Donald Trump-ın Ağ Evə qayıdışı dünyaya nə vəd edir?

Şəklin mənbəyi, Reuters
- Müəllif, Tom Bateman
- Vəzifə, BBC, Washington
Donald Trump-ın Ağ Evə qayıdışı ABŞ-ın xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir.
Seçki kampaniyası zamanı Trump “Birinci Amerikadır” prinsiplərinə əsaslanan, çox vaxt konkret təfərrüatları olmayan geniş siyasət vədləri verdi.
Onun qələbəsi paralel böhranların mövcud olduğu uzun illər ərzində Washington-un xarici siyasətə yanaşmasındakı potensial çatışmazlıqlara işarə edir.
Biz onun həm seçki kampaniyası zamanı verdiyi şərhlərindən, həm də 2017-2021-ci il prezidentliyi müddətindəki təcrübəsindən çıxış edərək Trump-ın müxtəlif sahələrə necə yanaşacağını ehtimal edə bilərik.
Burda oxuyun:
Rusiya, Ukrayna və NATO

Şəklin mənbəyi, Getty Images
Kampaniyası müddətində Trump dəfələrlə deyib ki, Rusiya və Ukrayna arasındakı müharibəni “bir günə” dayandıra bilər. Necə? Bunu soruşanda isə o, detallara varmaqdan imtina edirdi.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
May ayında Trampın iki keçmiş milli təhlükəsizlik rəisinin yazdığı məqalədə deyilirdi ki, ABŞ Ukraynaya silah tədarükünü davam etdirməli, lakin şərt qoymalıdır ki, Kiyev Rusiya ilə sülh danışıqlarına başlamalıdır.
Qərb Rusiyanı şirnikləndirmək üçün Ukraynanın NATO-ya daxil olmasını gecikdirəcəyini vəd edə bilər. Keçmiş müşavirlər bildiriblər ki, Ukrayna bütün ərazilərini Rusiya işğalından geri almaq ümidindən əl çəkməməli, lakin hazırkı cəbhə xəttinə əsaslanaraq danışıqlar aparmalıdır.
Trampı Rusiya Prezidenti Vladimir Putinə rəğbət bəsləməkdə ittiham edən Demokrat rəqiblərinin fikrincə, onun bu yanaşması Ukraynanın təslimçiliyi deməkdir və bütün Avropanı təhlükə altına atacaq.
Donald Trump tez-tez deyirdi ki, onun prioriteti müharibəyə son qoymaq və ABŞ resurslarını boşaldılmasının qarşısını almaqdır.
Düzdür, məlum deyil ki, keçmiş müşavirlərin məqaləsi Trump-ın öz fikirlərini nə dərəcədə əks etdirir, çox güman ki, onun alacağı məsləhətlər barədə bizə işarə verə bilər.
Onun “Birinci Amerikadır” yanaşması İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqına qarşı yaradılmış transatlantik – “hamı biri, biri hamı” üçün olan NATO-nin gələcəyi ilə bağlı strateji məsələni əhatə edir.
Hazırda 30-dan çox ölkə bu hərbi ittifaqda birləşir. Trump uzun müddətdir ki, alyansa skeptik yanaşır, Avropanı Amerikanın müdafiə vədindən yayınmaqda günahlandırır.
Onun ABŞ-ı NATO-dan çıxarıb-çıxarmayacağı hələ də müzakirə mövzusu olaraq qalır.
Yaxın Şərq
Ukraynadakı kimi, Trump Qəzzada İsrail-Həmas, Livanda İsrail-Hizbullah müharibələrini sona çatdıracağını nəzərdə tutaraq vəd verib ki, Yaxın Şərqə də “sülh” gətirəcək, ancaq deməyib ki, necə.
O, dəfələrlə bildirib ki, əgər hakimiyyətdə Joe Biden yox, o olsaydı, Həmas qrupu maliyyə dəstəyi aldığı İrana qarşı onun “maksimum təzyiq” siyasətinə görə İsrailə hücum etməzdi.
Görünür, Trump əvvəlki prezidentliyi müddətində ABŞ-ı İranla nüvə sazişindən çıxardığı, İrana qarşı daha böyük sanksiyalar tətbiq etdiyi və onun ən güclü hərbi komandiri, general Qasım Süleymanini öldürməsini izləyən siyasətini yenidən tətbiq etmək istəyəcək.
