BBC: Dünya Xidmətinin büdcəsinin azaldılması Moskva və Pekindəki təbliğatçıların xeyrinə işləyir

BBC Dünya Xidməti keçən il Qəzza üçün təcili radio xidmətini istifadəyə verib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, BBC Dünya Xidməti keçən il Qəzza üçün təcili radio xidmətini istifadəyə verib

BBC-nin baş direktoru Tim Davie xəbərdarlıq edib ki, Böyük Britaniya Dünya Xidmətində ixtisarlara görə Rusiya və Çin kimi ölkələrdən "sırf təbliğatın" artmasına qarşı çətinliklə mübarizə aparır.

On il əvvəl Mühafizəkarlar hökuməti Böyük Britaniyadan kənarda yayımlayan BBC Dünya Xidmətinin maliyyələşdirilməsini dayandırb. Əvvəllər xərclərin böyük hissəsi (korporasiyanın özündən fərqli olaraq) Xarici İşlər Nazirliyi tərəfindən ödənilib.

Davie xatırladıb ki, keçən il ixtisarlar nəticəsində BBC ərəb, fars və hindi dillərində radio yayımını dayandırıb.

Cənab Davie bildirib ki, “pisniyyət güclər – açıq desək, Rusiya, Çin və başqaları – demək olar ki, sırf təbliğat yayan KİV-ə böyük sərmayə yatırımlarından bəhrələnirlər”.

BBC baş direktoru bazar ertəsi Londonda keçirilən Future Resilience Forum beynəlxalq konfransı çərçivəsində çıxış edib.

Onun sözlərinə görə, Dünya Xidmətinin yayım kanallarının - xüsusən də Livanda - bağlanması nəticəsində yaranan informasiya boşluğunu fəal şəkildə, hər il 10 milyard dollara qədər vəsait xərcləyən Moskva və Pekin tərəfindən dəstəklənən, Rusiya və Çindən olan dövlət təbliğatçıları doldururlar.

BBC Ərəb Xidmətinin əvvəllər Livanda yayımladığı radio tezliyi indi Rusiyanın dövlət xarici yayımçılarına verilib və onlar ölkə sakinlərinə Kremlin versiyasına tam uyğun xəbərlər təqdim edirlər.

“Əgər BBC [Livanda] öz qərəzsiz yayımını qoruyub saxlaya bilsəydi, ölkə sakinlərinin bu versiya ilə tanış olması daha çətin olardı”, - BBC-nin rəhbəri deyib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Eyni şey İordaniya, İraq, Mavritaniya və Fələstin ərazilərində baş verir.

Bu ölkələrdəki BBC-nin keçmiş tərəfdaşları artıq Çinin “Beynəlxalq radio”su və Rusiyanın “Sputnik”-indən boşalmış radiotezlikləri onlara ötürmək təklifləri alıblar.

"Bu kontekstdə BBC Dünya Xidmətinin maliyyələşdirilməsinin daha da azaldılması bütün dünyada ciddi narahatlıq doğurmalıdır", - Tim Davie əlavə edib.

2014-cü ilə qədər Dünya Xidmətinin işi bütövlüklə Britaniya hökuməti tərəfindən ödənilirdi: bunun üçün hər il Xarici İşlər Nazirliyinin büdcəsində məqsədli qrant nəzərdə tutulurdu.

2014-cü ildən sonra korporasiya BBC-nin dil xidmətlərinin xərclərinin əsas hissəsini öz üzərinə götürdü və bu gün Xarici İşlər Nazirliyindən daxilolmalar Dünya Xidmətinin ümumi büdcəsinin cəmi dörddə birindən bir qədər çoxunu ödəyir (27%).

Eyni zamanda, Dünya Xidmətinin həftəlik auditoriya əhatə dairəsi - televiziya, radio və rəqəmsal yayım nəzərə alınmaqla - hazırda təxminən 320 milyon nəfər təşkil edir.

BBC-nin hökumətdəki mənbələri bildirirlər ki, BBC-nin düşmən dövlətlərlə efir vaxtı uğrunda rəqabət aparmağın zəruriliyi ilə bağlı arqumentləri Xarici İşlər Nazirliyi tərəfindən tam başa düşülür və Xarici İşlər Nazirliyinin rəhbəri David Lammy Dünya Xidməti üçün əlavə maliyyə mənbələri tapmaq niyyətindədir.

"Biz BBC Dünya Xidmətinin dünyada milyonlarla insana ən mühüm, dəqiq və qərəzsiz xəbər və proqramları çatdırmaqda davam etməsi üçün əlimizdən gələni etmək niyyətindəyik", - Britaniya kabinetindəki mənbə BBC jurnalistlərini əmin edib.

Yekun qərar oktyabrın 30-da, növbəti maliyyə ilinin büdcə layihəsi parlament üzvlərinə təqdim edilərkən, elan olunacaq.