Bakıda doğulmuş Lütfi Zadə vəfat edib

Şəklin mənbəyi, Azərbaycanın Los Angelesdəki konsulluğu/Facebook
Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə vəfat edib, bu barədə Azərbaycanın Los Angelesdəki konsulluğu Facebook səhifəsində məlumat yayıb.
"Biz professor Lütfi Zadənin... vəfatından dərin kədərləndik. Professor, siz hər zaman bizim ürəyimizdə və ağlımızda olacaqsınız", deyə Konsulluq başsağlığı verib.
Riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka araşdırmaçısı və Kaliforniyadakı Berkeley Universitetində kompüter elmi üzrə əməkdar professor Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda doğulub.
O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb.
Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlıdır və Ərdəbildə doğulub, anası Fanya Korenman etnik rus-yəhudidir, Odessada doğulub və İran vətəndaşı olub.
Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb.
1942-ci ildə Tehran Universitetindən məzun olub və bir il sonra ABŞ-a gedib. 1944-cü ildə MİT-ə daxil olub və adını Lütfi Əsgər Zadə kimi dəyişib.
1946-cı ildə isə o, Columbia Universitetinə doktorluq tələbəsi kimi daxil olub. Bu vaxt onun ailəsi artıq New York şəhərinə yerləşmişdi.
O, 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alır və bir il sonra professor yardımçısı kimi çalışır.
Zadə Columbia Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkeley Universitetində dərs deyib.
Onun məhşurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb.
Onun Stella və Norman adlı iki övladı var.




