Neftçalaya köçmüş dərzi: "Bakı cavanlar üçün yaxşıdır"
Neftçala sakinlərinin dediyinə görə rayonda kişilərlə müqayisədə qadınların iş tapması daha asandır.
Kişilər işləmək üçün ya paytaxt Bakıya, ya da Rusiyaya üz tuturlar. Rayonda isə təkcə şəxsi evlərin tikintisi zamanı işə cəlb oluna bilirlər.
Mərkəzdə isə qadınların 30-40 faizi çalışır. Onlar daha çox satıcı, saç ustası, dərzi kimi fəaliyyət göstərə bilirlər.
Gülər Abbasovanın fotoreportajı.

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA
Dünyaxanım Aminova 45 ildir ki dərziliklə məşğul olur.
"Mən 16 yaşımdan bu sənətdəyəm. Elə ilk müştərim üçün də o yaşımda paltar tikib, pul qazanmışam.
Ailə qurandan sonra isə Bakıya köçdüm, qırx il də orada yaşayıb işləmişəm. Yasamalda məni tanımayan yoxdur."- 61 yaşlı Aminova deyir.

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA
Dünyaxanım artıq iki ildir ki, Neftçalaya köçüb və burada işini davam etdirir. Deyir doğma şəhərində işləmək, yaşamaq ona daha asandır.

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA
"Bakı cavanlar, imkanı daha çox olanlar üçün yaxşıdı. Mən həyətdə işləməyi sevirəm, sakit qala bilmirəm.
Neftçalada özümə ev tikdirdim. Geniş həyətim var, tərəvəz əkib becərirəm. Bu mühit mənə daha doğmadır." - əlavə edir.

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA
Dünyaxanımın dediyinə görə bu illər ərzində qazancı ilə ailəsinə çox dəstək olub, övladlarına təhsil verə bilib.

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA
"90-ci illərin müharibəsinə qədər çoxlu müştərilərim olub. Müğənnisi, hərbçisi, vəzifəli adamı - hamısı üçün işləmişəm.
O vaxt 250-300 rus rubl ilə maaş alırdım. 3-5 rublla bazara gedirdik, iki zənbil bazarlıq edib gəlirdik evə.
O pulla bütün xərclərimizi ödəyə bilirdik, hətta övladlarımı da oxutdura bilmişdim. İndi isə ailədə beş nəfər də işləsə çox çətindir. Çünki indi tələbat belədir."

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA
Dünyaxanım deyir qış aylarında bir qədər müştəri qıtlığı olsa da, ümumilikdə atelyesi ziyana işləməyib. Gündəlik xərclərini kiçik sifarişlərin hesabına çıxara bilir.

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA
"Əvvəllər geyim mağazaları olmayanda xanımlar da çox paltar tikdirirdi. İndi isə hər yerdən geyim gətirilir. İndi tələbat da ona görə dəyişib." -Aminova bildirir.

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA
İmkanı mağaza geyimlərini almağa çatmayan şəhər xanımları atelyedə paltar sifariş edirlər. Dərzinin sözlərinə görə ən bahalı geyimləri tikmək 20-30 manat, nadir hallarda 50 manata başa gəlir.

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA






