Azərbaycanda daha iki jurnalist həbs edilib

Şəklin mənbəyi, Türkan Məmməd
Cümə axşamı günü fəal həm də jurnalist fəaliyyəti göstərən Əhməd Məmmədli dörd aylıq həbs olunub.
Onunla eyni gündə, mayın altısında polis tərəfindən saxlanılan jurnalist Ülviyyə Quliyeva da istintaq dövrünün sonuna kimi 1 ay 29 gün müddətində həbs olunub.
Əhməd Məmmədli "Qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə həbs edilib. Ülviyyə Quliyevanın isə Meydan TV işi ilə bağlı saxlandığı bildirilir.
Əhməd Məmmədlinin həyat yoldaşı Türkan Məmməd deyib ki, "Əhmədlə axırıncı yazışmam belə oldu. Klassik ər-arvad söhbəti. Yazıdı ki, yeməyə nə var. Dedim yemək hazırlamışam, gələndə çörək al, sonra zəng elədim zəng çatmadı"
Ailələri BBC-yə polisin onları saxlayarkən onlara qarşı zorakılıq etdiyini deyib. Daxili İşlər Nazirliyindən (DİN) bu barədə şərh almaq mükün olmayıb.
"Mənim Əhməddən naratlığım budur ki, o astma xəstəsidir, gərək açıq məkanda ola, qapalı, tozlu, nəmişlik yerlədə qala bilmir. Heç olmasa ona ev dustaqlığı verələr. Onu şərləyib həbs ediblər, heç olmasa ev dustaqlığına buraxsınlar. Insanların sağlamlğı, həyatı ilə oynamayın", - Türkan Məmməd bildirib.
Jurnalist Ülviyyə Quliyevanın anası İlhamə Quliyeva BBC-yə deyib ki, qızı ona xəbər göndərib ki, o, heç bir cinayət törətməyib, saxlanılması jurnalist fəaliyyətinə görədir.
"Ülviyəyə də zor tətbiq ediblər, başına vurublar. Başına-başına vurublar, onun da başında adinoma şiş var. Əlimdə epikrizləri var", - İlhamə Quliyeva deyib.
İlhamə Quliyeva bildirib ki, qızı neçə aydır şahid kimi dindirilib, ona qanunsuz olaraq, ölkədən çıxmaq qadağası qoyulub.
İlhamə Quliyevanın sözlərinə görə, qızı Ülviyyə "Amerikanın səsində işləyib, sonra da ona stop qoyulub".
"İşsiz qaldı bir müddət. Əgər evindən 6 min Euro çıxıbsa el əgedib 2 sot torpaq alıb ev tiksin, niyə kirayədə qalır?! Eyni ssenari, eyni saxta ittihamlar, bütün qızlara qoyulan ittihamlar. Bəyəm jurnalistikada işləmək cinayətdir?!", - İlhamə Quliyeva bildirib.
BBC səslənən ittihamlarla bağlı Daxili İşlər Nazirliyindən cavab ala bilməyib.
Azərbaycanda 2023-cü ilin dekabrından başalayaraq Meydan TV, Abzas media, Toplum TV kimi medialarda çalışan onlarla jurnalist, ictimai fəal, iqtisadçı, siyasətçi, bloqçu həbs olunub.
Prezident İlham Əliyev media təmsilçilərinin və ictimai fəalların həbsini onların qanunu pozması ilə izah edib.
Videonu YouTube kanalımızda izləyin.










