İlham Əliyev: "Ermənistanın silahlanması sülhü poza bilər"

İlham Əliyev, Ermənistan, Azərbaycan, sülh, müharibə, siyasət, Nikol Paşinyan

Şəklin mənbəyi, PRESIDENT.AZ

Prezident İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə bağlı təbrik mesajında deyib ki, Ermənistanın silahlanması Azərbaycan üçün "ən narahatedici məqamdır".

O bildirib ki, Ermənistanın silahlanması sülhü poza bilər.

İlham Əliyev Azərbaycanın builki hərbi büdcəsində edilən rekord artımı da, Ermənistanın silahlanması ilə əlaqələndirib.

Rəsmi Bakı 2025-ci ildə hərbi xərclər üçün 8,4 milyard manat ayırıb.

"Biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik", - Əliyev çıxışında deyib.

Ermənistan Baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, ölkəsinin silah alması Ermənistanın suveren hüququdur və bu addım bölgədə hər hansı dövlətə qarşı yönəlməyib.

Videonu YouTube kanalımızda izləyin.