Sergey Lavrovdan Elmar Məmmədyarova telefon zəngi: nə danışılıb?

XİN, Rusiya, Azərbaycan, nazilər

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Sergey Lavrovla Elmar Məmmədyarov arasında telefon danışığı olub

Rusiya və Azərbaycanın xarici işlər nazirləri telefon zəngində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsini və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Nazir Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəngi barədə BBC Azərbaycancaya danışan Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, telefon zəngində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Hikmət Hacıyev deyib ki, nazirlər telefon söhbətində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ilə bağlı da müzakirə aparıblar.

BBC Azərbaycancanın bu günlərdə "Edvard Nalbandyanın Moskvaya səfəri ilə Lavrovun cənab Məmmədyarova telefon zəngi arasında əlaqə varmı?" sualının cavabında Hikmət Hacıyev deyib ki, bu, "bilavasitə əlaqəli" ola bilər, yəni "Rusiya üçün Azərbaycan-Ermənistan münasibətləri həmişə müzakirə mövzusudur".

Hikmət Hacıyev əlavə edib ki, Ermənistan rəhbərliyi ölkədə hökm sürən "siyasi böhrana görə ictimai fikri çaşdırmaq üçün qoşunların təmas xəttində gərginlik yaratmaq, təxribatlara yol vermək kimi cəhdlər göstərirlər və guya Azərbaycan şəxsi heyəti və hərbi texnikasını təmas xəttinə cəmləşdirməsi ilə dezinformasiya yayırlar".

XİN sözçüsü onu da bildirib ki, bu telefon zənginin "Ermənistandakı hadisələrdən və bu dezinformasiyalara görə narahatlıqdan" qaynaqlandığını güman etmir, o deyir ki, Azərbaycanla Rusiya arasında müzakirə mövzusunun əhatəsi genişdir və nazirlər tez-tez belə müzakirələr aparırlar.