ABŞ-ın yeni prezidenti Donald Trump-ın andiçmə mərasimi - video
ABŞ-ın 47-ci Prezidenti Donald Tramp-ın bu gün andiçmə mərasimi keçirildi. Bu səhifədə tədbiri canlı yayımladıq.
Qonaqlar ABŞ Konqresinə toplaşan kimi, inauqurasiya mərasimində açılış nitqlərinə başlanıldı.
Andiçmə mərasimi əslində səhər tezdən başlamışdı. Trump səhər tezdən Vaşinqtonun tarixi kilsəsi olan Lafayette Meydanı, St John kilsəsində ibadət edib, ardınca isə o, Ağ Evdə çay içib.
Donald Trump-ın andiçməsi vitse-prezident JD Vance-ın andiçməsindən sonra başlayıb.
"Amerikanın qızıl dövrü indidən başlayır" - Prezident Donald Trump öz inauqurasiya nitqinin əvvəlində və sonunda belə deyib.
O Amerika Birləşmiş Ştatlarının növbəti dörd il üçün planlarını da açıqlayıb.
Trump deyib ki, ABŞ öz var-dövlətini artıracaq, ərazisini genişləndirəcək və bayrağını Mars da daxil olmaqla yeni üfiqlərə asacaq.
O, Meksika Körfəzinin adını dəyişəcəyini, onu Amerika Körfəzi adlandıracağını deyib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
19 yanvar İsrail – Həmas atəşkəsindən danışan Trump bildirib ki, o, Yaxın Şərqdə sülhyaradıcı və birləşdirici olacaq.
Prezident Trump ölkəyə gəlirlərin xaricdən gələcəyini və bunun üçün Xarici Gəlir Xidməti" qurduğunu söyləyib. Hökumətin effektiv işləməsi üçün də yeni şöbə yaradılacaq.
Trump ABŞ-da bütün senzuranı dayandıran sənəd imzalayacağını deyib.
İqtisadi planlara gəlincə, Trump ölkənin yenidən varlanacağını deyib. O deyib ki, inflyasiyanı, xərcləri, qiymətləri azaltmaq üçün administrasiyası dərhal işə başlayacaq. "Amerika yenidən istehsal edən bir ölkə olacaq" deyən Trump ölkədə neft və qaz üzrə qazma işlərinin sürətlənəcəyini bildirib.
O, "elektrikli avtomobil mandatını" ləğv edəcəyini və Amerikada "görünməmiş sürətlə" avtomobillər inşa ediləcəyini söyləyib.
Onun sözlərinə görə, bu gündən ABŞ hökumətində yalnız kişi və qadın olmaqla, iki cinsinin olması siyasəti olacaq, "dəri rənginə baxmadan ləyaqət qiymətləndiriləcək".
Trump kartelləri "xarici terror təşkilatı" elan edəcək. Həmçinin ABŞ-Meksika sərhədində fövqəladə hal elan ediləcək - sərhədə daha çox ordu və texnika göndəriləcək.
Bütün bunlarla yanaşı, Trump "20 yanvar qurtuluş günüdür" deyib.
-------------------

Andiçmə mərasimində bir çox ABŞ senatorları və Nümayəndələr Palatasının üzvləri, həmçinin administrasiyanın qonaqları da iştirak edib.
Tədbirdə təkcə Trump və Vance-ın ailəsi deyil, prezident Joe Biden və vitse-prezident Kamala Harris-in həyat yoldaşları Jill Biden və Doug Emhoff da iştirakçılar arasında olub.
Builki inauqurasiya mərasimdə keçmiş birinci xanım Michael Obama iştirak etməyib, lakin Barack Obama mərasimi keçmiş prezident George Bush və onun həyat yoldaşı Laura Bush ilə birlikdə izləyib.
Nümayəndələr Palatasının keçmiş spikeri, digər demokrat Nensi Pelosi də iştirak etməyib.
ABŞ mediası xəbər verir ki, mərasimə milyarder texnologiya rəhbərləri Elon Musk, Jeff Bezos və Mark Zuckerberg də qatılıb.
Andiçmə mərasimini təxminən 200 000 insanın izləyəcəyi gözlənilir. Onlar arasında Trump-ı dəstəkləyənlər və etirazçılar da var.
Donald Trump kimdir?
ABŞ-ın növbəti, 47-ci prezidenti Donald Trump-dır.
O, 2024-cü ilin noyabrında keçirilən seçkilərdə Demokratlardan olan rəqibi Kamala Harris-ə qalib gəlib.
ABŞ qanunlarına görə, yeni prezident yanvarın 20-də and içərək Ağ Evə yerləşir.
Respublikaçılar Partiyasından Donald Trump 2017-2021-ci illər arası prezident olub.
Bu, onun üçüncü namizədliyi idi. Trump 2020-ci ildə keçirilmiş seçkidə Joe Bidenə məğlub olmuşdu.