Ağ Evdə Trump Qüdsü İsrailin paytaxtı adlandıraraq və ABŞ səfirliyini Tel-Əvivdən oraya köçürərək və bununla da xristian yevangelist bazasını – Respublikaçıların əsas seçici qrupunu gücləndirən addımlar atmaqla İsrailyönlü xətt yürütmüşdü.
İsarilin Baş naziri Benjamin Netanyahu Trump-ı “İsrailin Ağ evdə indiyə qədər olan ən yaxşı dostu” adlandırmışdı.
Amma tənqidçilər hesab edirlər ki, onun bu siyasəti regionda qeyri-sabitliyə səbəb olub.
Fələstinlilər Qüds məsələsinə görə Trump administrasiyasını boykot etmişdilər.
Trump İsrail və bəzi müsəlman ölkələri arasında diplomatik əlaqələri normallaşdırmaq üçün vasitəçilik edəndə onlar bir az da təcrid olundular.
“İbrahim razılığı” adlanan bu danışıqlar zamanl İsrailin qarşısında Fələstinin müstəqilliyini tanıması, münaqişənin “iki dövlət həll yolunu” qəbul etməsi şərti qoyulmadı.
Tramp seçki kampaniyası zamanı bir neçə bəyanat verərək Qəzza müharibəsinin bitməsini istədiyini bildirib.
Trump-ın Netanyahu ilə mürəkkəb, bəzən qeyri-funksional münasibəti olub, lakin şübhəsiz ki, ona təzyiq göstərmək qabiliyyətinə malikdir.
Onun Həmas-la əlaqəsi olan aparıcı ərəb ölkələrinin liderləri ilə də güclü əlaqələri var.
Məlum deyil ki, Trump İsrail rəhbərliyinə güclü dəstək verməklə yanaşı, Qəzzada müharibəni necə başa çatdırmağı nəzərdə tutur.
Trampın müttəfiqləri tez-tez onun gözlənilməzliyini diplomatik üstünlük kimi təqdim ediblər, lakin artıq tarixi bir böhranın ortasında olan, son dərəcə çəkişməli və qeyri-sabit Yaxın Şərqdə onun müharibələri necə dayandıracağı aydın deyil.
Trump Həmasın götürdüyü girovların azad edilməsi müqabilində Qəzzada atəşkəs əldə etmək üçün Bayden administrasiyasının başlatdığı, dalana dirənmiş diplomatik prosesi necə həll edəcəyi və ya necə davam edəcəyi ilə bağlı qərar verməli olacaq.
Çin və ticarət
Amerikanın Çinə yanaşması onun xarici siyasətinin ən strateji əhəmiyyətli sahəsidir və qlobal təhlükəsizlik və ticarət üçün ən böyük təsirlərə malikdir.
Trump vəzifədə olarkən Çini “strateji rəqib” adlandırdı və bəzi Çin idxal məhsullarına gömrük rüsumları tətbiq etdi. Pekin də qarşılığında Amerikadan idxal etdiyi mallara rüsumları artırmalı oldu.
Ticarət mübahisəsini azaltmaq üçün cəhdlər edildi, lakin Covid pandemiyası bu ehtimalı aradan qaldırdı və keçmiş Prezident Covid-i "Çin virusu" adlandırdığı üçün münasibətlər daha da pisləşdi.
Bayden administrasiyası Çin siyasətinə daha məsuliyyətli yanaşdığını iddia etsə də, əslində Trump dövründəki bir çox idxal tarifini qüvvədə saxladı.
Trump Çin prezidenti Xi Jinping-i həm “parlaq”, həm də “təhlükəli” və 1,4 milyard insanı “dəmir yumruq”la idarə edən lider adlandırıb.
ABŞ-ın yeni Prezidenti kimi o, çox güman ki, Biden administrasiyasının Çini nəzarət altında saxlamaq üçün digər regional ölkələrlə daha güclü təhlükəsizlik tərəfdaşlığı qurmaq yanaşmasından uzaqlaşacaq.
ABŞ Çinin sonunda onun nəzarəti altına keçəcək separatçı bir əyalət kimi gördüyü Tayvana hərbi yardımını davam etdirir.
Oktyabr ayında Tramp deyib ki, Ağ Evə qayıtsa, Çinin Tayvanı blokadaya almasına mane olmaq üçün hərbi gücdən istifadə etməzdi, çünki prezident Xi onun “dəli olduğunu” bilir və bu baş verərsə, Çin idxalına iflicedici rüsumlar tətbiq edər







