"Deyən yoxdur ki, ay qaçqınlar, siz burada ölmüsünüz, qalmısınız, insan kimi yaşaya bilirsiniz?"
Daş binaya kərpiclə düzəlişlər, təhlükəli elektrik xətləri, dağılmış tualet və hamamlar...
Bu hallar Sumqayıtın 15-ci məhəlləsindəki məcburi köçkünlərin də yaşadığı köhnəlmiş binalarda ümumidir.
Elə sakinlər var ki, yataqxananın mətbəxində məskunlaşıb.
Tikililər yataqxana olduğu üçün burada mətbəx də ümumidir, hamam və tualetlər də.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən deyirlər ki, şəhərdə məskunlaşmış məcburi köçkünlər mərhələli şəkildə köçürüləcək.
Qurum bunun nə zaman olacağını demir.
Sakinlər deyir ki, yataqxana təmir ediləndə istifadə olunan elektrik enerjisinə görə sakinlərdən ödəniş istənilir.
Onların sözlərinə görə, 1000 manatdan artıq pulu ödəyə bilmirlər və buna görə də dəhliz, hamam, tualet və mətbəxdə işıq yanmır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti bu məsələ ilə bağlı sualları cavablandırmayıb.









