Badamdarda sürüşmə: Sakinlər təhlükə altındakı evlərini niyə tərk etmir?
Oktyabrın 12-dən Bakının Badamdar ərazisində baş vermiş sürüşmənin miqyası genişlənməkdə davam edir.
Rəsmi qurumlar ərazidəki 11 ev və iki ictimai iaşə obyektinin "təhlükədə olduğunu", bu səbəbdən də əhaliyə evlərini tərk etməli olduqları barədə xəbərdarlıq ediblər.
Baş nazirin müavini Hacıbala Abutalıbov yerli mediaya müsahibəsində bildirib ki, həmin evlərdə yaşayış yoxdur.
"Həmin 11 evdən 8-də çatlar var. Onların hamısına mayaklar qoyulub. Sakinlər isə evlərdən çıxarılıb".
Oktyabrın 16-da BBC News Azərbaycancaya evlərində heç bir zədə olmadığını, sənədlərinin qaydasında olduğunu, buna görə də evlərindən çıxmayacağını bildirən sakinlər cümə axşamı günü eyni mövzu ilə bağlı danışmaqdan imtina ediblər.
Burada yaşayan əhalinin təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyindən şərh almaq mümkün olmayıb.
Ekologiya Nazirliyinin Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov BBC News Azərbaycancaya sürüşmə ərazisində gərginliyin davam etdiyini, nazirliyin mütəxəssislərinin ərazidə monitorinqlər apardığını bildirib.
Videonu BBC Azərbaycanca müxbirləri Aygül Mehman və Günel Səfərova hazırlayıb.








