçmə mərasimində İlham Əliyev növbəti illərdə də yoxsulluqla, işsizliklə, korrupsiya, rüşvətxorluqla mübarizə aparılacağını bəyan edib.
"Biznesə məmur müdaxiləsi aradan qaldırılsın"
İqtisadçı Azər Mehdiyev BBC Azərbaycanca ilə İlham Əliyevin 7 illik hakimiyyətindən gözləntisini bölüşüb. O, daha çox iqtisadiyyat və biznes mühitinin yaxşılaşdırılmasını gözləyir.
"İnstitusional islahatların aparılması, biznes mühitinin yaxşılaşdırılması xarici investorların ölkəyə cəlb edilməsi arzuolunandır", o deyir.
Cənab Mehdiyev hesab edir ki, ölkədə iqtisadi sferada olan inhisarçılıq aradan qaldırılarsa, xüsusilə məmur sahibkarlığının aradan qaldırılması istiqamətində real addımlar atılarsa, rəqabətli biznes üçün əlverişli şərait yaranar.
"Biznesə məmur müdaxiləsi aradan qaldırılsın. Hətta yoxlamaların dayandırılması belə biznesə məmur müdaxiləsinin qarşısını ala bilmir", Azər Mehdiyev əlavə edir.
Onun sözlərinə görə, rayon icra hakimiyyəti başçıları öz ərazisində olan biznes strukturlarına istədiyi kimi müdaxilə edə bilir. İqtisadçı hesab edir ki, "iqtisadi və siyasi hakimiyyət ayrılmalı, biznes sahəsində mülkiyyət toxunulmazlığından tutmuş məhkəmələrin müstəqilliyinin təminatına qədər islahatlar aparılmalıdır".

"Məhkəmələrin müstəqilliyi, tərəfsizliyi təmin edilsin"
Hüquqşünas Fərhad Mehdiyev deyir ki, hər şeydən əvvəl o, icbari tibbi sığortanın ölkəboyu tətbiqini vacib sayır.
O, xaricdə təhsil proqramının davamını zəruriliyini qeyd edir, bildirir ki, "məhkəmələrin müstəqilliyini, tərəfsizliyini və hüquqa uyğun işləmələrinin" təmin edilməsi üçün də ciddi addımlar atılmasını gözləyir.
"Qaçqınlar torpaqlarına qayıtsınlar"
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliyə doğru hər hansı fəaliyyət gözləmir, deyir ki, "lokal əməliyyatlar Azərbaycana itkilərdən başqa heç bir şey vermir".
Keçmiş millət vəkili Sabir Rüstəmxanlı isə gözləyir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yönümündə ciddi addımlar atılsın, qaçqınlar torpaqlarına qayıtsın.
Cənab Rüstəmxanlı deyir ki, Azərbaycanı "müasir müansibətlər sistemiylə idarə olunan bir dövlətə çevirmək" üçün İlham Əliyevdən yeni komanda gözləyir:
"Köhnə sovet və komunist vərdişlərindən əl çəkməyən adamlar var, onlardan xilas olsun", o deyir.
Sabir Rüstəmxanlının prezidentdən insan haqlarının müdafiəsini və gənclərin işlə təminatını da gözləyir.

"Nazirlərin əksəriyyəti istefaya göndərilməlidir"
Neftçilərin Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı Nazirlər Kabinetində köklü struktur dəyişikliklərinin aparılmasını vacib sayır:
"Nazirlərin əksəriyyəti istefaya göndərilməlidir, yəni ki, nazirlərin nazirliyini dəyişməklə islahat aparmaq olmaz. Korrupsiya və rüşvətlə mübarizə üçün onların istefası vacibdir", o bildirir.
Hüquq müdafiəçisi gözləyir ki, ciddi vergi islahatları aparılsın, əmək qanunvericiliyində dəyişikliklər edilsin.
"İcra hakimiyyətləri elə prezident fəaliyyətə başlayan kimi ləğv olunmalıdır, şəhər bələdiyyələri yaradılmalıdır, onların fəaliyyəti gücləndirilməlidir", - Mirvari Qəhrəmanlı BBC Azərbaycancaya müsahibəsində deyib.

Şəklin mənbəyi, SHİXLİNSKİ.AZ
"...KİV-in dövlət maliyyəsinə ehtiyacı olmasın"
"Normal media mühiti yaradılmalıdır", jurnalist Elçin Şıxlı düşünür.
"Ayna-Zerkolo" qəzetinin baş redaktoru Elçin Şıxlı deyir ki, "azad sözə, jurnalistin həqiqəti söyləməyinə görə həbsə atılmamasını" istəyir: .
"Elə bir şərait olsun ki, KİV-ləri dövlətin maliyyələşdirməsinə ehtiyac olmasın"- Elçin Şıxlı əlavə edir.








