Azərbaycan Ombudsmanı Ruben Vardanyanla görüşüb

Şəklin mənbəyi, Azərbaycanın Ombudsman Aparatı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bu həftə Ruben Vardanyanla görüşüb, bu barədə Ombudsman Aparatı cümə günü xəbər yayıb.
Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan sentyabrın 28-də həbs olunub, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirib.
Separatçı "Dağlıq Qarabağ Respublikasının dövlət naziri” olmuş Ruben Vardanyan azı üç maddə ilə ittiham olunur.
Ombudsman Aparatı bildirib ki, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Ruben Vardanyanla "onun saxlandığı təcridxanada görüşüb və fərdi şəkildə onu dinləyib, müraciətlərini yerində cavablandırıb və onun hüquqlarının təmin olunma vəziyyətini monitorinq edib".
Ruben Vardanyan saxlanma şəraitindən "razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir", - Ombudsman Aparatının yaydığı məlumatda deyilir.
Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin "terrorçuluğu maliyyələşdirmə", "qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə" və "Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə" maddələri ilə ittiham olunur, - DTX bildirib.
Qurum əlavə edib ki, "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş "çoxsaylı terrorçuluq cinayətlərinin" araşdırılması ilə bağlı DTX-da ibtidai istintaq aparılır".
Ruben Vardanyanın pul vəsaitlərini "həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirdiyi" bildirilir, məlumatda deyilir.
Ruben Vardanyanın bu ittihamlara münasibəti bəlli deyil.
Rusiyalı iş adamı Ruben Vardanyan " sentyabrın 27-də Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Bakıya gətirilib.
Onun həyat yoldaşı Veronika Zonabend deyib ki, əri Laçın dəhlizindəki keçid məntəqəsində azərbaycanlılar tərəfindən saxlanılıb:
“O, minlərlə digər ermənilərlə Artsaxı tərk edərkən sərhəddə Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib və əsir götürülüb”, - Vardanyanın həyat yoldaşının müraciəti Telegram kanalında yerləşdirilib.
Onun sözlərinə görə, Vardanyan son on ay ərzində respublika sakinləri ilə birlikdə Qarabağda olub.

Şəklin mənbəyi, DTX
"Dua edirəm ki, ərim sağ-salamat azad edilsin və sizdən dəstəyinizi diləyirəm", - Veronika Zonabendin müraciətində deyilir.
Ruben Vardanyan Qarabağa İkinci Qarabağ müharibəsindən sonra gəlmiş və dərhal "dövlət naziri" vəzifəsinə təyin olunmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında Vardanyanın Rusiya tərəfindən Qarabağa "xüsusi gündəliklə" göndərildiyini bildirirdi.
O, həmçinin Azərbaycanın Qarabağdakı ermənilərlə danışıqlara hazır olduğunu, lakin bu danışıqların "Moskvanın göndərdiyi" Vardanyanla olmayacağını bəyan etmişdi.
Ruben Vardayan "dövlət naziri" postunu tutan zaman BBC-nin Hard Talk verilişinə müsahibəsində Qarabağı tərk etməyəcəyini və "öz xalqının yanında" qalacağını demişdi.

Şəklin mənbəyi, Azərtac
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ermənistan Ruben Vardanyanın saxlanılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib.
Bu barədə Sputnik Ermənistan portalının müxbirinə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin mətbuat katibi Hasmik Samvelyan bildirib.
“Erməni tərəfi AİHM-dən müvəqqəti tədbir tətbiq etməyi və Bakıdan Vardanyanın harada və hansı vəziyyətdə olduğu barədə məlumat verməsini tələb edib”, - Samvelyan qeyd edib.
Beynəlxalq Böhran Qrupunun siyasi təhlilçisi Zaur Şiriyev X hesabında yazıb ki, Vardanyana qarşı irəli sürülən ittihamlar çoxunu təəccübləndirməyəcək.
"... onu (Vardanyanı- red.) “Bakının Eichmann”ı adlandırmaq şişirtmə ola bilər. Holocaust cinayətlərində birbaşa iştirak etmiş Eichmann-dan fərqli olaraq, Vardanyan 1990-cı ilərdə törədilən yanlış hərəkətlər etməkdən daha çox “Moskvanın planlarında” və ya rəsmi Bakının təbirincə desək “Moskvadan göndərilən” kukla olmaqda günahlandırılır. 1990 və 2020-ci il müharibələrində baş verən hadisələrlə əlaqəsi olan şəxslərdən fərqli olaraq, Vardanyanın bu cür təsvir edilməsi daxildə hər hansı rezonans yarada bilməz", - Zaur Şiriyev yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X







