FHN: "Alpinistlərin axtarışına əlavə dağ-xilasedicilər, xüsusi təlim keçmiş itlər qoşulub"

alpinist

Şəklin mənbəyi, "Gilavar" klub

Şəklin alt yazısı, İtkin düşən alpinistlərdən hələ ki, xəbər yoxdur

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir, FHN məlumat yayıb.

Qurum bildirir ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.

Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

Bazar ertəsindən əlaqənin kəsildiyi alpinistlərin axtarışı hələ ki, müsbət nəticə verməyib.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Axtarışa könüllü təcrübəli alpinistlər və Xınalıq kəndinin bəzi sakinləri də qoşulub.

Tufandağ

Şəklin mənbəyi, Alamy

Şəklin alt yazısı, Hazırda axtarışa əlavə qüvvələr, o cümlədən, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi cəlb olunub, FHN bildirib

"Onların Rusiya tərəfə keçmələri barədə məlumatı yanlışdır"

"Axtarışlara səhər tezdən başlamışıq", "Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov BBC Azərbaycancaya deyib.

Ancaq o, hələ də itkin düşən alpinistlərdən bir xəbər olmadığını söyləyir.

Tufandağda itkin düşən alpinistlərin axtarışına qoşulan könüllülər

Şəklin mənbəyi, "Cavan" IB

Şəklin alt yazısı, Tufandağda itkin düşən alpinistlərin axtarışına qoşulan könüllülər

Ziya Qasımov əlavə edir ki, sosial şəbəkələrdə itkin gənclərin Rusiya tərəfinə keçəcəkləri ilə bağlı məlumatlar yayılıb: "Bizdə belə bir məlumat yoxdur, yanlış xəbər yayıblar".

Klub rəhbəri əlavə edib ki, onlar köhnə, təzə bütün qar uçqunlarına baxırlar. Ancaq hələ ki, alpinistlərdən xəbər verən bir izə rast gəlməyiblər.