Paşinyandan Azərbaycana təklif var

Şəklin mənbəyi, Ermənistan İctimai Tv
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıya təklif edib ki, Ermənistandakı Avropa İttifaqının müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrindən çıxarılsın.
“Biz Azərbaycana qarşılıqlı təklif etmişik. Demişik: çox yaxşı, gəlin delimitasiya olunmuş ərazilər üzərindən bu tənzimləməni götürək. Çünki obyektiv olaraq, artıq delimitasiya olunmuş sərhəddə müşahidəçilərin olmasına ehtiyac yoxdur”, - Baş nazir bildirib.
Bakı Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədinə müşahidə missiyası yerləşdirməsindən narazıdır.
Ermənistanın İctimai TV-sinə müsahibə verən Nikol Paşinyan deyib ki, keçmiş hadisələrlə bağlı tərəflərin qarşılıqlı şəkildə beynəlxalq iddialardan imtina etməsi mümkündür.
"Əgər biz görsək ki, həqiqətən sülhə nail oluruq, yəni saziş imzalayırıq, güman edirəm ki, belə bir sövdələşməyə getmək olar. Bu, o deməkdir ki, nə onlar bizə qarşı, nə də biz onlara qarşı keçmişdə baş verən hadisələrə görə iddia irəli sürməliyik. Qarşılıqlı surətdə iddialardan imtina etməliyik", - deyə Pashinyan qeyd edib.
Azərbaycan və Ermənstan bir-birini qarşılqlı şəkildə müxtəlif iddialarla beynəlxalq məhkəməyə verib.
Rəsmi Bakı Paşinyanın son təkliflərinə hələ ki, şərh verməyib.
Videoya YouTube kanalımızda baxın.







