Rusiya seçkiləri: Qərb Putinin qələbəsini səssiz qarşıladı

Şəklin mənbəyi, Getty Images
Dünya liderləri Vladimir Putini növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik edirlər. O, altı il müddətinə prezident seçilib.
Çin prezidenti Xi Jinping, ölkəsi ilə Rusiya arasındakı münasibətin "tarix boyunca ən yaxşı səviyyədə" olduğunu deyib.
Almaniya kansleri Angela Merkelin də tezliklə cənab Putini təbrik edəcəyi gözlənilsə də, zəhərlənən keçmiş casus məsələsinə görə Britaniya ilə yaşanan gərginlik ərəfəsində Qərbdən hələ heç bir lider bunu etməyib.
Rəsmi nəticələrə əsasən, cənab Putin səslərin 76 faizini toplayıb.
O, baş nazir postu da daxil olmaqla hökumətdə dəyişiklər etməyi düşündüyünü deyib.
1999-cu ildən bəri ya prezident, ya da baş nazir kimi ölkəni idarə edən cənab Putindən əvvəl prezident olan Dmitri Medvedyev 2012-ci ildən baş nazir postundadır.
Əsas müxalifət lideri Aleksey Navalnı isə yarışdan kənarlaşdırılıb.
Dünyanın reaksiyası necə olub?
Cənab Putinə təbrik mesajında Çin prezidenti cənab Xi deyib: "Hazırda Çin-Rusiya hərtərəfli strateji kooperativ partnyorluğu tarix boyunca ən yüksək səviyyədədir. Bu da yeni formalı beynəlxalq münasibət qurmaq üçün nümunədir."
Ən xoş arzularını ifadə edənlər arasında İran, Qazaxıstan, Belarus, Venesuela, Boliviya və Kuba liderlərinin adlarını çəkmək olar.

Lakin hələ ki, qərbli heç bir lider bu barədə fikir bildirməyib. Xanım Merkel-in sözçüsü Steffen Seibert bildirib ki, kansler "tezliklə" Rusiya prezidentinə təbrik teleqramı göndərəcək.
"Biz Rusiya ilə fərqli fikirlərə malikik və Ukrayna və Suriya kimi məsələlər üzrə Rusiyanın siyasətini tənqid edirik," o deyib.
Rusiya ilə Qərb arasındakı gərginlik son həftələr ərzində daha da dərinləşib. Buna səbəb isə keçmiş casus Sergei Skripal ilə qızı Yuliyanın Britaniyada zəhərlənməsi olub. Birləşmiş Krallıq hökuməti Rusiyanı iflicedici maddə ilə hücumda ittiham edir.
Avropa İttifaqı Xarici İşlər nazirlərinin Brüsseldəki görüşünə qatılan Aİ Xarici Siyasəti rəhbəri Federica Mogherini zəhərlənməyə diqqət ayıraraq, onu "qətiyyən qəbuledilməz" adlandırıb.
Londondan çıxarılan 23 Rusiya diplomatına qarşı Moskvadan da eyni cavab gəlib. Britaniyanın Rusiyaya qarşı ittihamını dəstəkləyən ABŞ, 2016-ci il seçkilərinə müdaxilə ittihamına görə bir qrup rusiyalıya qarşı sanksiyalar irəli sürüb.
Seçkidə nə baş verib?
Bir çoxunun əvvəlcədən təxmin etdiyi kimi qələbənin ölçüsü cənab Putinin 64% ilə qalib gəldiyi 2012-ci ildəki qələbəsindən artıq olub. Seçkidə iştirak edənlərin sayı isə 67%-dən artıq olub ki, bu da əvvəlki seçkidəkindən çoxdur.

Moskvadakı mitinqə ünvanlanan nitqində cənab Putin deyib ki, seçicilər "ötən bir neçə il ərzindəki nailiyyətləri görüblər".
Ona ən yaxın rəqib milyoner kommunist Pavel Qrudinin 12%-dən nisbətən az səs toplayıb.
Yarışın digər üzlərindən keçmiş televiziya aparıcısı Kseniya Sobçak 2% və veteran milliyyətçi Vladimir Jirinovski 6%-dən az səs yığıb.
Bəzi ərazilərdə seçki məntəqələri yaxınlığında yerləşən yerli dükanlarda pulsuz və endirimli qida məhsulları təqdim olunub.
Tənqid nə dərəcədə olub?
Seçki məntəqələrindən yayılan video yazılarda Rusiya boyunca bir neçə qəsəbə və şəhərlərdə qanun pozuntuları qeydə alınıb. Bəzi videolarda seçki rəsmilərinin qutuları seçki vərəqləri ilə doldurduğunu də görmək olur.
Cənab Navalnı Kremlinin əməli adlandırdığı mənimsəmə hökmünə görə seçkilərdən uzaqlaşdırılıb.

Şəklin mənbəyi, AFP
Seçkinin nəticəsinə ilk reaksiyası zamanı cənab Navalnı qəzəbinə hakim ola bilmədiyini deyib.
Seçki günündə müstəqil seçki monitorinq qrupu Qolos yüzlərlə qanun pozuntusu haqqında məlumat yayıb.
Lakin Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovaya görə, 2012-ci il ilə müqayisədə pozuntular yarıya enib və heç biri ciddi olmayıb.
Bazar günü baş tutan seçki həm də Rusiyanın Ukraynadan aldığı Krımda keçirilən ilk səsvermə olub. Cənab Putinin qələbə yürüşü ilhaqın ildönümü ilə üst-üstə düşüb.
İlhaq Kiyev tərəfindən kəskin etirazla qarşılanmış və Rusiya ilə Qərb arasında gərginliyə səbəb olmuşdu. Ukraynada yaşayan rusiyalılar isə səs verə bilməyiblər. Çünki Rusiya diplomatik missiyası Kiyev hökuməti tərəfindən bloklanıb.
Növbədə Rusiyanı nə gözləyir?
BBC-nin Moskvada olan müxbiri Sarah Rainsford, Qərb ilə Rusiya arasındakı ani isinmə olacağını düşünmür. Cənab Putinin qələbəsindən sonrakı sözləri bunu deməyə əsas verir.
Qərb hökumətləri daha çox kiber hücumlar və seçkilərə müdaxilələr gözləyirlər. Rusiya daha əvvəllər də bu ittihamlarla günahlandırlıb.
Lakin bəzi analitiklər inanırlar ki, Qərb ilə soyuqluq məhdud bir məsələdir və tez, ya gec Rusiya prezidenti təhsil, ev və səhiyyə xidməti kimi daxili məsələlər ilə məşğul olmağa məcbur qalacaq.
Cənab Putinin üçüncü müddətdən sonra yenidən prezident olub-olmayacağı sualı da müzakirə mövzusudur.
O, konstitusiyaya əsasən, 2024-cü ildə hakimiyyətdən getməlidir, amma müddət məhdudiyyətin qaydalarını dəyişə də bilər.
Lakin o, çox davam etməyə də həvəsli görünmür və bir jurnalistin 2030-cu ilə qədər hakimiyyət qalmaq istəyi ilə bağlı verdiyi suala gülüb.






